Xaricdən gələn cərrahlara biz də qadağa qoymalıyıq

Bioqrafiyası bəlli olmayan həkimlərin ölkəmizdə biznes fəaliyyətinə əncam çəkilməlidir



Azərbaycana xaricdən gələn həkimlərlə bağlı müvafiq qadağalar qoyulacaq. Milli Məclisin Sosial siyasət komitəsinin qanunvericiliyə təkliflər hazırlayacağını deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, bununla bağlı yeni təkliflərin bu sessiya dövründə parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulur.

O qeyd edib ki, qadağalar xaricdən gələn həkimlərin Azərbaycanda başqa tibbi fəaliyyət növü üzrə işləmələri ilə bağlı olacaq: "Məsələn, İranda stomatoloq olan, Azərbaycana gəlib ginekoloq kimi fəaliyyət göstərir. Bu isə ciddi fəsadlara gətirib çıxarır. Bizim artıq özümüzdə xeyli ixtisaslaşmış həkimlərimiz var və xaricdən gələnlərə ehtiyac görmürük”.

Ekspertlər də xaricdən gələn həkimlərin fəaliyyətinə qadağa qoyulmasına tərəfdardır. Hazırda Azərbaycan səhiyyəsinin keçid dövrü yaşadığını vurğulayan tibb eksperti, professor Adil Qeybullanın sözlərinə görə, səhiyyə sovet dönəmindən müasir dövrə qədəm qoyur: "Müəyyən müddət Azərbaycan səhiyyəsində boşluq yarandı və xarici həkimlər də həmin boşluqdan istifadə etdilər. Etiraf edək ki, həmin həkimlər arasında kifayət qədər tanınan və peşəkarlar da var idi. Amma bioqrafiyası müəmmalı olan həkimlər də Azərbaycan tibb sahəsində çalışırdılar. Bu gün qardaş ölkə olan Türkiyədə həkimlərimiz cərrah kimi fəaliyyət göstərə bilməz. Çünki onlar Türkiyə vətəndaşı deyil. Hər ölkənin öz qayda-qanunu var. Belə bir təcrübənin Azərbaycanda da tətbiq olunmasının müsbət nəticəsi olar. İxtisasına güvəni olmayan xarici həkimlərə biz öz xəstələrimizi necə etibar edə bilərik? Xarici həkimlərin Azərbaycana dəvət olunması yalnız Səhiyyə Nazirliyinin xətti ilə həyata keçirilməlidir. Sümük iliyinin köçürülməsini, beyin və ürək əməliyyatını peşəkar həyata keçirən xarici həkimləri dövlət xətti ilə ölkəyə dəvət etmək olar”.

A.Qeybullanın sözlərinə görə, ayrı-ayrı xarici klinikaların bioqrafiyası bəlli olmayan həkimlərin ölkədə biznes məqsədilə fəaliyyətinə qadağa qoyulmalıdır.

Şəymən