Akif Aşırlı...Kövrək barmaqlarını ay-ulduzlu bayrağa toxundurur, danışmır, diqqətlə üzümüzə baxır
İstanbula hər dəfə ayaq basanda mütləq onunla görüşməyə ümid etmişəm. Bu "hər dəfələr” çox olub, lap çox. Alınmayıb. Məndən asılı olmayan səbəblərdən bu görüş baş tutmayıb. Türkiyənin və Azərbaycanın məğrur sərkərdəsi, 6 ay Azərbaycanın istiqlal savaşını bütün çətinliklərə, maneələrə baxmayaraq uğurla aparan Nuru Paşanın qəbirüstü abidəsinin açılışından sonra hökmən istəyimi yerinə yetirəcəyimə əmin oldum. Bu əminliyi millət vəkilimiz Qənirə Paşayeva yaratdı.


Milli mətbuatımızın ana xətlərindən birinin təməlini yaradan, türk dünyasının böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin sonuncu yadigarı Feyzavər Alpsarla aramızda körpünü məhz Qənirə Paşayeva kimi milli fədai qura bilərdi. Yaratdı da. Nuru Paşanın məzarüstü abidəsinin açılışından sonra Türkiyədə Azərbaycan Türkləri Cəmiyyətinin sədri Səfər bəy Qaraqoyunlu, Türk Dünyası Əməkdaşlıq Cəmiyyətinin sədri İlham İsmayılov, "Birlik” jurnalının redaktoru İlqar İlkin, Milli hərəkatın öncüllərindən Səyavuş Mustafayevdən ibarət qrupumuz Qənirə xanımın aparıcılığı ilə Osmaniyyəyə doğru yön aldı. Yol boyu Səyavuş bəylə Əli bəy Hüseynzadə irsindən, böyüklüyündən, onun Türkiyədə, Azərbaycanda təbliğinin yollarından danışdıq. Niyyətimizin saflığından Tanrı da yolumuzu açdı. İstanbulun saatlarla çəkən tıxacından qurtula bildik. Qənirə xanımın telefonla verdiyi istiqamətlə Osmaniyyə metrosunun üstündəki binanı vaxt itirmədən tapdıq. Feyzavər xanım bu binanın "Birlik” apartmanında yaşayır. Tanrının işinə bax. Dünya türklərinin birlik və bərabərlik içində yaşamasının ideoloji yönlərini göstərən, türkçülüyü ideya səviyyəsindən üst qatlara çıxaran Əli bəyin yadigarı "Birlik” apartmanında yaşayır. Dostumuz İlqar İlkinin də əlində hədiyyə götürdüyü "Birlik” dərgisi var.
İlham İsmayılovla 4-cü qata çıxırıq. Nigarançılıq, narahatlıq keçirdiyi üz cizgilərindən bəlli olan İlham bəy "Kaş ki, Salyanı xatırladacaq bir şey gətirərdim” deyə sanki öz-özünü qınayır. "Gələn səfərimizə qalsın” deyib qrupumuzun o biri üzvlərini gözləyirik. Hansı qapının zəngini basacağımızı da bilmirik. Görünür, koridorda səsimizi eşidən Feyzavər xanımın səhhətindən dolayı yanında qalan tibb bacısı koridorun sağ tərəfindəki mənzilin qapısını açıb "xoş gəldiniz” söyləyir. Qənirə xanımı soruşur. İşlərini yekunlaşdırıb gələcəyini deyirik. Ayaqqabılarımızı soyunmağa imkan vermir. Qapı birbaş salona açılır. Mətbuata verdiyi qısa müsahibələrindən, şəkillərindən tanıdığım Feyzavər xanım kreslodan qalxıb bizə tərəf addımlayır. Qucaqlayıb əlindən öpmək istəyirəm. Geri çəkilmək istəyir:
- Babam izn vermirdi, ta o vaxtdan bu yaşacan babamın kuralları hala keçərli.
2-3 dəqiqədən sonra bizim arxamızca gələn dostlarımıza da əlini öpməyə imkan vermir.
Feyzavər xanımın köməkçisi bizə yer göstərir. Divanda, kreslolarda əyləşəndən sonra Feyzavər xanım İlqar İlkinə diqqətlə baxıb "nərədən tanıyorum” deyir. Həyatda ilk dəfə görüşdüyünü söyləməyən İlqar bəy, "ruhumuz tanışdır” deyir. Dostumuzun bu sözü lap yerindədir. Azərbaycanın müstəqilliyi, Türk dünyasının birliyi üçün savaş aparanları ruh birləşdirir. Milli ruhun hakim olduğu heç bir savaşçını düşmən asanlıqla ram edə bilmir.
Əli bəy Hüseynzadənin fotosundakı üz cizgilərini Feyzavər xanımda axtarıram. Haqqında yazılanlardan bəlli olur ki, nur üzlü Əli bəy çox səbirli, təmkinli olub. Ustadın yadigarı da belədir. Təmkinli, insanlara öncə danışmaq imkanı verən xanım-xatın, əsl bəy qızıdır.
Köməkçisindən öncə "nə ikram edim, su, çay, kofe” deyə soruşur. Günün axşam çağlarında onu yormadığımız üçün tez gedəcəyimizi deyib təklifə görə təşəkkürlərimizi bildiririk.
Azərbaycanda Əli bəy Hüseynzadəni çox sevdiklərini, mətbuatımızın "Həyat”ından, "Fyüzat”ından qısa danışıram. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin əldə olunmasında Əli bəyin başlatdığı rola diqqət çəkirəm.
Bu an İlqar İlkin bayrağımızı çıxarıb, Feyzavər xanımın qarşısına qoyur. Kövrək barmaqlarını ay-ulduzlu bayrağa toxundurur, danışmır, diqqətlə üzümüzə baxır. "Bu üç rəngli bayrağın ideologiyasını babanız yaradıb, bu sizin bayrağınızdır, Azərbaycan Cümhuriyyəti sizin dövlətinizdir” deyirəm. Cavab gözləyirəm. Yenə də danışmır, sadəcə fikrini bayrağa toxunmaqla, sanki əzizləməklə məşğuldur. Giley-güzar da etmir. Onu böyük məmnuniyyətlə Azərbaycana aparmaq istədiyimizi söyləyəndə: - Ablam getdi. Bən heç gedə bilmədim, doktorlar icazə vermədi - dedi. Danışmaq missiyası İlham İsmayıla keçdi. O da Salyandan, Əli bəyin ata yurdundan danışıb söhbətə körpü yaratdı.
Əli bəy Hüsenyzadənin Salyanda heykəlinin ucaldılmasında böyük əməyi olan, Əli bəy fenomeninin ictimai rəydə, jurnalistlərin yaradıcılığında yaşatmağa çalışan İ.İsmayıl Feyzavər xanıma ata yurdundan sanki hesabat verirdi. Feyzavər xanım Salyanda ucaldılan abidədən xəbəri olduğunu başı ilə təsdiqlədi. Bəlli oldu ki, heykəlin fotosurətini də saxlayır.
Türk dünyasının böyük mütəfəkkirinin bütün sənədlərini, şəxsi əşyalarını, rəsm əsərlərini Azərbaycan dövlətinə bağışladığı üçün təşəkkürlərimizin cavabında bu nurani xanım qısa, aram-aram yalnız 5-6 cümlə ilə cavab verdi:
- Həpsini verdim.
Arxaya çevrilib otaqdakı rəsmlərə baxıb:
- Gördüklərinizin həpsi kopyalardı. Əslini verdim - dedi.
Söhbəti söhbətə calamaq istəyirik. Sanki otaqdakı atmosfer bizi danışmağa sövq edir. Amma vaxt dardı. 95 yaşlı yadigarı çox yormamalıyıq.
Arada Səlim bəy Hüseynzadəni xatırlayırıq. Dünyanın bir çox ölkələrində ünlü rəssam kimi tanınan Əli bəyin oğlu Səlimin bu evdə yaşadığına toxunan köməkçi xanım:
- Səlim bəy bu evdə çox çalışdı. Rəsmlər çəkiyor, heykəllər yapardı. Hətta bir heykəl yapanda divarlar da tamam çirklənirdi. Heyif ondan...
Heyif Səlimdən. Atasının yurduna, Azərbaycana gəlmək arzusunda olsa da, ömür vəfa verməyib.
Feyzavər xanımı çox yormaq istəmirik. Ancaq hansısa bir qüvvə bizi bu otaqdan, bu dünyagörmüş nurani, səbirli, müdrik, alicənab xanımdan ayırmaq istəmir. Yenidən əlaqə qurmaq üçün köməkçidən kömək istəyirik. Zarafatyana "Feyzavər xanım mənim feysbuk dostumdur. Ancaq nə qədər inboksa yazıramsa, cavab gəlmir” deyirəm. Köməkçi əlaqə qurmaq üçün email ünvanını yazıb İlqar İlkinə verir. Bir-birimizin üzünə baxırıq. Getmək istəyirik, amma yenə də sağollaşa bilmirik. Yenidən görüşmək ümidi yaranır içimizdə. Birtəhər sağollaşıb soyunmadığımız ayaqqabılarla koridora çıxırıq. Sanki ayrı bir ruhda, ayrı kökdə Atatürk Hava Limanına doğru yola çıxırıq.
Bu yollar bizi yenidən Əli bəy Hüseynzadə ocağına çəkib gətirəcəkmi? Bunu Tanrı bilir. Mənim isə bildiyim bir şey var, ömrü Azərbaycanın siyasi ömrü kimi təlatümlərdən keçib gələn tarixi şəxsiyyətlərimizə, onların yadigarlarına hörmət və izzətimizi əksiltməyək. Bu yadigarların nəyə ehtiyacı var? Vəzifə istəmir, pul ummur, yalnız istəkləri bircə şeydir: Onlar xatırlansın və dəyər verilsin.