Xurafatın məktəblərə yol açması yolverilməzdir

Fazil Mustafa: "Təhsil Nazirliyi məsələyə çox ciddi reaksiya verməlidir"Zahid Oruc: "Təhsil və təbliğatla bunun qarşısını almaq, insanlara dinin dövlətdən ayrı olduğunu aşılamaq lazımdır"
Mingəçevirin Noel Ahəngarı adına 13 saylı orta məktəbində Məhərrəm ayı ilə bağlı tədbir təşkil olunub. Tədbirdə Mingəçevir məscidinin axundunun müavini Cavid Ələmdarın rəhbərliyi altında "Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının səbəbləri, matəmin mənası” mövzusunda müəllim və valideynlərə mühazirə oxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə tədbirlərin din xadimləri tərəfindən dövlət qurumları, təhsil ocaqlarında keçirilməsinin düzgün olmadığını bəyan edib.
Amma nə faydası var? İllərdir müvafiq qurumlar, ictimaiyyət üzvləri, dövlət rəsmiləri tərəfindən təhsil ocaqlarında dini mərasimlərin keçirilməsi, dini radikalizmin təbliğinin yolverilməz olduğu bildirilir. Buna rəğmən, vaxtaşırı bu cür faktların şahidi oluruq. Dövlət rəhbərliyinin tələbinə uymayan din xadimləri, axundlar bu və ya digər formada uşaqları başına yığıb, dini cəhalətə sürükləyir. Problem tək uşaqların Aşura mərasiminə aparılması, məktəblərdə Məhərrəmlik ayı ilə bağlı tədbirlərin keçirilməsi deyil ki. 
Pərdə arxasında qaranlıq və dövlət təhlükəsizliyini təhdid edən məqamların olma ehtimalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, din xadimlərinin məktəblərdə maarifləndirmə aparmasına nə icazə var, nə də göstəriş: "Yeganə hal həmin məktəbdə olub. Sosial şəbəkələrdə işıqlandırılıb. Bu da məktəb direktorunun başa düşməməsi səbəbindən olub. Onlar bunu maarifləndirmək baxımından ediblər, amma özbaşınalıqdır. Bu barədə rayon rəhbərliyinin də xəbəri yox idi, bizim də”.
S.Heydərov qeyd edib ki, din xadimləri məscidlər, hər hansı dini mərasim, icmaların özlərinin mövqeyindən təbliğat apara bilərlər: 
"Onların qarşısında duran vəzifə budur. Lakin din xadimlərinə ümumtəhsil məktəblərinə və ya ali təhsil ocaqlarına gedib, orada təbliğat aparmaq tövsiyyə edilmir. Dövlət qurumları, təhsil ocaqları ilə dini maarifləndirmə işlərini komitə olaraq biz, ilahiyyatçılar həyata keçirir. Din xadimlərinə bildirilir ki, imkan olduqca yerlərdə insanlarla görüşsünlər, Məhərrəmliyin, Kərbəla hadisələrinin mahiyyətini anlatsınlar. Ancaq onların məktəblərdə valideynlər və müəllimlərlə görüşməsi barədə göstəriş olmayıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov tərəfindən məktəb direktoru və təhsil şöbəsinin müdirinə irad bildirilib. Təhsil şöbəsi də məsələni araşdırıb”.
Komitə rəsmisi qeyd edib ki, bu gün Məhərrəmlik, Aşura mərasimlərinə azyaşlıların, məktəblilərin cəlb edilməsi halları onları narahat edir: "Ora gələn azyaşlıların bilik səviyyəsi gərək o dərəcədə olsun ki, hadisənin mahiyyətini başa düşsün. Və ya islam dininin əsaslarını, fəlsəfəsini düzgün anlasın. Bilik səviyyəsi aşağı olanda insanlar yad ideologiyaların təsirinə məruz qalırlar. Ancaq savadlı insanlar belə təsirlərə məruz qalmırlar. Aşura günü dərs vaxtına düşür, qətil sınma vaxtında uşaqlar məktəbdə olmalıdırlar. Tövsiyyə olunur ki, uşaqlar dərsdə olsun. Buna görə valideynlər, müəllimlərlə görüşlər keçirilir”.
2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında” qanunda da göstərilir ki, din dövlətdən ayrıdır: "Heç bir halda orta ümumtəhsil müəssisələrinin nəzdində dini mərasimlər, o cümlədən təbliğat xarakterli tədbirlər keçirilə bilməz.
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov isə tədbirin keçiriləcəyindən xəbərdar olduğunu və bu barədə Təhsil Nazirliyinə məlumat verildiyini bildirib: "Məhərrəmlik ayı ilə bağlı təhsil ocaqlarında razılaşdırılmış tədbirlər həyata keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dərsdən yayınıb məscidlərə getməsinin qarşısını almaqdır. 
Aşura günü dərs vaxtına düşür. Həmçinin, böyüklər də həmin gün baş yarmaqdansa, gedib qanvermə aksiyalarında iştirak etsinlər. Maarifləndirici tədbirlər bizə rayon rəhbərliyi tərəfindən verilən siyahıya uyğun olaraq aparılır. Əsas məqsəd valideynləri, uşaqları xoşagəlməz amillərdən çəkindirməkdir. Başqa dini təbliğat aparılmır və buna icazə verilməz”.
Millət vəkili Fazil Mustafa isə belə bir mövzuda araşdırma aparmanın çox vacib məsələ olduğunu bildirib: 
"Azərbaycan məktəblərinə xurafatın, cəhalətin islam adı ilə yanlış yol almaması üçün müəyyən addımlar atılmalıdır. Hansısa bir ideologiyanın, marjinal qrupların ideyalarının yayılması yolverilməzdir.
Uşaqlara müəyyən dərəcədə xurafat, cəhalət elementlərinin aşılanması olduqca təhlükəlidir. Hesab edirəm ki, Təhsil Nazirliyi məsələyə çox ciddi reaksiya verməlidir. Onsuz da bu gün məktəblərdə şagirdlərin bilik əldə etməsində çoxsaylı problemlər var. Bu cür tədbirlər vasitəsilə xurafatın məktəblərə ayaq açması yolverilməzdir. Bütün bunların şagirdləri bu yola yönləndirmək məqsədi daşıdığını düşünürəm. Qanunlarımıza zidd olan bu cür tədbirləri orta məktəblərdə keçirmək təhlükəlidir”.
Millət vəkili Zahid Oruc da orta məktəblərdə Məhərrəm ayı, Aşura mərasimlərinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini, mühazirələrin oxunmasını doğru hesab etmir. Məktəblərdə dini mərasimlərin keçirilməsinə etiraz edən millət vəkili hesab edir ki, inzibati qayda ilə bu addımların qarşısını almaq çətindir: 
"Təhsil və təbliğatla bunun qarşısını almaq, insanlara dinin dövlətdən ayrı olduğunu aşılamaq lazımdır. Bizim balacalarımız matəm şüarlarının altında mənəvi-psixoloji cəhətdən gerçəkdənmi İmam Hüseyn məktəbinin ardıcılı olmaq istəyərək yalnız bu inama, yalnız bu düşüncələrə köklənmiş olur? Yoxsa onun nəticəsində bu gün dünyada yaşanan ekstremizmin, fundamentalizmin qurbanına çevrilir. Çox təəssüf ki, dediyimiz ikinci hal daha çox özünü göstərmiş olur. Uşaqlarımızı matəm mərasimlərində təlqin olunan dindən qorumaq lazımdır. 
O uşaqları qurban etmək olmaz. Biz onları tamam fərqli bir gələcəkdə görürük. Hesab edirəm ki, bizim bu çağırışlarımız da o qüvvələr tərəfindən süngü ilə qarşılanmalı deyil. İslam dini pərdəsi altında müəyyən əməllər həyata keçirilir. Bizim hədəfimiz buna imkan verməməkdir. Biz dinimizi mövhumat formasında təbliğ etməməliyik və belə hallara yol verməməliyik”.
Şəymən