"Mən 5 günlük maşında iştirak etmək üçün razılıq vermişəm. Sonra gedəcəkdim. Məndə hardandı o bəxt ki, çətinlik çəkmədən nəsə əldə edim, qazanım"
"Xəyalə hədəfim kişidir deyib, qadın çıxardı"
Nazilə Səfərli: "Halal olsun müəlliminə, aktyorluğu çox yaxşı bacardın"
"Mən 5 günlük maşında iştirak etmək üçün razılıq vermişəm. Sonra gedəcəkdim. Məndə hardandı o bəxt ki, çətinlik çəkmədən nəsə əldə edim, qazanım"
"Mən 5 günlük maşında iştirak etmək üçün razılıq vermişəm. Sonra gedəcəkdim. Məndə hardandı o bəxt ki, çətinlik çəkmədən nəsə əldə edim, qazanım"
Ölkənin ən baxımlı, reytinqli realiti-şousu olan «Maşın»ın budəfəki sürəti finala doğru irəliləyir. O zamana qədər isə maşın ətrafında söz-söhbətlər səngimir. «Maşın»dan gedən ən güclü oyunçulardan biri şairə, qiraətçi Nazilə Səfərli idi. "Şərq"ə müsahibəsində Nazilə Səfərli bəzi mətləblərə aydınlıq gətirib.
- «Maşın»dan kişi kimi qadın deyilərək ayrıldınız. «Maşın» ətrafında baş verənlər maraqlıdır…
- «Maşın» ətrafında həyatın gerçək üzü yaşanır. Mən həyat görmüş bir qadınam. O yaşım da deyil ki, hər deyilənə, hər sözə reaksiya verim. Bilirsiniz ki, mən şounun ilk günündən tək mübarizəyə üstünlük verdim. İlk gündən də heç bir qruplaşmaya daxil olmadan mərdi-mərdanə mübarizə aparmağa maraqlı olmuşam. Sərxanın mənimlə qruplaşdığını deyənlər olurdu. Qətiyyən belə bir sövdələşmə olmayıb. Sərxan dostumdu. Ona hörmətim var. Sərxanı bəziləri qalmaqallı insan kimi tanıyırlar. Amma Sərxan ziyansız insandı əslində, kinsizdir. Onu əsəbiləşdirirlər, bir anda özündən çıxır, tez də hirsi soyuyur. Mən deyərdim ki, Sərxan orda çoxundan daha layiqli insandı, insanlığı var.
- «Maşın»dan gedənə qədər də, maşından gedəndə də şeirlə qalanlara ismarışınız oldu. Adı kişi olub kişilikdən xəbərsizlərə açıq mesaj göndərdiniz. Cavab gəldimi?
- Yəni o sözü deyəndə də, ertəsi gün də kimsə səsini çıxarıb cavab verə bilmədi. Çünki hər kim ordan bu sözümə reaksiya versəydi, söz onun olacaqdı. Hamı sakitcə susdu. Mən öz sözümlə də cavab vermədim. Mirvari Dilbazinin misraları ilə fikrimi çatdırdım. Xəyalə səsvermə başlayandan gün ərzində deyirdi kişi çıxaracam, hədəfim kişidir, axırda məni uzaqlaşdırdı. Adını da qoydu ki, kişi kimi qadını çıxarıram. Əslində yalan üzərindən bir qalibiyyət oldu. Yalan üzərindən oyun nümayiş edildi.
- Yəni Xəyalə sizə qarşı haqsızlıq etdi?
- Mən demirəm halallıq, haramlıq oldu. Ora ziyarətgah da deyildi, məscid qapısı da. Ora bir real oyundu. Hərə öz oyununu oynayır. Bu oyunda da hərənin öz taktikası var. Kim həyatda nə öyrənibsə, həyata hansı prizmadan baxmağı bacarırsa, onu da oyununda sərgiləmiş olur. Kim qalib olmaq üçün daha asan yol seçdiyini düşünürsə, o yolla da gedir. Xəyalədən inciməmişəm. O, öz oyununu oynadı. Mən çıxarkən onun alnından öpdüm. Xəyalə mənə dedi ki, səmimiyyətimə inanın, siz mənim üçün çox güclü rəqib idiniz, neyləməli idim? Mən də hörmətlə qarşıladım onun seçimini. Xəyalə etiraf etdi ki, əgər sizinlə açıq rəqabətə çıxsaydım, uduzardım, maşını udmaq istəyirəm, çünki maşına ehtiyacım var. Mən onu başa düşürəm. Çünki insan özü deyir ki, maşınım yoxdu, qazanmaq istəyirəm.
- Əvvəldən hiss etmişdiz ki, hədəf sizsiz? Çünki səsvermə zamanı Xəyaləyə yarım saat vaxt da qoydunuz ki, mənəmsə, hədəf de, əgər mən deyiləmsə, sənə dəstək oluram…
- Mən yarım saata qədər vaxt qoyduğumu deməmə rəğmən onun səs faizi aşağı idi, qalxmırdı. Mən yarım saat sonra bir də soruşdum ki, Xəyalə, hədəfin mənəm? Dedi ki, hədəfim kişidir. Mən dayandım. Nəinki mən, Murad Dadaşov da Xəyalənin bu yalanına inandı.
- Yəni Xəyalənin səmimiyyətinə inandınız…
- İnandım. Çünki Xəyalə son ana qədər hədəfin kişilərdən biri olduğunu bildirdi. Murad Dadaşov belə onun bu yalanına inanmışdı. Bu da yəqin Xəyalənin aktyorluğunun gücündən xəbər verir. Müəlliminə halal olsun.
- Bu qədər həyat təcrübəsi olan Nazilə Səfərliyə «Maşın» nə öyrətdi?
- İnanın səmimiyyətimə, mən «Maşın»a gələn gündən maşını qazanmaq eşqim yox idi. Hətta mən layihəyə qoşularkən də, maşınla bağlı müsahibəmdə də demişdim ki, mən 5 günlük maşında iştirak etmək üçün razılıq vermişəm. Sonra gedəcəkdim. Məndə hardandı o bəxt ki, çətinlik çəkmədən nəsə əldə edim, qazanım. Bu günə qədər çətinlik çəkmədən nəyəsə sahib olmamışam. Əvvəldən 5 gündən artıq qalmayacağımı demişdim, 11 gün qaldım. Az da deyil. Bir söz də deyim, mən özümü uduzmuş hesab etmirəm. Əgər mən ora çıxıb səs toplaya bilməsəydim, onda uduzmuş sayardım. Mənə açıq şəkildə desəydilər ki, hədəfim sənsən oyun oynayaq, mən də oynayardım. O, başqa bir qalibiyyət olardı. Açıq oyun oynamaq başqadır. Amma hədəfim kişidir deyib, qadın çıxarıldı.
- Siz bundan əvvəl səsverməyə çıxıb səs topladınız, amma heç kimi maşından uzaqlaşdırmadınız. Peşman deyilsiz buna?
- Bir maraqlı məqamı sizə danışım. «Maşın» şouya dəvət alanlar üçün bir vatsap qruplaşması yaradılmışdı. Dedilər «MaşınÜ başlayana qədər biri-birinizi bir az tanıyın. Mən də zarafatla Sərxana səs atdım ki, birinci gün hədəf sənsən, ikinci gün Xəyalədir. Sərxana da dedim ki, sənin üçün Dubaya bilet alaram, get istirahət et. «Maşın» başladı. Hətta zarafat da etdik, ağzım fal idi, ikinci gün yenə zarafat etdim ki, bəlkə Xəyaləni yola salım getsin. Sonra özüm-özümə dedim ki, bu gün Ruhəngiz xanım əlini götürüb gedib. Mənim bir gün də olsa birini burda saxlamaq şansım varsa, niyə də onu dəyərləndirməyim? Yaxşılıq edə bilmirəmsə, pislik də etməmiş olum. Kimsəyə qıymadım. Sərxan mənə xəbərdarlıq etdi həmin gün. Bir ortaq dostumuz xəbər göndərmişdi ki, Naziləyə de, Xəyalədən ehtiyatlı olsun. Sərxanın bu xəbərdarlığını ciddiyə almadım, dedim Xəyalə mənə nə edər ki? Xəyaləyə həmişə hörmətim olub. «Xınam» olub Xəyaləyə vermişəm ki, get sən apar, sən də evinə çörək apar.
- Səhv etmirəmsə, Xose Bernardo ilə Ramin Nabran sanki sizin gücünüzdən ehtiyat edirdilər?
- Bilirsiz, «Maşın»da heç kimi güclü rəqiblə sona qalmaq istəməz. Çünki bu oyunda güclü rəqibdən ehtiyat etmək lazımdır. Mən çoxları üçün güclü rəqib idim. Bir də yaxşı oyunçu idim. Əgər səsvermənin nüsxəsini çıxarmaq imkanınız olsa, orda görərsiniz ki, mənə gələn SMS-lərin böyük hissəsi Rusiyadan,Türkiyədən, Kanadadan, başqa ölkələrdən idi. Mən qardaşımdan, burda olan doğmalarımdan səs istəmədim. Mən ərkim çatanlardan ərk elədim, dostlarımdan səs istədim.
- Ramin də güclü strategiyası olan iştirak kimi diqqət çəkir. Sizinlə sanki o da rəqabət aparırdı…
- Bilirsiz, mən heç kimdən özümü zəif hesab etmirdim. Orda olanda da iştirakçılara deyirdim ki, elə insanları hədəf seçin ki, onları uzaqlaşdıranda sizi qınamasınlar, ən azı sizin səviyyənizə uyğun olsun. Orda heç kim süddən çıxmış ağ qaşıq deyildilər. Kimsə deməsin ki, mənim baş verənlərdən xəbərim yoxdu. Hamının dünyagörüşü var. Raminlə Xose Bernardonun strategiyası arxa cəbhədə oturub gözləməkdi. Onlarınki oyun deyil ki. Sərxan oyun nümayiş etdirir. Onlar oyun oynamırlar, səssiz gizlənib gözləyirlər. Heç kimlə şəxsi problemim yoxdu. Bu gün orda Sərxan oyun göstərir. Qalanları hiyləgərdi.
- Sizcə, bu hiyləgərliklə finala qədər kim gedə bilər?
- Mən bir fikir bildirim. Orda ən çox maşına ehtiyacı olan Xəyalə ilə Ramin Nabranlıdır. Onların maşına ehtiyacı var. Səhv etmirəmsə, Ramin həyatında da doğmalarını çox itirib, qardaş itkisi yaşayıb, cavan doğmalarını itirib. Nə bilim, onlardan biri uda bilər. Strategiyaya gəlincə, orda bir qruplaşma olub. Ramin, Xəyalə, Xose. Onlardan başqa qrup olmayıb «Maşın»da. Onlar da bu gedişlə finala qalmaq istəyirlər. Allah qoysa qalarlar. Mən maşına layiq olan qazansın deyirəm. Şükür Allaha, maşına ehtiyacım yoxdu. Mənim üçün maraqlı oyun sərgiləmək vacib idi. Düşünürəm ki, maraqlı oyunçu olaraq izimi qoydum. Mən güclü rəqib olduğumu göstərdim. Kim də maşını qazansa, halal xoşu olsun.
Tahirə Məmmədqızı