Yeni azar...

Feysbukun canlı yayımında faydasız işlərlə məşğul olanlar çoxdur, bəs ekspertlər nə deyir?
Cəlil Cavanşir: “Canlı yayımda olan insanların əksəriyyəti bunu darıxdıqları üçün edir. Bu həm də ömür boyu efir həsrəti çəkən insanların yarasına su səpdi”


Aysel Əlizadə: "Bu məsələni müzakirə edərək insanları bir az həvəsləndirə bilərik. Daha bilgili və vacib məlumatlar paylaşsınlar ki, kənardan bayağı görsənməsin”

Osman Gündüz: "Məişət qayğılarını,istirahətini yayımda göstərən və bəsit ictimai əhəmiyyət kəsb etməyən məsələlər nümayiş etdirilir”

Zeynal Məmmədli: "Ən pis addım bu cür halların qadağan edilməsidir”



Son günlər feysbukda canlı yayım dəb halını alıb. Bu funksiyadan istifadə edənlərin demək olar ki, yarıdan çoxu getdikləri məkandan tutmuş yedikləri yeməyi, aldıqları paltarı canlı olaraq nümayiş etdirirlər. Təbii ki, kəskin və şiddətli şəkildə kimlərisə qınamaq olmaz. Onsuz da belə istifadəçilərə "Məqsəd nədir” sualı verilən zaman "şəxsi işimdir, özüm bilərəm” cavabı alınır. Lakin bu funksiyadan istifadə ictimaiyyət üçün yararlı olsa, daha məqbul olmazmı?

Məsələ ilə bağlı "Şərq”ə danışan ictimaiyyət nümayəndələri də canlı yayımdan istifadənin cəmiyyət üçün faydalı və maraqlı olmasının tərəfdarıdırlar. Yazıçı Cəlil Cavanşirin sözlərinə görə, sosial şəbəkələr, xüsusilə feysbuk heç bir şəxsi keyfiyyəti, önəmi olmayan adamlara şəxsiyyət qazandırdı

Və insanlar sosial şəbəkələrdən istifadə etdikcə, özlərini həddindən artıq vacib hesab edirlər, fikirlərinin dəyərli olduğunu düşünürlər. Eyni zamanda onların yazacağı, paylaşacağı fikirlərin dostluğunda olan insanlara təsir edəcəyinə inanırlar.

C.Cavanşir həmçinin bildirib ki, canlı yayımda olan insanların əksəriyyəti bunu darıxdıqları üçün edir. Onlar darıxmağı canlı yayımda hər hansı söhbət və paylaşımla kompensasiya eləməyə çalışırlar

"Bu canlı yayım funksiyası ömür boyu efir həsrəti çəkən insanların yarasına su səpdi. Çox böyük həvəslə canlı yayımlara qoşulurlar. Gün ərzində bəlkə yüzlərlə bildiriş alıram ki, filankəs canlı yayıma qoşuldu. Sosial şəbəkədəki imkanlardan normal istifadə edənlərə heç bir iradım yoxdu, müsbət də qarşılayıram. Əgər canlı yayım edib faydalı bir şey edə bilirlərsə, bu çox maraqlıdır. Kimsə qarderobunu nümayiş etdirirsə və yaxud istirahət etdiyi məkanı göstərirsə, bu bəlkə bəziləri üçün maraqlı ola bilər, amma mənim üçün maraqlı deyil. Canlı yayımlarda faydalı mövzularda danışmaq daha maraqlı olar”.

Yazar xanım Aysel Əlizadə isə bildirib ki, insanlar özlərini necə ifadə edirlərsə, buna görə onlara mane olmaq lazım deyil. Onun sözlərinə görə, insan özünü nə qədər çox ifadə eləsə, cəmiyyətdə bir o qədər arınma olar. Beləliklə də, doğru ifadənin yolunu tapmaq mümkündür:

"Mən belə insanları tənqid edib aşağılaya bilmərəm. Amma görünür, hamının tanınmaq, publikaya nəsə demək arzusu var. Bunun üçün də feysbukdakı funksiyalardan yararlanırlar. Lakin belə insanları pisləməyin tərəfdarı deyiləm. Mental baxımdan bir az qapalı cəmiyyətik, qapalılıq hətta bizə irsən ötürülür. Genetik olaraq hamı özünü bağlanmalı hiss edir. İndi elektron demokratiya dönəmində yaşayırıq. Əslində sosial şəbəkələr elektron demokratiyanın əsas aparıcı mexanizmlərindən biridir ki, insan orda həm də özünü ifadə etmə azadlığını yaşayır. Bu məsələni müzakirə edərək insanları bir az həvəsləndirə bilərik. Daha maraqlı mövzular, yayımlar eləsinlər, daha bilgili və vacib məlumatlar paylaşsınlar ki, kənardan bayağı görsənməsin. Yenə də deyirəm, insanların özünü ifadə etməsi üçün çoxlu şərait yaranmalıdır. Özümüzü o qədər ifadə eləməliyik ki, bu kimi şeylər baş verməsin və doğru yolu tapaq.
Düzdü, bəzən məni qıcıqlandıran yayımlar olur. Amma bu, insanların istedadını göstərmək üçün çox yaxşı və optimal bir fürsətdir. Yayıma hazırlıqlı çıxsalar, danışacaqları mövzu ilə bağlı bilgili olsalar, daha səviyyəli görünər”.

Canlı yayımın daha çox jurnalistlər, bloggerlər üçün yaxşı fürsət olduğunu deyən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial medianın açıq şəbəkə olduğunu söyləyib. Mərkəz direktorunun sözlərinə görə, qanunvericilikdə qadağan edilməyən istənilən paylaşım mümkündür: 

"İnsanlar feysbukun bu funksiyasından müxtəlif məqsədlər üçün faydalana bilirlər. Bir sıra sosial mediaların video istiqaməti düzənlənib, o cümlədən feysbuk da belə bir canlı yayım xidmətini təklif edir. Xatırlayıram ki, əvvəllər bu cür funksiyanı çox məhdud çərçivədən təklif edən xidmətlər olurdu. Bu da bir qədər daha konservativ mexanizm idi.
Əlbəttə, canlı yayımdan müxtəlif məqsədlər üçün istifadə edənlər olur. Məişət qayğılarını, istirahətini yayımda göstərən və bəsit ictimai əhəmiyyət kəsb etməyən məsələlər nümayiş etdirilir. Tövsiyə edərdim ki, yayımın faydalı tərəflərindən bəhrələnsinlər, ictimai məqsədlər üçün istifadə etsinlər. İnsanlar informasiya qəbul etmək üçün özləri seçim etməlidir. Əgər onlar bəsit, dar çərçivəli, ictimai əhəmiyyəti olmayan bir informasiya qəbul etmək istəyirlərsə, bu da onların öz seçimidir”.

Media eksperti Zeynal Məmmədli isə deyib ki, ən pis addım bu cür halların qadağan edilməsidir. Ekspertin qənaətincə, qadağa ilə dünyanı dəyişmək əksinə, dünyanı pis tərəfdə yönəltmək deməkdir: 

"Burada əsas söhbət istifadə azadlığından gedir. Təbii ki, etnik, cinsi, milli məlumatların yayımlanması olmaz. İnsanlar özünü canlı yayımda hər formada ifadə edir. Düşünürəm ki, onlar mədəniyyətə hopduqca, yaxşı, keyfiyyətli təhsil aldıqca, modern həyatın dərinliklərinə vardıqca, bu kimi məsələlər öz həllini tapacaq”.

Yeganə Bayramova