Xarici ölkələrdə irad tuturdular

Sürücülük vəsiqələrinin məzmununa edilən dəyişiklik bu problemi aradan qaldıracaq



Nazirlər Kabineti nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edib.
Baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.

Sürücülük vəsiqələri "A”, "B” və "C” kateqoriyaları, "B1” və "C1” altkateqoriyaları üzrə - 18 yaşdan, "BE” kateqoriyası və "C1E” altkateqoriyası üzrə - 19 yaşdan, "CE” kateqoriyası üzrə - 21 yaşdan; "D” kateqoriyası, tramvaylar, trolleybuslar və "D1” altkateqoriyası üzrə - 23 yaşdan, "D1E” altkateqoriyası üzrə - 25 yaşdan veriləcək.

Sözügedən dəyişiklikləri şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək qərarda o qədər də ciddi dəyişikliklər nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu qərar prosesdə texniki xarakterli dəyişikliklər edəcək:

 "Əsas məqsəd Azərbaycanda sürücülük vəsiqələri və onların verilməsi qaydalarını, sürücülük vəsiqələrinin məzmununu Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır. Həmin dəyişikliklər 2004-cü ildə olmuşdu və 2011-ci ildə qüvvəyə minmişdi. Bu ilin əvvəlində Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edildi. Nazirlər Kabinetinin qərarı da indi həmin qanuna uyğunlaşdırılır. Qərara görə, gələn il yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanacaq. Yeniliklərdən biri odur ki, həmin vəsiqələrdə altkateqoriyalar olacaq".

Ekspertin fikrincə, yeni qaydalara görə, sürücülük vəsiqələrinin məzmununda dəyişiklik olacaq: 

"Azərbaycanda verilən sürücülük vəsiqələrində hərflərlə bağlı texniki problem var idi. Kateqoriya hərfləri arasında latın hərfləri olmayan hərflər var idi. Buna isə bəzi dövlətlərdə irad tutulurdu".
Ə.Hüseynovun fikrincə, sürücülük vəsiqələrində altkateqoriyaların tətbiqində də xüsusi yenilik yoxdur: "Dəyişikliyə görə, sürücü əgər avtobus idarə etmək istəyirsə, birdəfəlik "D" kateqoriyalı sürücülük vəsiqəsi ala bilər və ya "D1" kateqoriyası alıb kiçiktutumlu avtobus sürə bilər. 

Digər yenilik isə sürücülük vəsiqəsinə əlavə edilən "B1" kateqoriyası ilə kvadrosikl nəqliyyat vasitəsini idarə etmək hüququdur. Bu vaxta qədər bu nəqliyyat vasitəsini idarə etmək üçün bizdə heç bir kateqoriya, heç bir anlayış yox idi. Amma indi həmin nəqliyyat vasitəsini idarə etmək üçün sürücünün "B1" kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Bu vaxta qədər kvadrosiklların idarə edilməsi ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulmamışdı. "B" kateqoriyası olan sürücü də kvadrosiklları idarə edə bilər".

Ekspert bildirib ki, yeni qərar köhnə sürücülük vəsiqələrinin qüvvədən düşməsi və ya etibarsız sayılması demək deyil: 

"Köhnə vəsiqələr olduğu kimi qüvvədə qalacaq. Amma kimsə istəsə, gələn ildən sürücülük vəsiqəsini dəyişib yeni vəsiqə ala bilər. Yaxud əgər kiminsə sürücülük vəsiqəsinin vaxtı bitirsə, dəyişəndə yeni sürücülük vəsiqəsi ala biləcək. Buna görə sürücülərin yenidən imtahan verməsi lazım deyil. Həmçinin altkateqoriyalara görə imtahan verməyə ehtiyac yoxdur. Yəni məsələn, "B" kateqoriyalı vəsiqəyə malik şəxslər "B1" altkateqoriyalı sürücülük vəsiqəsi əldə etmək üçün imtahan verməyəcəklər".

Şəymən