Azərbaycanlı yazarların öz favoritləri varNobel ədəbiyyat mükafatına layiq olanlar çoxdur, amma sürprizlər də gözlənilir
Oktyabrın 2-dən etibarən "Nobel” mükafatına layiq görülənlərin adı açıqlanır. Artıq Nobel Ədəbiyyat mükafatının veriləcəyi tarix bəllidir. Nobel komitəsinin rəsmi saytının yaydığı xəbərə görə, qalib oktyabrın 5-də açıqlanacaq. Məlumat üçün bildirək ki, 2017-ci il Tibb və fizika üzrə Nobel mükafatının sahibləri artıq bəlli olub. İsveç Kral Akademiyası 2017-ci il üzrə kimya sahəsində Nobel mükafatının Yoakim Franka, Jak Dubocheyə və Riçard Handersona verildiyini elan edib.Bəs görəsən, ədəbiyyat üzrəbuilki qalib kim olacaq?
Yazarlarımızın favoriti kimdir?
Qeyd edək ki, bukmeker kontorları öz ehtimallarını təqdim ediblər.
Böyük Britaniyanın "Ladbrokes” bukmeker kontorunun nəticələrinə görə, hələlik Keniya yazıçısı Nququ va Thionqo 5.00 əmsalla birinci yerdədir.
Yapon yazıçı Haruki Murakami 6.00 əmsalla ikinci, Kanada yazıçısı Marqaret Ətvud 7.00 əmsalla üçüncü yerdədir.
İsrailli yazıçı Amos Oz, suriyalı şair Adonis, italiyalı yazıçı Kladio Maqris ilk onluqda qərarlaşıblar.
Çin yazıçısı Yan Lianke ilə amerikalı postmodernist Don Delillo yeddinci və səkkizinci yerləri bölüşdürürlər.
Çex Milan Kundera, amerikalı yazıçılar Filip Rot, Coys Kerol Oats və Tomas Pinçon avstriyalı Peter Hendke, ispan Enrikue Vila-Matas və britaniyalı Salman Rüşdi onluqdan kənarda qalıblar.
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatının keçən il dünyada daha çox musiqiçi kimi tanınan amerikalı Bob Dilana verilməsi ədəbi dairələrdə narazılığa səbəb olmuşdu.
Gənc şair Aqşin Evrən suriyalı şair Adonisin qalib olmasını istəyir:"Bəlkə də Marqaret Etvud oldu. Ancaq Nobel komitəsinin mükafatı bu il braziliyalı futbol ulduzu, canlı əfsanə Luis Ronaldoya verəcəyini daha çox ehtimal edirəm.
Hər il Nobel mükafatının namizədləri və favoritləri ilə bağlı bukmekerlərin açıqlama verdiyini qeyd edən yazar Cəlil Cavanşir deyib ki, buna rəğmən hər il nəticələr açıqlananda fərqli mənzərənin şahidi oluruq: "Artıq ilk onluq məlumdur, amma Nobelin onlardan birinə verilib- verilməyəcəyi bəlli deyil”.
Neçə illərdir favoritinin çexiyalı Milan Kundera olduğunu vurğulayan yazar təəssüflə sevimli yazıçısının bu il şansının çox az olduğunu qeyd edib: "Buna rəğmən onun Nobel almasını çox arzulayıram və daha ədalətli hesab edirəm. Ən pis halda Amerika yazıçısı Pol Osterin Nobel mükafatına layiq görülməsini istərdim. O da uzun müddətdir favoritlər arasındadır”.
C.Cavanşir güman edir ki, Nobel Komitəsinin Kral Akademiyası bu ilə hamını təəccübləndirəcək bir seçim edəcək və mükafatı gözlənilməz birinə verəcək.
Ədəbiyyat üzrə Nobel mükafatının ötən il rokçu kimi tanınan Bob Dilana verilməsi fonunda builki mükafatın da ədəbiyyat sahəsindən kənar birinə verilmə ehtimalına gəldikdə isə C.Cavanşir hesab edir ki, iki il Nobel Komitəsinin mübahisəli qərar verəcəyi inandırıcı görünmür:
"Proseslərin gedişinə əsasən deyə bilərəm ki, Afrika əsilli, ya da Çin yazıçılarından biri bu mükafata layiq görüləcək. Budəfəki mükafatın da hansısa bir musiqiçiyə, rokerə veriləcəyinə inanmıram”.
Yazıçı Qan Turalı isə deyib ki, hər il Nobel mükafatının açıqlanma ərəfəsində ədəbiyyat üzrə qalibin kim olacağı maraq doğurur: "Bu da təbiidir, çünki ədəbiyyat çox kütləvi sahədir və digər elm sahələrinə nisbətən təxmini namizədlər bəlli olur, favorit yazıçılar seçilir. Amma builki mükafatın sahibinin konkret kim olacağını təxmin etmək çətindir. Mənim seçimim Milan Kunderadır, lakin onun qalib gələcəyinə inanmıram. Çox güman ki, yapon yazıçı Haruki Murakami alacaq. İstənilən halda nəticələri maraqla gözləyirəm”.
Qaynarinfo.az saytının baş redaktoru, yazar Zahir Əzəmət:
Düzü, adı hallanan yazarlardan yalnız bir neçəsinin yaradıcılığı ilə tanışam. Ona görə dəqiq qiymətləndirmə aparmağa çətinlik çəkirəm. Adətən bizlər hələ yaradıcılığına tanış olmadığımız bir yazıçı Nobel alanda bunu sürpriz kimi qiymətləndiririk.
Z.Əzəmətin sözlərinə görə, builki Nobel mükafatı bir neçə ildir finala qədər gəlib, amma finalda ala bilməyən Murakaminin haqqıdır.
Yazar Şərif Ağayar da hər il Nobel komissiyasının sürpriz etdiyini xatırladıb: "Açığı o siyahıda istedadına ehtiram bəslədiyim ən birinci yazıçı Salman Rüşdidir. Bundan sonra Milan Kundera və Adonis... Bu üçündən birinin almasını istəyərdim”.
Hər il favoritlər sırasında olmasına baxmayaraq Murakaminin Nobeli almama səbəbinə gəldikdə isə yazarlarımız bu barədə dəqiq bir söz deməyiblər.
Onların ümumi rəyinə görə, Nobeli almaq üçün yalnız istedad və tanınmaq şərt deyil. İncə məqamlar çoxdur. Zaman-zaman daha layiqliləri qala-qala, bir o qədər tanınmayan yazarlara, yaxud da ədəbiyyatdan kənar şəxslərə verilib.
Şəymən