Xəzərin hüquqi statusuna dair razılaşmanın DETALLARI...

Elman Nəsirov:"Razılaşmaya əsasən, Xəzərdə silahlanma məsələsində bərabərlik gözlənilməlidir. Heç bir ölkənin hərbi imkanları digərini üstələməməlidir..."



"Xəzərin hüquqi statusu ilə bağlı tərəflər arasında fundamental məsələlərdə razılığa gəlinib”.


Bu barədə "Sherg.az”a Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılan konvensiya layihəsindən danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib. 


O diqqətə çatdırıb ki, xüsusilə balıqçılıq sektalarının bölünməsində əhəmiyyətli razılaşma əldə edildi:

"Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün üçün nəzərdə tutulur. Beləliklə, 5 Xəzəryanı dövlətin hər biri 25 millik zonalara malik olurlar. Kənarda qalan zonalar isə ümumi istifadədə qalır.

Bundan başqa Xəzərin bioloji resursları, hidrometeoroloji məsələlər, fövqəladə halların aradan qaldırılması ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olub.

Xəzər dənizinin təhlükəsiz dənizə çevrilməsi prosesi də mühümdür. Moskva danışıqlarının nəticəsi olaraq, razılaşma əldə edilib ki, Xəzəryanı dövlətin hər biri üçüncü dövlətin dənizdə hərbi təmsilçiliyinin əleyhinədirlər. Yəni, 3-cü dövlətin hər hansı gəmisi Xəzərdə üzə bilməz. Razılaşmaya əsasən, Xəzərdə silahlanma məsələsində bərabərlik gözlənilməlidir. Heç bir ölkənin hərbi imkanları digərini üstələməməlidir.

Yekun məsələ imzalanmış sənədin 5 xəzəryanı dövlətin hər birinin milli dilinə çevrilməsi qalıb. Bunun 2018-ci ilin birinci yarısında Astanada keçiriləcək zirvə görüşündə hər ölkənin rəhbərliyi səviyyəsində təsdiqlənəcəyi planlaşdırılır.

Xəzərin bölünməsi orta xətt prinsipi ilə Astana-Həsənqulu xətti üzrə razılaşdırıldı. 20 illik danışıqlardan sonra Türkmənistan və İranın mövqeyindəki fərqli yanaşmalardan sonra belə sənədin imzalanması tarixi hadisədir".

Razılaşmanın Azərbaycan üçün əhəmiyyətinə toxunan parlamentari vurğulayıb ki, Azərbaycan öz milli sektorunda beynəlxalq neft korporasiyalarının prosesə cəlb edilməsinə nail oldu:

"Artıq 35 beynəlxalq neft kontraktı imzalanıb. Yekun konvensiyanın imzalanması isə bizim bu addımlarımızın hüquqi baxımdan daha da təsdiqlənməsini, mövqelərimizin güclənməsini təmin edəcək. Xəzərin qonşuluğunda olan Cənubi Qafqaz regionu üçün ən ciddi təhlükə Ermənistan təcavüzüdür. Xəzəryanı dövlətlər fərqindədir ki, bu təhlükə bütün Xəzər regionunu əhatə edir. Həmçinin, bu, Qara dəniz regionu üçün də təhlükə vəd edir. Ona görə, Xəzərin hüquqi statusunun razılaşdırılması Ermənistanın təcavüzkar siyasətinə qarşı da 5 Xəzəryanı dövlətin ortaq mövqeyinin formalaşması üçün münbit şəraiti təmin edə bilər”.

Qeyd edək ki, Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.

Aysel Aslan