"Xosenin maddi durumuna bələdəm, adam çətinliklə böyüyür. Yəni o maşına bəlkə də Xosenin hər kəsdən daha çox ehtiyacı var"
"Yaxşı oynaya bilmədim, uduzdum"
Ramin Nabranlı: "Xose Bernardonun qalib olmasını çox istərdim"
"Xosenin maddi durumuna bələdəm, adam çətinliklə böyüyür. Yəni o maşına bəlkə də Xosenin hər kəsdən daha çox ehtiyacı var"
"Xosenin maddi durumuna bələdəm, adam çətinliklə böyüyür. Yəni o maşına bəlkə də Xosenin hər kəsdən daha çox ehtiyacı var"
«Maşın»ın ən maraqlı oyunçusu Ramin Nabranlı üçün maşın əldən getdi. Sərt açıqlamaları, məntiqli çıxışları, açıq mübarizəsi ilə seçilən Ramin Nabranlı səsverməyə çıxarkən hədəfini açıq şəkildə bəyan edib.
Ramin açıq mübarizəyə qoşulub və səs topladığı təqdirdə Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib. Veriliş boyu Sərxan və Ramin arasında qalmaqal yaşanıb.
Sonda 41,53 faiz səslə Nabran özü evə getməli olub. «Maşın»dan gedən Ramin «Şərq»ə maşın ətrafında baş verənlərdən danışdı.
- Olduğu qədərmi tamaşaçı baş verənləri seyr edə bilir?
- Maşın ətrafında görünənlər olduğu qədər deyil. Maşın ətrafında oyun gedir. İştirakçıların hər biri öz taktikasını sərgiləməyə çalışır. Kimisi susaraq, kimisi həyasızlıq edərək, səs-küylə oyununu oynayır.
- Səncə, sən niyə maşında qala bilmədin?
- Mənim səhvim onda oldu ki, bəziləri kimi yalvarmağı bacarmadım. Mən ancaq sadə xalqdan dəstək istədim. Yalvarmağı, xahiş etməyi, kimlərəsə müraciət etməyi qüruruma sığışdıra bilmədim. Bu mənim bəlkə də səhvim idi. Mən camaata özümü tam ifadə edə bilmədim. İnandıra bilmədim tamaşaçını ki, mən oyunumu açıq, şəffaf oynayıram. Bir çoxları kimi maskalanmıram.
- «Maşın»dan gedən Nazilə Səfərli belə bir açıqlama verib. Maşın ətrafında bir qruplaşma var. Ramin Nabranlı, Xose Bernardo və Xəyalə birləşmişdi. Ramin o qrupa rəhbərlik edirdi, Xose də onun buyruqlarını icra edən rolunu üzərinə götürüb. Qrupa sənmi rəhbərlik edirdin?
- Qətiyyən bununla razılaşa bilmərəm. Çünki mən qrup rəhbəri olmamışam. Nazilə Səfərlinin «Maşın»dan uzaqlaşdırılmasının senari müəllifi mən olmamışam. Xəyalə ilə Bernardo arasında olan razılıqla Nazilə xanım «Maşın»dan uzaqlaşdırıldı. Mən Nazilə xanımın çıxacağını gec bildim. Nazilə xanım özü də gözəl bilir ki, mən açıq oyun oynayırdım. Sadəcə, Bernardo ilə Xəyalənin düzüb-qoşduğu taktiki gediş yaxşı da alındı, Xəyalə səs toplayıb Nazilə xanımı çıxartdı. Mən əvvəldən bu sövdələşmədən xəbərsiz idim.
- Bir çoxları üçün Nazilə xanım daha güclü rəqib idi…
- Nazilə xanım güclü idi? Güclü oyunçu maşının yanında olardı bu gün. Güclü oyunçu bu gün maşın ətrafında dayananlardı.
- «Maşın» ətrafında çox danışmaq, ya susmaq düzgün taktika sayılır?
- Susmaq daha çox bəxtəbəxt taktikasıdır. Yəni yaddan çıxırsan, sənə toxunan olmur. Səmra kimi. Danışmaq riskli taktikadır, amma maraqlı taktikadır. Oyunçu olaraq da maraqlı olursan.
- Səncə, yetərincə maşın ətrafında danışa bildin? Özünü ifadə etmək imkanından istifadə etdin?
- Mənə lazım olan qədər xalqım məni tanıdı. Mənim üçün maşını udub-udmamaqdan əvvəl şəxsiyyətimi qorumaq idi. Mən maşına görə dəyərlərimi itirmədim.
- Nazilə xanım açıqlamasında sizinlə bağlı belə bir fikir də işlədib ki, maşına ehtiyacı olanlar arasında Raminin buna daha çox ehtiyacı var.
- Sağ olsun bu sözlərinə görə. Bəli, maşına ehtiyacım var idi. Sadəcə yaxşı oynaya bilmədim, uduzdum.
- Zəif oyun nümayiş etdirdiyini etiraf edirsən?
- Bəli, son günlər yaxşı oynaya bilmədim. Qürurum məni məğlub elədi. Amma millətin sevgisini qazana bildim. Bu da az qazanc deyil.
- «Maşın»ın bütün sürətlərində iştirakçılar maskalardan çox danışıblar. Maşın ətrafında simasını itirib gedənlərin olduğunu vurğulayıblar. «Maşın» Ramin Nabrana nə öyrətdi, nə qazandın?
- «Maşın» mənə dost qazandırdı. Əslində həyatın gerçəkliyini bir də göstərdi. Bir də indiyə qədərki bütün «Maşın»lardan fərqli olaraq budəfəki «Maşın» daha mehriban ab-havada keçir. Az-çox söz-söhbətlər oldu. Amma heç kim digərinin şəxsiyyətinə, mənliyinə toxunmadı, efir mədəniyyəti qorundu. Təhqirlərə rast gələ bilmədilər. Hətta Sərxanla mübahisələrimiz olsa da, təhqirə yol verilmədi.
- Bir çoxlarının fikrincə, Sərxan çox səs-küylü oyun aparır...
- Razıyam. Çünki ona aid olan, olmayan hər söhbətə qoşulur. Özü də etiraf edir ki, mənfi rol kimi tanınmaq taktikasını seçib bu dəfə. Müsbət obraz kimi tanınmağı bacarmadı, mənfi kimi seçildi. Aktyorluğu mənfi obraz kimi tanımağa kömək etsə də, maşını udmağa kömək etməyəcək. Çünki son 3-lüyə Sərxan qalmayacaq.
- Səncə, kimlər finala qalacaq?
- Fikrimcə, finala Bernardo Xose, Xəyalə və Ranar qalacaq. Amma yenə də oyundan söhbət gedirsə, hər an qərarlar dəyişə bilər, Sərxan da qala bilər.
- Maşının kimə qismət olması səni sevindirər?
- Xose Bernardonun qalib olması məni sevindirər. Çünki o, mənim yanımda böyüyüb. Həyatda ən çox onunla şəxsi münasibətim olub. Bilirəm ki, nə qədər sıxıntıları var. Xosenin maddi durumuna bələdəm, adam çətinliklə böyüyür. Yəni o maşına bəlkə də Xosenin hər kəsdən daha çox ehtiyacı var.
Tahirə Məmmədqızı