"Xaricə gedib, dini ekstremizmlə məşğul olanlar arta bilər" - Təcili




"Dini ekstremizm Azərbaycanda təhlükəli hala çevrilə bilər".

Bu sözləri Sherg.az-a 60 yaxın azərbaycanlının ölkədən kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etməsi məsələsinə  münasibət bildirərkən kriminalist İlqar Altay deyib. 

O bildirib ki, ölkəmizdə dini ekstremizmin hansı səviyyədə olmasını sosial şəbəkələrdəki ab-havadan, cəmiyyətdə ümumi dəyərləndirmədən də hiss etmək mümkündür:

"Bu mövzuda adi bir məqalə, status paylaşdıqda yazılan şərhlərdən aydın olur ki, dini ekstremizmi nə qədər müdafiəçiləri, tərəfdarları var. Yeni "dindarlar" ki var, onlar həmin təbliğatlarla meydana çıxırlar. Onlar ənənəvi dindarlar deyil. Onların münasibətlərindən, aqressiv hərəkətlərindən, dindara yaraşmayan davranışlarından radikallığı, ekstremizmə münasibəti hiss olunur. O deməkdir ki, dini ekstremistlər Azərbaycanın dindar məkanında həmin fikirləri yarada biliblərsə, deməli onların içərisində xaricə gedib, bu fəaliyyətlərlə məşğul olanlar da arta bilər. Yəni, baza varsa, bu gözləniləndir və qarşısının alınması daha vacibdir”.

İ.Altay bildirib ki, dini ekstremistlər Azərbaycanın bəzi siyasi dairələrinə, hətta müxalif qüvvələrə də nüfuz etməyə başlayıb:

"Dini ekstremizm ölkəmizdə tək dindar kəsimin içərisində yaranan məsələ deyil. Xarici qüvvələrin müxtəlif təriqətlər, məzhəblər üzərindən yönələn təsirləri hesabına yaranır və həmin şəxslər xarici qüvvələrə də qulluq edirlər. Bu da Azərbaycan dövlətçiliyinə, xalqımızın birliyinə böyük təhlükədir. Bu yaxınlarda baş tutan Taleh Bağırzadənin məhkəməsini götürsək, açıq deyə bilərəm ki, onun arxayın çıxışı, sərbəstliyi gizli məqamları açır. Həmin şəxsin tərəfdarlarının kimlər olması da dini ekstremizmin siyasətə, müxalifətə nüfuz etməsindən xəbər verir. Buna görə xüsusi xidmət orqanları güclü qüvvə və vaxt ayırmalıdır ki. bu sahədə ciddi tədbirlər həyata keçirə bilsin. Azərbaycan cəmiyyəti və Kütləvi İnformasiya Vasitələri də boş durmamalıdır. Mediada həmin məsələləri təbliğ etmək əvəzinə, Taleh Bağırzadənin Azərbaycan dövlətçiliyinə, rəhbərliyə qarşı çıxışını pisləyib, araşdırmaları ortaya qoymaq lazımdır. Sözün qısası, dini ekstremizm məsələsində vəziyyət heç də ürəkaçan deyil”.


Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi Firudin Nəbiyev 58 azərbaycanlının ölkədən kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etdiyini bildirib.

Aysel Aslan