Xəyanətləri böyükdür

Həqiqətlər zamanla ortaya çıxacaq
Akif Çovdarov məhkəmədə özünə bəraət qazanmağa çalışır, çünki ağır cəzadan xilas olmaq istəyir


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. A.Çovdarov məhkəmədə son sözünü deyib.

Sabiq MTN-çi iddia edib ki, guya istintaq orqanı onunla pis davranıb, təzyiq edib ki, ya hər şeyi danışsın, ya da özünü öldürsün. Çovdarov bildirib ki, onu özünü öldürmək həddinə çatdırmaq istəyiblər. Son çıxışında məhkəmədən bəraət istəyib. Deyib ki, əgər məhkəmə ona bəraət yox, cəza verəcəksə, onda digər şəxsləri azad etsin. Xatırladaq ki, keçmiş MTN-də formalaşmış qanunsuz qrupun əməllərinin ifşa olunması ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Ona görə də məlum cinayətkar dəstəyə qarşı cəmiyyətdə böyük nifrət var. Əksəriyyət uzun müddət bu çirkin işlə məşğul olan şəxslərin layiqli cəza almasını tələb edir. Düşünürlər ki, Çovdarov və onun kimilər məhkəmədə fərqli sözlər söyləyərək, özlərini yazıq kimi qələmə verməyə, prosesi başqa istiqamətə yönləndirməyə çalışırlar. 

Bu barədə "Şərq”ə danışan tanınmış kriminalist, tədqiqatçı İlqar Altay deyib ki, keçmiş MTN-dəki bir qrup rəhbər vəzifəli şəxsin cinayət tərkibli əməlləri dövlətimizə və xalqımıza qarşı ən böyük xəyanətdir: 

"Bütün neqativ işlər orqanın sabiq başçısı Eldar Mahmudovun rəhbərliyi altında baş verib. İndi bu şəxsləri, generalları ayrı-ayrılıqda ittiham edib məhkəmə qarşısına çıxartmaqda məqsəd onların mütəşəkkil cinayətkar olmasıdır. Təbii ki, istənilən təqsirkar hansısa əməli törədəndə məhkəmədə özünə bəraət qazanmağa çalışır. Yəni hansısa formada ağır cəzadan xilas olmaq istəyir. Amma bu iş o qədər geniş şaxəli, faktı, sübutu və şahidi bol olan prosesdir ki, burada heç bir cinayətkar yaxasını kənara çəkə bilməz. Ancaq qaranlıq məqam prosesin yarımçıq aparılmasıdır. Hələ də bəzi epizodların və şəxslərin istintaqa cəlb olunmaması mübahisələrə səbəb olur. Fikrimcə, bir sıra həqiqətlər zamanla ortaya çıxacaq”.

İsmayıl