"Kərə yağına tətbiq olunan gömrük rüsumunun endirilməsi bir müddət sonra bazarlara təsir göstərə bilər”.
Bunu "Sherg.az”a Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmasının əhəmiyyətindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.
O bildirib ki, hələlik satışda və anbarlarda olan məhsullara köhnə gömrük rüsumları ilə qiymət qoyulub:
"Bu qərar ancaq satışda əvvəl gətirilən məhsullar azaldıqda bazarlara təsir edə bilər. Yeni ilə qədər qiymətlərdə hər hansı dəyişikliyin olacağını düşünmürəm. Çünki Azərbaycanda ənənə formalaşıb ki, bayramdan əvvəl qiymətlər qalxır. Bütün qiymətlərin Yeni İl ərəfəsində yüksələcəyi gözlənilir. Kərə yağında da qiymət artımı olacaq. Bayramlardan sonra isə yağın markasından asılı olaraq, 50 qəpik, 1 manat arasında qiymət azalması ola bilər. Çünki gömrük rüsumlarının 10 faiz aşağı düşməsi qiymətlərə bu qədər təsir edə bilər.
Bazarda qiymətlərin müəyyən olunması tək gömrük rüsumlarından deyil, valyuta məzənnəsindən də asılıdır. Məsələn, Avrozonadan gətirilən yağlar daha baha ola bilər. Çünki avronun manat qarşısında möhkəmlənməsini müşahidə edirik”.
Gömrük siyasətinin yumşaldılmasına gəlincə, ekspertin sözlərinə görə, ölkə ərazisində istehsal edilməyən, daha az istehsal edilən mallara qarşı gömrük rüsumları ləğv edilməlidir:
"Yaxud bu gömrük rüsumları xeyli azaldıla bilər. Gömrük institutunun vəzifəsi odur ki, ölkə daxilindəki istehsalçıları qorusun. Xaricdən gətirilən məhsullar istehsalçıların artmasına mane olmamalıdır. Ölkədə bu məntiq genişləndirilsə, həmin məhsullarda gömrük rüsumları azalar. Bu olarsa, qiymətlərin normallaşmasına daha effektiv təsir göstərə bilər”.
Qeyd edək ki, azalma Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə dərc edilən və sabah qüvvəyə minən ""Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
Aysel Aslan