“Xəstəliyimi qohumlarıma da deməmişdim”

Kəmalə Müzəffər: “Həkimin məsləhəti ilə göz qapağımdan dəri götürülərək yanağıma köçürüldü”“Çəkiliş zamanı operatordan xahiş edirdim ki, üzümü bu hissədən çox yaxın göstərmə, yəni üzümdəki çapıq görünməsin”
"Kim deyir ki, sənət qurban tələb edir, ikisini bir arada daşımaq olmur, yalandı. Ailəni də qorumaq olur, sənəti də”
Səhnədə olmaq böyük cəsarət və istedad tələb edir. Hələ ki, səhnədəki qadındısa... Deməli, onun daha böyük gücü, cəsarəti olmalıdı ki, səhnədə olmağa davam gətirsin. Bəziləri üçün isə sənət qurban tələb edir. Hərçənd bugünkü qonağımız heç də bu fikirlə razılaşmır. Bir qadın əgər istəsə, ailəsini də qoruya bilər, səhnədə də uğur əldə edə bilər. Yetər ki, onun istəyi olsun.
"Şərq”in qonağı olan Əməkdar artist Kəmalə Müzəffərin istər aktrisa kimi, istərsə də qadın olaraq maraqlı fikirləri yadımızda qaldı. Aktrisanın həyata baxışı yəqin elə sizlər üçün də maraqlı olar. Yeri gəlmişkən, qonağımız xərçəng xəstəliyindən əziyyət çəkir.
- Xoş gördük, Kəmalə xanım. Əməliyyat keçirmisiz, indi özünüzü necə hiss edirsiz?
- Əslində mən bir müddətdi əməliyyat olmuşam. Jurnalistlər bundan gec xəbərdar olublar, gec yazıblar. Xəstəliyimlə bağlı qohumlarıma da heç nə deməmişdim. İnanın ki, qohumlarımdan da gizlətmişdim. İstəmirdim bu barədə deyilsin. Amma nəsə jurnalistlər bilib yazdılar. Əməliyyat olmuşam. İnşallah, 3 aydan sonra bilinəcək ki, dəyişiklik var, ya yox, yenidən xəstəlik qayıda bilər, ya birdəfəlik dəri xərçəngindən qurtuldum. 10 il idi ki, yanağımda bu xəstəlik var idi. Bir neçə dəfə kəsdirmişəm də. Ancaq heç vaxt həkimlər bunun dəri xərçəngi olduğunu deməmişdilər. Əvvəl əməliyyat olunanda elə bilirdik ki, sadəcə bir çapıqdı. Əməliyyat olunurdum. Hətta izi də hiss olunurdu. Amma bu il bildim ki, dəri xərçəngindən əziyyət çəkirəm. "Medikal Plaza” klinikasınını rəhbərliyinə də, həkimlərə də təşəkkür edirəm. Onlar məni əməliyyat etdilər. İndi şükür yaxşıyam.
- Sənət aləmində, səhnədə olan xanımın üzündə qüsurun olması yəqin ki, problem yaradır.
- Təbii ki, aktrisanın üzündə qüsur olanda, bu, çətinlik yaradır. Çəkiliş zamanı operatordan xahiş edirdim ki, üzümü bu hissədən çox yaxın göstərmə, yəni üzümdəki çapıq görünür deyə bu da xoş olmur. Yəni sənət aləmində olan xanımın üzündə qüsuru olması təbii ki, istənilən halda çətinlik yaradır.
- Üzünüzdəki dəri xərçəngi əməliyyatından sonra plastik əməliyyat etmək barədə düşünürsüz?
- Məsələ bundadır ki, "Medikal Plaza” klinikasında məni əməliyyat edən həkim eyni zamanda plastik cərrahdır. Ona görə də mənim üzümdə paralel olaraq həm də plastik əməliyyat aparıldı ki, çapıq hiss olunmasın. Həkimin məsləhəti ilə göz qapağımdan dəri götürülərək yanağıma təmiz öz dərim köçürüldü. Göz üstü qapağımda müəyyən mənada qırışlar, sallanma yaranmışdı, həm o problem aradan qaldırıldı, həm də təbii dəri ilə yanağıma köçürüldü.
- Sənət aləmində olan xanımın eyni vaxtda ailəsini qoruması çətin olur. Deyirlər ki, sənət qurban tələb edir. Həm ailəni, həm də sənətinizi eyni vaxtda necə idarə edə bilirsiz?
- Mən xaraktercə güclü qadınam. Durum deyim ki, çətinliyim olub, yalan olar. Hər bir işləyən qadın kimi ola bilər hərdən yemək bişirməyə vaxt çatdırmamışam, ya nəsə evdəkilərin köynəyini vaxtında ütüləyə bilməmişəm. Amma belə böyük mənada problemlərim olmayıb. Hamıda çətinlik olur. Niyə olmayıb çətinliyim? Çünki mən çətinlikləri aşa bilən, çətinlik yaratmayan insanam. Kim deyir ki, sənət qurban tələb edir, ikisini bir arada daşımaq olmur, yalandı. Ailəni da qorumaq olur, işini də görə bilirsən. Həkim xanımlarımız var, ailələrini də idarə edir, işini də görür. Bizim sahədə də bu mümkündü. Əgər sən istəsən, çatdırmaq olar. O necə olur ki, həkim, tibb bacısı, hakim qadın olaraq həm ailəsini idarə edir, həm də işləyir, amma səhnədə olan bunu bacarmır? Yalandı. Sadəcə bunu istəməyənlər var ki, sənəti bəhanə edir. Ailəsini qorumaq istəyən bunu bacarar.
- Sənəti qəbul etməyənlər var bəlkə. Yəni həyat yoldaşının sənətdə olmasını qəbul etməyən kişilər var deyə, bəlkə çətin olur?
- Onda bir sual ünvanlayım da. Alanda bilmirdi kimi alır? Mənimlə ailə quran insan bilir ki, səhnədə, sənətdə olan xanımı alır. Bunu ilk gündən danışırsan, ya hə cavabı alırsan, ya yox.
- Həyat yoldaşınız sizə heç vaxt məhdudiyyət qoymayıb? Yəni heç vaxt qısqanclığı olmayıb?
- Böyük mənada yadıma gəlmir ki, ailəmizdə qısqanclıq üstündə söz-söhbət olsun. O, kiminlə ailə qurduğunu bilir, uşaqların qabağında qısqanclıq üstündə söz-söhbət etmək nə dərəcədə düz olar? Ayıb olmaz? Həyat yoldaşım İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Hazırda o sahədə çalışmır, amma mənim sənətdə olmağımı qəbul edib ki, ailə qurmuşuq.
- Bəlkə həyat yoldaşınız elə bu sahəyə yaxın olduğu üçün incəsənət aləmində olan insanı qəbul etməyə çətinlik çəkməyib? Başqa sahədə olsaydı, bəlkə probleminiz olardı?
- Təbii ki, bu məqam da özünü göstərir. Bəli, ola bilər ki, sənət aləminə bağlı insan olduğu üçün məni daha yaxşı başa düşür, dəstək olur. Amma insan ailə quranda əvvəlcədən bir şərt kəsir, bilir də kimi alır. Ona görə də mənim həyatımda bu kimi çətinliklərim olmayıb.
- Çəkildiyiniz serialları bir yerdə izləyəndə heç qısqandığını hiss etmisiz?
- Düzünü desəm, biz heç vaxt bir yerdə çəkildiyim serialları izləməmişik. Amma bilirəm ki, işdə olanda internet vasitəsilə bəzi vaxtlar çəkildiyim serialları izləyib. Çünki evə gələndə bəzən bu barədə müzakirələrimiz olur, məsləhətlər verir. Amma mübahisəmiz və ya qısqanclıq olmayıb. Nəyimi qısqanacaq? Məni tanıyır. Bütün günü iş, çəkiliş yoxdusa, evdəyəm, ailəmin xanımıyam. Bax, elə bu gün vaxtım olan kimi kələm şorabası qoymuşam, yemək bişirmişəm. Qadın istəsə, evində xoşagəlməz söhbətlər yaranmaz.
- Yəni deyirsiz ki, qadın istəməsə, qısqanclıq yaratmaz?
- Bəli. Bəzən qadınlar ya ağılsızlıqdan, ya bilərəkdən qısqandırırlar kişini. Mən bunun şahidi olmuşam. Bəzən xanımlar ya heç nədən söz-söhbətə səbəb yaradırlar, ya da qadın eqosu güc gəlir, yalandan həyat yoldaşını qısqandırmağa çalışırlar.
- Maraqlıdır, çoxları üçün çətin görünən bu sahədə necə rahat ola bilmisiz?
- Həyatda çətin heç bir şey yoxdur. Mən hesab edirəm ki, özümüz həyatımızı çətinliklərə salmasaq, həyatda çətinlik də olmaz. Sənətin çətinliyinə gəlincə, şəxsən mən heç bir çətinliklərlə qarşılaşmamışam. O insanlar əgər fikirləşirlər ki, bu sənət çətindir, düşünürəm ki, onlar lazım olduğundan artığını istəyirlər. Əgər seçdiyin peşənin peşəkarısansa, o zaman heç bir şey çətin ola bilməz. Buna görə mən sənətimlə birgə ailə xoşbəxtliyimi də qorudum və özümü tam olaraq hər ikisinə həsr etməyi bacardım. Sizi inandırım ki, bu günə qədər nə ailəmdə, nə də sənətimdə heç bir çətinliyin qarşısında aciz qalmamışam.
- Peşənin öhdəsindən məharətlə gəlmək peşəkarlıqdan xəbər verir...
- Mən özümə peşəkar demirəm, sadəcə olaraq, mənə həvalə edilən rolların öhdəsindən gəlməyi bacarıram.
- Həm kino, həm də teatr aktrisası kimi tamaşaçıların diqqətində olmusuz. Özünüzdən əvvəl sənətdə olmuş hansı aktrisanı örnək olaraq gördüz, onun davamçısı olmağı düşündüz?
- Kiminsə yoluyla getməyi heç düşünmədim, bu səbəbdən özümdən əvvəlkilərin işini örnək götürmədim. Ümumiyyətlə, aktrisa olmaq fikrim olmayıb. Bütün ailələrdə olduğu kimi, mənim də atam tərəfindən müəyyən qadağalar vardı. Mənim arzum hüquqşünas olmaq idi. Hüquq fakültəsinə hazırlaşırdım və atam da bu arzumu dəstəkləyirdi. Orta məktəbin sonuncu sinfində oxuduğum vaxt 26-lar adına Mədəniyyət Evinin uşaq dram dərnəyinə gedirdim. Bu, artıq mənim hobbimə çevrilmişdi. Dərnəyə gedənə qədər isə qarmon, baraban, piano ifaçılığı ilə yaxından maraqlandım. Dərziliyə də həvəsim vardı. Axı əvvəllər orta məktəb siniflərinin maraq dairəsi çox geniş olurdu... Ancaq dərnəyə getdikdən sonra günlərin birində evdə zarafatla dedim ki, mən aktrisa olacam. Bunu eşidən atam mənə qadağa qoydu. Məhz həmin qadağa mənim aktrisa olmağıma geniş şərait yaratdı.
- Həyatda təsadüfi heç nə olmur. Aktrisa olmaq elə qismətinizdə var imiş...
- Ola bilər. Aktrisa olmağıma peşman deyiləm və əgər yenidən dünyaya gəlsəydim, yenə aktrisa olardım.
- Teatr aktyoru ilə kino aktyorunu fərqləndirən cəhətlər yəqin ki var?
- Var. Mütləq var. Mən həmişə demişəm ki, filmə çəkilən aktyor xoşbəxtdir. Çünki film hər zaman qalır, hər zaman izlənilir. Dünya kinosunun aktyorlarını tanımayan yoxdur, ən azı ona görə ki, dünya ölkələrinin çəkdiyi filmlərə baxır və film vasitəsilə başqa ölkələrin adət-ənənələri ilə tanış olmaqla yanaşı, eyni zamanda aktyorları ilə də yaxından tanış oluruq. Ancaq dünya ölkələrinin teatr aktyorlarını hər birimiz tanımırıq, sadəcə, onları teatrla yaxından maraqlanan tamaşaçılar tanıya bilər. Müqayisəyə gəlincə, teatr aktyoru ilə kino aktyoru arasında fərq həm var, həm də yoxdur. Mən kinonu sevirəm. Doğuşun əzabını bir dəfə yaşayırsan, ancaq teatrda dəfələrlə əzab yaşayırsan. Misal olaraq, Milli Dram Teatrının səhnəsində Mehriban Ələkbərzadənin quruluşunda hazırlanan "Qatarın altına atılan qadın” tamaşasını göstərmək istərdim. Bu tamaşada mən hər dəfə əziyyətli məqamlarla üz-üzə qalıram. Ancaq film olaraq çəkilsəydi, bu əzabı sadəcə bir dəfə yaşayacaqdım. Digər zamanlarda isə sadəcə ekrandan seyr edəcəkdim. Mənim oyun tərzimdə, düşüncə tərzimdə heç nə dəyişmir. Bildiyim tək bir şey var, kinoda etdiyin səhvi heç bir zaman düzəldə bilməzsən, ancaq teatrda etdiyin səhvi hər dəfə dəyişmək imkanı var. 7 il öncə iştirak etdiyim "Pəri Cadu” tamaşasında indiyədək də düzəlişlər edirəm. Deməli, tamaşa 7 ildir teatrın repertuarında var və hər dəfə səhnəyə bu tamaşa ilə çıxarkən yeni əlavələr edirəm və bu nə qədər davam edəcək, məlum deyil. Eləcə də iştirak etdiyim digər tamaşalar. Ancaq kinoda bir dəfə oynadın və bununla da hər şey bitdi. Filmə çəkilərkən o qədər peşəkar olmalısan ki, sadəcə bir dəfə lentə alınan o məqamda sonra səhv tutmayasan.
- Siz həm də tamaşaçısız. Özünüzün tamaşaçısı olmağı bacarırsız?
- Mən özüm də bir tamaşaçıyam, hətta çox tələbkar tamaşaçıyam. Tamaşaçıların fikri ilə yanaşı, mənim öz sözüm də mənim üçün kifayət qədər önəmlidir. Hələ məşq prosesində iştirak etdiyim tamaşaları telefon vasitəsilə də olsa lentə aldıraraq roluma diqqətlə baxıram. Bilmək istəyirəm ki, rola yanaşmam necədir, nəyi necə etmək lazımdır və s. kimi suallarıma məhz lent vasitəsilə də olsa cavab tapıram.
- Milli Dram Teatrı Azərbaycan teatrlarının məbədgahıdır və siz bir çox sənət adamlarının həsrətlə təklif gözlədiyi bu məbədgahda səhnəyə çıxmısız...
- Bəli, Azərbaycan teatrının tacı sayılır Akademik Milli Dram Teatrı. Hər bir aktrisanın arzusudu yəqin bu teatrın səhnəsinə çıxmaq. "Qatarın altına atılan qadın” tamaşasından öncə Mehriban Ələkbərzadə ilə onun quruluşunda çəkilən "Məhkumlar” filmində çalışmışdım. Bu baxımdan rejissorun iş prinsipinə kifayət qədər bələd idim. Milli Teatra dəvət aldığım zaman fikirləşmədim ki, məni çox çətin bir məqam gözləyir. Sadəcə, bildiyim odur ki, mən etdiyim işin arxasında durmağı bacarıram. Geriyə qayıtmağı sevmirəm, işi mükəmməl görməyə üstünlük verirəm. Əgər yaxşı alınmazsa, o zaman da peşman olmaram. Bütün bunlar mənim xarakterimə aiddir.
Mehriban xanım məni tamaşasına dəvət etdiyi zaman əvvəlcə əsəri oxudum, hiss etdim ki, qəhrəman mənim içimdə var və mənə zəng edən rejissora həmin an dedim ki, məşqlərə gəlirəm. Tamaşaya qatıldım. Kollektivin mənə olan münasibətini yüksək qiymətləndirirəm və yenidən Milli Dram Teatrının tamaşalarına dəvət alsam, böyük məmnuniyyətlə qəbul edərəm.
- Sizi tam olaraq göstərən rolunuz necə, varmı? Tutaq ki, sizin üzərinizə hər hansı bir ssenari yazılsın...
- Əslində, elə rollarım var ki, onlar sanki məni anlatsa da, sırf mənim üçün yazılan bir ssenari olmayıb. Ancaq bir məqamı da diqqətinizə çatdırım ki, əsl Kəmaləni heç kim görmür. İçimdə fərqli bir Kəmalə var. Yəni gizli bir dünyam var ki, onu heç kim görmür və mən də heç kimə göstərmək istəmirəm.
Tahirə Məmmədqızı