Yaşar Türk Azər sərt danışdı

Nemət Pənahlı “siyasi meyitə” çevrilib
“Məhəmməd Hatəmi ölüm yatağına düşüb, milli azadlıq hərəkatının öncülləri çörək puluna möhtac qalıblar. Bunların günahı Nemətin boynunadır”


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Azərbaycan Xalq Cəbhəsi, eks-prezident Əbülfəz Elçibəy və rus qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən, cəbhəçilər N.Pənahlıya sözlərindən dolayı sərt cavab veriblər. Xatırladaq ki, MDP sədri Nemət Pənahlı mətbuata verdiyi açıqlamada rus qoşunlarını Azərbaycandan AXC hakimiyyətinin çıxartmadığını iddia edib.

Onun sözlərinə görə, rus ordusu qan tökülən mərhələdə "özbaşına” Azərbaycandan çıxıb: "Sual edirəm, rus ordusunu nə ilə, hansı güclə çıxardılar? Əgər AXC iqtidarının rus ordusunu çıxarmaq qüdrəti var idisə, elə erməni daşnaklarını Qarabağdan çıxaraydı.

Sadəcə, rus geri çəkildi”. N.Pənahlı o zaman hakimiyyətdə olan cəbhəçilərin kommunistlərlə ittifaqa girdiyini də iddia edib. AXC iqtidarı zamanında milli təhlükəsizlik nazirinin I müavini işləmiş Sülhəddin Əkbərin Nemət Pənahlıya cavabı sərt olub. S.Əkbər hətta Nemət Pənahlının adını belə çəkmək istəməyib: "Onun dediklərinin hamısı cəfəngiyyat və yalandır. Mən onun adını da çəkmək istəmirəm. Hamı bilir ki, rus qoşunları nə zaman və niyə Azərbaycandan çıxarılıb. Kiminsə nəsə deməsi ilə tarix dəyişmir. Ona demək lazımdır ki, niyə yalan danışırsan?”. KXCP sədri Mirmahmud Mirəlioğlu illər keçməsinə baxmayaraq, Nemət Pənahlının hələ də öz fikirlərində qalmasına təəssüf edib: "Biz onun keçdiyi həyat yolunu, xüsusilə də onun şərlənərək həbs olunmasını doğru saymırdıq, hesab edirdik ki, bu, onun hüquqlarının pozulması ilə bağlıdır. Ancaq təəssüf ki, nə həbsxana həyatı, nə ötən illər, nə ağaran saçlar, nə keçdiyi yol Neməti ağıllandırmadı”. Partiya rəhbəri N.Pənahlını müdafiə edənləri də qınayıb:

"Təəssüflər olsun ki, Əbülfəz Elçibəyin komandasında olmuş bir sıra adamlar Nemətlə dostluqlarını davam etdirirlər, hətta ona dəstək verirlər. Bu da təəssüfləndiricidir. Heç olmazsa, yaşının indiki vaxtında özünə, böyüyünə hörmət eləsin, ağzına gələni danışmasın. Bir sıra media mənsubları ona tribuna tanıyırlar. İstəyirlər ki, o hər şeyə münasibət bildirsin. Əgər bu addımlar davam edəcəksə, hər şeyə münasibət bildirəcəksə, əlbəttə ki, adekvat münasibətlər görəcək”.

Milli Azadlıq Hərəkatının bayraqdarı Yaşar Türk Azər də deyib ki, əvvələr meydanda əl üstündə gəzdirilən Nemət Pənahlı, indi "siyasi meyitə” çevrilib: "Onun mənəmliyi, "hər şeyi mən etmişəm” iddiası Neməti məhv etdi. O, siyasətin Robinzon Kruzosudur. Nemət Pənahlı deyir ki, 4 iyun hadisəsi milli hərəkatın yeni bir dönəmidir. Həmin hadisələrə görə, Məhəmməd Hatəmi ölüm yatağına düşüb, milli azadlıq hərəkatının öncülləri çörək puluna möhtac qalıblar. Bunların günahı Nemətin boynunadır”. Yaşar Türk Azər rus qoşunlarının Azərbaycandan öz istəkləri ilə çıxmasına da münasibət bildirib: "Axı rus qoşunları girdikləri hansı ölkədən öz xoşu ilə çıxıb? Özləri çıxırdısa, onda Baltikyanı ölkələrdən, Ukraynadan, Belarusdan çıxardılar. Hansı ki, həmin ölkələrin arxasında ABŞ və Avropa ölkələri dayanırdı. Rus qoşunlarının Azərbaycandan çıxarılması birbaşa Əbülfəz Elçibəyin siyasi fəndləri əsasında reallaşdı. Bunu danmaq olmaz.

AXC hakimiyyətinin kommunistlərlə ittifaqa girməsi də tamamən iftiradır. Belə bir şey olmayıb. Əksinə, Nemət özü kommunistlərlə əlaqəyə girib”.

İsmayıl