Xarici dilli mediamız...

Vüsal Məmmədov: “Xarici dilli media orqanlarının informasiya siyasəti fərqli olmalıdır”
Vüsalə Mahirqızı: “Çox az sayda da ingilis dilli nəşrlər var”

Müşfiq Ələsgərli: "Məxsusi olaraq beynəlxalq məsələlərdən yazan media təmsilçilərimiz əcnəbi dili öyrənməlidirlər”

Aydın Quliyev: "Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır”


(əvvəli ötən sayımızda)

Azərbaycanda demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması və bu sahədə olan bütün maneələrin aradan qaldırılması daim ölkə başçısı İlham Əliyevin diqqət mərkəzində olub. Azad sözün, aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün əlindən gələni edib. Ölkəmizdə ən müasir tələblərə və dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və

qazanılan uğurlar məhz, bu reallığın nəticəsidir. Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. İndiki halda Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizmin və söz azadlığının bariz nümunəsidir. Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, ispan və s. dillərdə qəzet buraxsın.



Çünki qlobal informasiya müharibəsinin gedişində xarici dilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Bu baxımdan, ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində deyil, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu, əslində ölkəmizin doğru istiqamətdə təbliği üçün ən önəmli amillərdəndir, birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 5100-ə yaxın mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet və jurnallar da var. Azərbaycan mediasının problemlərini onlar da yaşayırlar. Xarici dildə nəşr olunan media orqanlarında da söz və mətbuat azadlıqları, fikir plüralizmi qorunmaqdadır.

Bəs görəsən, bu sahədə hansı problemlər mövcuddur və əsas çatışmazlıqlar nələrdir? Əcnəbi dillərdə yayımlanan media orqanlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? İndiyədək hansı uğurlar əldə etmişik?

Azvision.Az saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, xarici dilli media orqanlarının sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki bu, dünyaya Azərbaycan reallıqlarını çatdırmaq üçün lazımdır: "Amma eyni zamanda, xarici dilli media orqanlarının informasiya siyasəti fərqli olmalıdır. Onlar nəzərə almalıdırlar ki, dünyanın qarşısında ölkənin və xalqın imicini formalaşdırırlar. Daxili auditoriya üçün maraqlı və lazımlı olan xəbər beynəlxalq auditoriya üçün maraqsız, lazımsız, hətta ziyanlı ola bilər. Bunu istər rus, istər ingilis, istərsə də digər dillərdə olan saytlarımız nəzərə almalıdır. İkinci tərəfdən, beynəlxalq informasiya müstəvisində əsl Azərbaycan-Ermənistan savaşı gedir. Və xarici dillərlə işləyən bütün jurnalistlərimiz nəzərə almalıdırlar ki, istəsələr də, istəməsələr də bu savaşda döyüşçüdürlər. Döyüşdə isə düşmən tərəfə işləməyin bir adı var”.

"APA-Holding”in direktoru Vüsalə Mahirqızının sözlərinə görə, ölkəmizdəki xarici dilli media orqanlarının fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var: "Bu gün Azərbaycanda fəaliyyət göstərən əcnəbi dilli nəşrlərin əksəriyyəti rus dilindədir. Çox az sayda da ingilis dilli nəşrlər var. Amma biz bununla kifayətlənməməliyik. Azərbaycanda alman, fransız, ispan, ərəb, fars dillərində də mətbuat orqanlarının çap olunmasına nail olmalıyıq. Xüsusən də, həmin nəşrlərin elektron variantı da olmalıdır. Biz hər kəsə öz dilində xitab etməklə, öz həqiqətlərimizi beynəlxalq arenada yaymalıyıq. Biz nəzərə almalıyıq ki, Azərbaycan dili beynəlxalq dillər sırasına daxil deyil. Amma biz faktiki olaraq informasiya müharibəsi şəraitindəyik. İstər-istəməz dünyada baş verən qlobal proseslər bizi buna vadar edir. Odur ki, biz informasiya müharibəsini beynəlxalq dillərdə aparmalıyıq. Bunun üçün də mümkün olduğu qədər xarici dilli nəşrlərin sayını artırmalıyıq. Faktiki olaraq, mövcud müharibədə bizim əsas silahımız xarici dilli media orqanlarıdır. Əgər Azərbaycan bugünkü informasiya müharibəsində az-çox uğur əldə edibsə, burada diplomatlarımızla yanaşı, xarici dilli media qurumlarının kifayət qədər rolu var. Saylarının az olmasına baxmayaraq, bu qurumlar sanballı nümunələr ortaya qoya bilirlər. Deməli, onların sayı hər nə qədər çox olsa, uğurlarımız da bir o qədər çox olar”.

İnternetin sərhədsiz bir məkan olduğunu vurğulayan V.Mahirqızı deyib ki, mətbu nəşrlərlə yanaşı, xarici dilli internet portallarının da sayının artırılmasında maraqlı olmalıyıq: "İnternet media vasitəsilə biz Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi reallıqları bütün dünya ölkələrinə çatdıra bilərik. Təbii ki, biz bütün bunları ana dilimizdə yayımladıqda, onu ancaq dünya azərbaycanlıları oxuya bilir. Amma beynəlxalq dillərdə çap etsək, bütün dünya ölkələri də oxuyacaq”.

"APA-Holdinq”in direktoru onu da deyib ki, xarici dilli media qurumları təkcə siyasi, ictimai hadisələri işıqlandırmaqla kifayətlənməməlidir: "Mədəniyyətimizi, turizmimizi, idmanımızı xarici arenada təbliğ edə biləcək nəşrlərimizə ehtiyac var”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, ingilis və yaxud hansısa xarici dili bilmək hələ yaxşı jurnalist olmaq demək deyil: "Peşəkar jurnalistlərimiz var. Amma onlar xarici dilləri bilmədiklərinə görə, müəyyən problemlərlə rastlaşırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil dövlətdir və xarici siyasətdə kifayət qədər yer tutur. Hər ehtimala qarşı bizim peşəkar jurnalistlərimiz, məxsusi olaraq beynəlxalq məsələlərdən yazan media təmsilçilərimiz əcnəbi dili öyrənməlidirlər. Artıq dövr və zaman bunu tələb edir. Bu tələbi qarşılamaq öhdəliyimizdir. Hər halda Azərbaycanla bağlı beynəlxalq aləmdə kifayət qədər ziddiyyətlər mövcuddur. Azərbaycan diplomatları kimi, ölkə jurnalistləri də rəqib ölkəyə cavab vermək gücündə olan şəxslər olmalıdırlar. İnkişaf etmək lazımdır”.

Təşkilat sədrinin sözlərinə görə, KİV-lər xaricə nümayəndə göndərəndə seçimlərinə diqqət yetirməlidirlər: "Beynəlxalq tədbirlərə dil bacarıqları olan jurnalistləri seçib göndərmək gərəkdir. Bunu nəzərə almaq lazımdır”.

"Jurnalistlər xarici dili necə öyrənməlidirlər” sualına gəlincə, ekspert bunun bir neçə yolunu təklif edib: "Birincisi odur ki, redaksiyalar jurnalistləri öz hesablarına xarici dil kurslarına göndərə bilərlər. İkincisi, jurnalistlərin özü cəhd edib öyrənməlidir. Azərbaycanda müvafiq qiymətə kifayət qədər dil kursları mövcuddur. Üçüncüsü isə müəyyən kampaniyalar mövcuddur. Məsələn, "Kaspi” dil kursu var. Onlar hər il jurnalistlər üçün pulsuz dil kursları təşkil edirlər. Jurnalistlər o kursu kifayət qədər uğurla başa vururlar. Sadəcə, maraq göstərmək lazımdır. Eyni zamanda, redaksiyalar istəsələr ki, işləri uğurla getsin, bu cür problemlərlə üzləşməsinlər, onda həmin sahədə jurnalistlərə köməklik göstərməlidirlər”.

"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da vurğulayıb ki, jurnalistin xarici dil bilməsi mütləqdir: "Amma jurnalist öz ana dilini bilmirsə, hansı xarici dili bilməsindən asılı olmayaraq o, jurnalist deyil. Məncə, hər bir azərbaycanlı jurnalist öz dilinin qrammatikasını normal şəkildə bilməlidir. Ondan sonra xarici dil öyrənə bilərlər. Məsələn, jurnalist xaricə gedib, hansı ölkədən olduğunu ifadə edə bilmirsə, deməli, həmin adamı ora göndərmək olmaz. Düzdü, bizim redaksiyada da həmin problem mövcuddur. Dil məhdudiyyəti var. Peşəkar jurnalistlərimiz var ki, Azərbaycan dilini gözəl bilir, amma xarici dil bilmir. Bəli, dil problemimiz mövcuddur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, peşəkar jurnalist olmaq üçün aparıcı dilləri hökmən öyrənmək lazımdır: "Məsələn, ABŞ və BMT kurslar açır. Dili öyrənmək üçün dövlətin nəsə etməsi vacib deyil. Dili öyrənmək üçün insanın, jurnalistin özündə təpər olmalıdır. Jurnalist verdiyi sualın mənasını anlamalıdır. Açığı deyim, dil problemi məndə də var. Amma mən onun tərəfindəyəm ki, jurnalistlər hökmən aparıcı xarici dilləri bilməlidirlər”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də o fikirdədir ki, Azərbaycanda xarici dilli jurnalistlərin sayı kifayət qədər deyil: "Düzdür, bu gün ölkədə bir neçə xarici dil bilən insanların sayı kifayət qədərdir. Eyni zamanda, jurnalistlərimizin də sayı çoxdur. Amma həm xarici dil bilən, həm də jurnalist sahəsində praktik hazırlığı olan insanların sayı çox azdır. Bu problemin əsasında da köklü təhsil islahatları dayanıb. Cənab Prezidentin redaktorlarla görüşündə də bu məsələ qaldırıldı ki, Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır. Buna çox böyük ehtiyac var”.

A.Quliyevin qənaətincə, mediamızda fəaliyyət göstərən xarici dilli jurnalistlərin böyük əksəriyyəti də qeyri-ixtisas sahibləridir: "Böyük bir qismi başqa sahənin adamıdır, sadəcə olaraq xarici dil bilgisi olduğu üçün jurnalistikaya cəlb olunub. Ona görə də Azərbaycanda xarici dilli və ixtisaslı jurnalist kadrların hazırlanması üçün real addımlar atılmalıdır”.

Baş redaktor diqqətə çatdırıb ki, xarici dilli jurnalistlərin sayının az olması mediamız üçün müəyyən çətinliklər törədir: "Bunlardan biri də mediamızın transmilli fəaliyyət miqyasına çıxmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən də Azərbaycanda xarici dilli jurnalistlərin sayının az olması müəyyən mənada dövlətimiz üçün də səmərəsizdir”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb