“Yalan danışmayacağam”

Sergey Lavrov: “Ermənistan və Azərbaycan bir neçə mühüm aspekt üzrə razılığa gəlməkdən uzaqdır”


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvada görüşüblər. Tərəflər ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, həmçinin, Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Görüş çərçivəsində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərgi təşkil olunub. Sərginin açılış mərasimində Sergey Lavrov və Elmar Məmmədyarov iştirak ediblər. Sergey Lavrov sərgi barədə məlumat verib və iki ölkə arasında münasibətlərin strateji əməkdaşlığını əks etdirən sənədlərin nümayiş olunduğunu söyləyib. E.Məmmədyarov isə çıxışında iki ölkə əlaqələrinin 25 ildə çox inkişaf etdiyini deyib. Nazir bildirib ki, 25 il ərzində Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb. Sərgidən sonra Rusiya və Azərbaycan XİN başçıları arasında ikitərəfli görüş baş tutub. Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında 2017-2018-ci illər üçün əməkdaşlıq və məsləhətləşmələr Planı imzalanıb. Nazirlər arasında keçirilən görüşün yekunlarına dair mətbuat konfransında planı Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov imzalayıblar.

"Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, müasir dövrün əksər mühüm problemləri üzrə iki ölkənin mövqeləri üst-üstə düşür. 

Rusiya və Azərbaycan prezidentlərinin müntəzəm əlaqələri konkret istiqamətlərdə həlledici rol oynayır”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov martın 6-da Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dağlıq Qarabağ mövzusuna toxunan nazir deyib: "Təbii ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında danışdıq. Rusiya bundan sonra da həm Bakı və Yerevanla ikitərəfli münasibətləri çərçivəsində, həm də üçtərəfli - Rusiya, Azərbaycan və Ermənistan formatında görüşlərdə və əlbəttə ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflər üçün məqbul olan həllərin axtarışına yardım edəcək.

Biz bütün addımları həmsədrlər - həmkarlarımız ABŞ və Fransa tərəfindən hazırlanan prinsipial yanaşmalar çərçivəsində atırıq. Ermənistan və Azərbaycan hələlik Qarabağ nizamlanmasının bir neçə mühüm aspekti üzrə razılığa gəlməkdən uzaqdır”, Lavrov bildirib.

"Biz Qarabağ münaqişəsinin nizamlanacağına ümid edirik. Uzun illər davam edən əlaqələrin nəticələri bunu göstərir, onların yekunlarına görə nizamlanacaq əsas məsələlər barəsində ümumi anlayış əldə etmək mümkün olub. Bu, həm təhlükəsizlik məsələləri, ilk növbədə humanitar məsələlər, hazırda Qarabağ ətrafında Azərbaycanın nəzarəti altında olmayan rayonların qaytarılması məsələləridir. Bu, həm də Dağlıq Qarabağın statusunun müəyyən edilməsidir - şübhəsiz, orada yaşayan insanlar nəzərə alınmaqla. Bu, həm də beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır”, Lavrov qeyd edib.

"Bu aspektlərin əksəriyyəti üzrə "razılaşmamız var”, deyə o, əlavə edib.

"Amma yekun paket üçün mühüm olan iki-üç konkret mövzu hələlik müzakirə olunmur. Yalan danışmayacağam, biz hələlik tərəflərin bu aspektlərə vahid yanaşma işləyib hazırlayacağı vəziyyətdən uzağıq”, Lavrov bildirib.

"Ümid edirik ki, Xəzəryanı ölkələr status məsələsində razılığa gələcəklər”

Sergey Lavrov ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq: "Görüşdə Xəzərin statusu problemləri ilə bağlı ətraflı söhbət aparılıb. Güman edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya, habelə Qazaxıstanda Xəzər sammitini keçirilməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər üzərində işi yekunlaşdırmaq mümkün olacaq”.

Rusiya XİN rəhbəri bəyan edib ki, Moskva Rusiya-İran və Azərbaycan arasında üçtərəfli format çərçivəsində baş tutacaq əməkdaşlığın inkişafında maraqlıdır: "İran, Azərbaycan və Türkiyə Rusiyanın tərəfdaşlarıdır. Biz Rusiya-İran-Azərbaycan formatı üzrə prezidentlər səviyyəsində görüş keçirmişik. Format həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də nəqliyyat, logistika infrastrukturunun inkişafı baxımından perspektivlidir. Sözsüz ki, biz bu əməkdaşlığın davamında maraqlıyıq”.

"Münaqişənin həllində həmsədr kimi Rusiyadan da çox şey asılıdır”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır: 

"Bakının üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiyanın münaqişənin həlli istiqamətində ciddi səylər göstərdiyi danılmazdır. Moskva bu istiqamətdə ciddi çalışır. Cənab Lavrovla bu məsələni detallı müzakirə etdik. İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır”.

İsmayıl