YAP birincidir

Qeydiyyata alınan namizədlərinin sayına görə, BAXCP və BQP-də öndədir




Parlament seçkilərində iştirakla bağlı namizədləri qeydə alınmış şəxslərin siyahısı açıqlanıb. İndiyə qədər ən çox namizədi qeydə alınan siyasi qurum Yeni Azərbaycan Partiyasıdır. Müxalifət partiyalarında isə hələlik qeydiyyatdan keçən namizədlərin sayı azdır.

YAP-dan sonra MSK tərəfindən qeydə alınan ən çox namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına məxsusdur. Naxçıvan üzrə namizədlərin sayına görə, ikinci yerdə Böyük Quruluş Partiyası dayanır. Hələlik BQP-nin Naxçıvandan irəli sürdüyü üç namizəd qeydə alınıb. Təbii ki, bu rəqəmlərdə dəyişiklik olacağı istisna edilmir. Çünki namizədlərin qeydə alınması prosesi oktyabrın 5-nə kimi davam edəcək.

Məsələ ilə bağlı "Şərq”ə danışan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, hazırda partiyanın Naxçıvan üzrə qeydə alınmış namizədlərinin sayı 4 nəfərdir: "Artıq BAXCP sədri Qüdrət Həsənquliyev də 7 saylı Ordubad-Culfa seçki dairəsindən qeydə alınıb. Onu da deyim ki, BAXCP-nin Naxçıvan şəhəri üzrə şöbəsi olmaqla yanaşı, digər rayonlarda da güclü yerli şöbələri fəaliyyət göstərir. Nəzərə alın ki, BAXCP sədrinin özü məhz Naxçıvan bölgəsində anadan olub, orta təhsilini orada bitirib. Əmək fəaliyyətini də oradan başlayıb. Ona görə də şansımızı yüksək görürük. Biz partiya olaraq çalışacağıq ki, bütün gücümüzlə seçkidə iştirak edək. BAXCP əksər dairələrində namizədləri yalnız qələbə qazanmaq üçün irəli sürüb. Əsas rəqibimiz hakim partiyadır. YAP-ın namizədlərini özümüzə rəqib görürük”.

İsmayıl