"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə 12:10 radələrində daxil olub. Yanğın təxminən 3 saatdan artıq davam edib, tam söndürülüb".
APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".
14:00
Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının baş vermə səbəbləri araşdırılır.
13:54
Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.
Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
13:10
Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
12:58
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
12:50
Yanğın baş verən ərazidə yollar bağlanıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
12:32
Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.
APA-nın məlumatına görə, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində və yaxud başqa səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.