Yağış yağdı, qara günlər başladı

Bakıda yollar salınarkən onun kənarlara doğru nisbətən maili olmasına diqqət yetirilməlidir



Paytaxtımızı yağış yudu yenə. Küçələr yağış suları ilə dolub-daşdı. Bakının yağış problemindən nə qədər deyilir, nə qədər yazılırsa da, bu müşkül çözülmür. Rəsmilərimizinsə fövqəladə hallara uyğun "yek” cavabı budur: görmürsünüz, filan-filan ölkədə, şəhərdə küçələr necə suyun altında qalır?!. Problem tək bizdə deyil.

Pis nə varsa, örnək götürməyə hazırıq. Bir dəfə də yaxşı bir nümunəni örnək alsaq, dünya qopar?!. Hardasa, yağış suları həyatı iflic edirsə, bu, mütləq Bakıdada baş verməlidir kimi xəstə təxəyyülə veriləsi cavab yoxdur, əlbəttə. Amma problemdən çıxış yolları həmişə var.

Azərbaycan Texniki Universitetinin Avtomobil Daşımaları və Yol Hərəkətinin Təşkili kafedrasının dosenti Fərhad Eyyubovla problemin köklərinə işıq salmağa çalışdıq. F.Eyyubov "Şərq”ə açıqlamasında bildirdi ki, şəhər infrastrukturunda nəqliyyatın planlaşdırılması əsas məsələlərdən biridir:
- Bura yol-nəqliyyat şəbəkəsinin düzgün qurulması da daxildir. Bakı qədim şəhərdir. Yollar da Bakının relyefinə uyğun salınıb. Küçələr mayili olduğundan yağış yağanda sular üzüaşağı doğru axır. Çökəklərdə yığılıb qalır. Su gölməçələrinin hərəkətə mane olmaması, yağış sularının yığılıb qalmaması üçün də şəhərin kanalizasiya sistemi düzgün qurulmalıdır. Adətən böyük şəhərlərdə 2 kanalizasiya sistemi olur - biri ümumi şəhər təsərrüfatı sularının, məişət sularının axıdılması üçün, biri isə yalnız yağış sularının axıdılması üçün. Böyük, nəhəng kollektorlar tikilir, məişət suları ayrı, yağış suları isə ayrı kollektor vasitəsilə axıdılır. Bəzən yağıntının miqdarı artıq olduqda yağış sularını da məişət suları üçün nəzərdə tutulmuş kollektorlara yönləndirirlər. Bakıda əvvəldən belə bir planlaşdırma olmayıb, bu sistem qurulmayıb. Ona görə də su yığılıb qalır, küçələrdə, səkilərin kənarında toplaşır, həm piyadalar, həm də avtomobillərin hərəkətinə çətinlik yaradır. 

Digər səbəb, bəzən yeni salınan yolların kənarında su axıdıcıların quraşdırılmaması və ya düzgün quraşdırılmamasıdır. Şəhərsalmada hansı ərazilərdə suyun çoxluğu, harada yağış sularının yığılıb qalma ehtimalının çox olduğu nəzərə alınmalı və su axarları ona uyğun qoyulmalıdır. Yağış sularının axıdılmasının iki yolu var. Ya gərək yağış suyu özü axıb getsin, bunun üçün də bayaq dediyim yağış suları kollektorları olmalı və suyun axıb getməsinə heç bir maneə olmamalıdır, ya da yığılıb qalan sular nasoslar vasitəsilə çəkilməlidir.

 Bəzən biz bunun şahidi oluruq, hansısa küçədə, yolda sular toplaşıb qaldıqda texnika cəlb olunur və suyu nasoslarla vururlar. Məsələn, yeni çəkilən magistral yollarda xüsusi drenaj sistemləri qurulur. Bu, çox yaxşıdır. Ümumiyyətlə, yol salınarkən onun kənarlara doğru nisbətən mayili olmasına diqqət edilməlidir ki, sular asfaltda göllənib qalmasın. Səkilərin kənarında da mütləq su axarlar olmalıdır. Amma elə yerlər var ki, yollar illər öncə salınıb, drenaj sistemi yoxdur. Su axarlar da tutulub, ona görə də yağış yağanda şəhərdə böyük problemlər yaşanır.

Məlahət Rzayeva