Xarici mediaya çıxış imkanlarımız...

Qulu Məhərrəmli: “Televiziyalar müəyyən dərəcədə bu işi apara bilirlər”Vüsalə Mahirqızı: “Xocalı faciəsinin, 20 Yanvar həqiqətlərinin dünya miqyasına çıxarılması üçün Azərbaycan mediasının digər beynəlxalq media qurumları ilə əməkdaşlıq etməsinə ehtiyacı var”
Azər Qaraçənli: "Burada jurnalistləri günahkar saymaq mümkün deyil”

Xanlar Xoca: "Ermənilər Azərbaycanın tarixi yer adları ilə bağlı bütün domenləri demək olar ki, alıb”
(... əvvəli ötən sayımızda)
Sovet dönəmində Azərbaycanda müstəqil informasiya resurslarının mövcud olmaması 20 Yanvar faciəsinin, Xocalı soyqırımının və sonrakı dövrdə xalqımıza qarşı törədilən digər ağır cinayətlərin, işğal faktorlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xeyli çətinləşdirirdi. Azərbaycanın informasiya blokadasına alınması Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ermənilərin törətdikləri qanlı cinayətlərin ört-basdır edilməsilə nəticələnirdi. Həmin dövrdə müxtəlif xəbər kanalları vasitəsilə dövriyyəyə buraxılan informasiyalar isə daha çox qeyri-obyektivliyi ilə diqqəti çəkirdi. Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri idi.
Təəssüflər olsun ki, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan ermənilərin maraqlarından çıxış edən Qərbin və Rusiyanın media nəhənglərinin qarşısında çətin vəziyyətdə qalmışdı. Bir çox hallarda ermənilər özləri törətdikləri vəhşilikləri əks etdirən faktları Qərbdə və Rusiyadakı havadarlarının əli ilə Azərbaycana qarşı yönəldirdi. Azərbaycan jurnalistləri öz qanları bahasına əldə etdikləri informasiyanı, video çəkilişləri yaymaqda belə problemlərlə üzləşirdi. Salatın Əsgərova, Çingiz Mustafayev və sairələri belə jurnalistlərdən idi. Onlar Azərbaycanın informasiya blokadasından çıxarılması üçün dəqiq və obyektiv məlumat toplayarkən erməni gülləsinin qurbanı oldular. Bəs görəsən, bu gün ölkədə vəziyyət necədir? Azərbaycan jurnalistləri ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində hansısa uğurlara imza atıb? İlk növbədə qeyd edək ki, hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir və Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir. Amma bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub. Lakin dünyanın aparıcı KİV-ləri və media qurumları ilə yaxından əlaqə qurmaq vacibdir. Çünki Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Onu da deyək ki, Azərbaycan mətbuatının dünya mediası ilə əlaqələrinin hansı səviyyədə olduğunu araşdırmaq üçün bir sıra media ekspertləri ilə əlaqə saxladıq. Amma Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxış vəziyyəti ilə bağlı media ekspertlərinin fikirləri birmənalı deyil.
20 Yanvar hadisələrinin, Xocalı faciəsinin işıqlandırılmasında daha çox televiziyaların fəaliyyətini ön plana çəkən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyib ki, televiziyalar bir-iki verilişlə öz vəzifələrini yerinə yetirmiş hesab edirlər. Halbuki televiziya, sadəcə bir günlük qan yaddaşını təzələmək kimi, bir kampaniya aparmamalıdır. Bu bir günlük mövzu, məsələ deyil. Azərbaycan həqiqətlərinin ölkə daxilində belə düzgün tanıtdırılması prosesinin lazımlı səviyyədə aparılmamasını vurğulayan professor deyib ki, faciələrimizin dünyaya tanıdılması xüsusi texnologiya tələb edir: "Bu günlərlə bağlı Azərbaycanda bir ənənə formalaşıb. Televiziyalar da istəyirlər bu ritmi tutsun. Bu, faciəvi günlə bağlı müxtəlif məlumatların verilməsi, yaddaşın təzələnməsi və s. istiqamətində televiziyalar işlərini qururlar. Bu baxımdan, hesab edirəm ki, televiziyalar müəyyən dərəcədə bu işi apara bilirlər. Amma bunun dünyaya tanıdılması və bu kimi işlər tam fərqli məsələlərdir. Bu, xüsusi texnologiya tələb edir. Həmçinin bu bir missiya halını almalıdır. Düşünürəm ki, televiziyalar bu məsələyə diqqət yetirməlidirlər. Çox təəssüflər olsun ki, son illər baş verən hadisələrdə bu kimi faciələrdə belə rəqibləri ittiham etmək cəhdləri var.
Halbuki, 20 Yanvar, 26 Fevral günləri bütövlükdə milli faciədir və Azərbaycan tarixinin ən qanlı səhifələridir. Xocalı xüsusi ilə bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Bütün diqqət də bunun üzərində cəmlənməlidir. Hər halda nəticə ondan ibarətdir ki, bu tarixi həqiqəti dünyaya çatdıra bilməmişik. Bu günlərdə Türkiyədə olduğum görüşlərdə bunu daha yaxşı anladım”.
APA-nın baş direktoru Vüsalə Mahirqızı isə deyib ki, Azərbaycan mediası hər il bacardığı qədər bu mövzuya diqqət ayırır. Hətta ötən müddətdə mövzu ətrafında ən çox müzakirəni də məhz, Azərbaycan mətbuatı açır. Onun sözlərinə görə, soyqırımına dair istənilən məsələnin dünya çapına çıxarılması üçün əvvəlcə Azərbaycan mediasının dünya çapına çıxmasına ehtiyac var:
"Axı Azərbaycan mediası dünya arenasına çıxmayıb ki, onun yazdığı hansısa məsələ də dünya miqyasında oxunsun. Bəzən bizim yazdığımız xəbərlərdən CNN, "Reuters”, "Ria Novosti”, o cümlədən digər transmilli agentliklər istifadə edir. Ancaq bu, dünya çapına çıxmaq üçün azdır. Hesab edirəm ki, Xocalı faciəsinin, 20 Yanvar həqiqətlərinin dünya miqyasına çıxarılması üçün Azərbaycan mediasının digər beynəlxalq media qurumları ilə əməkdaşlıq etməsinə ehtiyacı var”.
V.Mahirqızı burada Türkiyə, Fransa, ABŞ, eləcə də Avropanın müxtəlif ölkələrinin tanınmış qurumlarından nümayəndələrin Azərbaycana gəlməsi, faciə şahidlərilə görüşməsi, hadisələri şahidlərin dilindən eşitməsi və geri qayıdıb bu barədə yazmasına da ehtiyac olduğunu deyib. Baş direktorun fikrincə, dünyanın da həmin məsələyə maraqlı olub-olmadığı, o barədə yazmağa maraq göstərməsi vacibdir: "Hesab edirəm ki, Azərbaycan mediası bu istiqamətdə bacardığı nə varsa, edir. Ümumiyyətlə, bəzilərinin ağzına düşüb və söz tapmayan kimi tez-tez deyirlər ki, Azərbaycan mediası yalnız fevralda bu məsələyə diqqət ayırır. Mən bunun əleyhinəyəm. Çünki biz ilin 12 ayında faciələrimizdən yazırıq. Hər faciəmizdən yazanda Xocalı faciəsi onların başında gəlir. Ancaq bu da bir reallıqdır ki, bizim düşündüyümüz, etdiklərimiz yetərli deyil, çünki dediyim kimi, bizim dünya miqyasına hələ çıxmağımız yetərli həddə deyil”. Vüsalə Mahirqızı hesab edir ki, müasir dünyanın standartları və texnikalarını da nəzərə alaraq hadisələri daha ağıllı formada, şahidlərin dili ilə vermək, reportaj hazırlamaqla biz faciəni daha yaxşı işıqlandıra bilərik: "Eyni zamanda, bununla bağlı dünyanın müxtəlif ölkələrində diaspor qurumlarımızın, gənclər təşkilatlarımızın fəaliyyəti əhəmiyyət kəsb edir”. Tanınmış jurnalist Azər Qaraçənlinin isə fikrincə, belə məsələlərin beynəlxalq aləmdə, xarici ölkələrdə tanıdılması jurnalistlərdən çox dövlət qurumlarının, diaspor təşkilatlarının üzərinə düşür və bu işi onlar daha yaxşı həyata keçirə bilərlər. Həmkarımız bildirib ki, Azərbaycan jurnalistlərinin bu istiqamətdə ölkə daxilində hazırladıqları çoxlu araşdırmalar, reportajlar, məqalələri var ki, onların vasitəsilə Xocalı soyqırımını dünyada tanıtmaq üçün yenə də dövlət qurumlarının yardımları lazımdır: "Hansısa jurnalistin yaxşı araşdırması varsa, bu xarici dillərə tərcümə edilib, müxtəlif ölkələrdə yayılmalı, lazım gələrsə, o ölkələrin dövlət qurumlarına təqdim olunmalı, hansısa xarici mətbuatda onun çapı üçün iş aparılmalıdır. Bunu Azərbaycan dövləti səfirliklər vasitəsilə həyata keçirə bilər. Azərbaycan jurnalistləri əsasən, ölkə daxilində fəaliyyət göstərirlər. Yəni jurnalistin missiyası Azərbaycan haqqında yazıb xaricdə çap etdirmək yox, xaric haqqında, eyni zamanda Azərbaycan haqqında yazıb Azərbaycanda çap etdirməkdir. Bəli, Xocalı soyqırımı dünyada lazımınca tanınmayıb, Azərbaycan həqiqətləri yetəri qədər təbliğ olunmayıb, amma burada jurnalistləri günahkar saymaq mümkün deyil. Burada jurnalistlərin hər hansı qüsura yol verdiyini də düşünmürəm. Onu deyə bilərəm ki, son vaxtlar bu istiqamətdə işlər intensivləşib, yəqin nəticəsi olacaq”. Peşəsindən, işlədiyi sahədən asılı olmayaraq Xocalı faciəsinin hər bir azərbaycanlı üçün dəhşətli, silinməz, unudulmaz bir ağrı olduğunu deyən A.Qaraçənli qeyd edib ki, jurnalistlər bu məsələni tək ildönümlərdə yox, eyni zamanda başqa günlərdə də gündəmdə saxlamalı, işıqlandırmalı, bu barədə öz ağrılarını ifadə etməkdən çəkinməməlidirlər: "Mən Xocalı soyqırımı ilə bağlı vətəndaş missiyasını, jurnalist missiyasından daha üstün bilirəm və jurnalist də burada insan, vətəndaş kimi bu ağrıları daşımalı və ifadə etməlidir”. Müasir dövrdə əsas müharibənin informasiya müharibəsi olduğunu vurğulayan Yenilik.az saytının baş redaktoru Xanlar Xocanın sözlərinə görə, son illərdə xalqımızın başına gətirilən faciələrin dünyaya yayılması, tanıdılması istiqamətində mühüm işlər görülür: "Xüsusilə, Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər görülüb, Xocalı soyqırımı bir çox ölkələrdə tanıdılıb. Lakin medianın da üzərinə böyük məsuliyyət düşür. Biz çox vaxt elə özümüz yığışırıq, faciələrimizdən danışıb dağılışırıq. Lakin ölkəmizdə onsuz da faciələrimizi hamı yaxşı bilir, biz indi xarici dillərdə informasiya resurslarının yaradılmasına diqqət ayırmalıyıq. Ermənilər Azərbaycanın tarixi yer adları ilə bağlı bütün domenləri demək olar ki, alıb, həmin domenlərdə bizim əleyhimizə informasiya yaymaqla məşğuldurlar. Bunu erməni dövləti etmir, erməni iş adamları, vətəndaşlar öz təşəbbüsləri ilə edirlər”. Bir çox iş adamlarının bu sahəyə diqqət göstərmədiyini təəssüflə vurğulayan baş redaktor deyib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz: "Dövlət QHT-lərə Dövlət Dəstəyi Şurası, Mətbuat Şurası, KİVDF vasitəsilə müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyir və əlindən gələni edir ki, ölkə daxilində və xaricində Azərbaycan həqiqətlərini dünyaya yaysın. Ancaq hər bir iş adamı, vətəndaş da, media qurumu da bu işdə öz töhfəsini verməlidir. Azərbaycanda erməni, rus və ingilis dillərində nəşrlərin, saytların sayı artmalı, hətta 24 saat efirdə olan erməni dilində telekanalımız fəaliyyətə başlamalıdır ki, Ermənistanın sadə vətəndaşları da izləsin, Azərbaycanın inkişafını görsünlər və bilsinlər ki, müharibə baş versə itirən onlar olacaqlar”.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb