Yeni mərhələ...

Prezident İlham Əliyevin Amerika səfərini politoloqlar yüksək dəyərləndirirlər



"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”. Bu barədə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat katibi Con Kirbinin Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibi Con Kerrinin görüşünün nəticələrinə dair yaydığı bəyanatda qeyd edilib. Sənəddə C.Kirbi bildirir ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səyləri müzakirə ediblər.

Dövlət katibi ABŞ-ın qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı narahatlığını ifadə edib. O, rəsmi Vaşinqtonun münaqişənin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və Helsinki Yekun Aktına uyğun həlli üçün tərəflər ilə birgə işləməyə sadiq qaldığını qeyd edib. C.Kirbi diqqətə çatdırıb ki, Con Kerri ABŞ-ın Azərbaycanın regionda ticarət mərkəzinə çevrilmək istiqamətində göstərdiyi səyləri dəstəkləyir. O, Prezident İlham Əliyevə Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına verdiyi töhfəyə, o cümlədən sülhməramlı əməliyyatlarda və terrorizmə qarşı mübarizədə oynadığı rola görə minnətdarlığını bildirib. Bəyanatda vurğulanır ki, dövlət katibi ABŞ-ın Azərbaycanda demokratiya və insan haqları məsələsində atılan müsbət addımları yüksək qiymətləndirir.

ABŞ səfəri uğurlu siyasətin nəticəsidir

ABŞ-Azərbaycan münasibətlərinin inkişafından danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev bildirib ki, xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir: "Dövlətçiliyin, müstəqilliyin qorunması, milli və beynəlxalq təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bu baxımdan, Prezident İ.Əliyevin ABŞ-da keçirilən Beynəlxalq Nüvə Sammitinə dəvət alması və onun həmin tədbirdə ən nüfuzlu iştirakçılardan biri kimi iştirak etməsi və qiymətləndirilməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, bu prioritetlər ilk növbədə Azərbaycanın xarici siyasət kursunun davamlı uğurlarının məntiqi nəticəsidir”.

Dövlətimizin imici xeyli yüksəlib

Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, İ.Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət, məhz bu əsaslar üzərində qurulub və ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib: " Bütün bunlar isə diplomatik reallıqlar fonunda dövlətimizin imicini xeyli yüksəltmişdir. Bu kimi mötəbər beynəlxalq tədbirdə Azərbaycana xüsusi yerin ayrılması və orada ABŞ rəsmiləri tərəfindən irəli sürülən fikirlər də məhz belə qənaətə gəlməyə zəmin yaradır. ABŞ Prezidenti Barak Obama tərəfindən Azərbaycanın dövlət başçısına dəvət göndərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir”.

ABŞ ərazi bütövlüyümüzü dəstəkləyir

Parlamentari İ.Əliyevlə C.Kerrinin görüşündən də söz açıb: "ABŞ hər zaman Azərbaycanla çoxşaxəli əməkdaşlıq və tərəfdaşlıq prinsipi yürütməkdə maraqlı olduğunu nümayiş etdirib: "Əbəs yerə deyil ki, Azərbaycanın uzun illərdir yaşadığı Dağlıq Qarabağ problemi ətrafında ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi barədə sərgilədiyi münasibət də qeyd edilən faktoru ehtiva etməkdədir. ABŞ-ın dövlət katibi deyib ki, ABŞ eyni zamanda münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Təbii ki, bu münaqişə işğal olunmuş ərazilərimizin inkişafına ciddi maneələr yaradır, bu baxımdan, onun ədalətli və tez bir zamanda həllinin vacibliyini də ABŞ tərəfi anlayır. Bu səbəbdən, Kerri İ.Əliyevlə görüşündə regionda Azərbaycanın iqtisadi imkanlarının çox geniş olduğunu xatırladıb və rəsmi Vaşinqtonun Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Təbii ki, bu kimi mötəbər beynəlxalq tədbirdə Prezident İlham Əliyev də əhəmiyyətli məsələlərə toxunaraq, xatırladıb ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır - 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır: "Ölkə rəhbərimiz Azərbaycanın ABŞ-la iqtisadi əməkdaşlığı barədə və bu əməkdaşlığın inkişafı haqqında fikirlərini önə sürərək, Ermənistanın işğalçılıq siyasətinin daha geniş əməkdaşlığa mane olduğunu xatırladıb. Belə ki, ABŞ şirkətləri Azərbaycana külli miqdarda sərmayə yatırır. Əgər işğal olunmuş ərazilərimiz azad edilsəydi və bu sərmayələr həmin ərazilərimizə də yatırılsaydı, Azərbaycan daha əlverişli iqtisadi proseslərdə nəhəng layihələrə imza ata bilərdi. Ona görə də dövlət başçımız regionda Ermənistanın işğalçılıq siyasətindən danışıb və vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal ediblər. Dağlıq Qarabağ münaqişəsi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri-şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir. Cənab İlham Əliyev deyib ki, Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizliyə böyük hədədir”.

Balanslı diplomatiyamız uğur qazanıb

Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib: "Ümumiyyətlə, sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani sübutdur. Ona görə, həm də bu cür düşünmək olar ki, Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Nəticədə Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində ən yüksək səviyyədə iştirakı qeyd olunan fikirləri bir daha təsdiqləmiş olur”.

ABŞ-ın Azərbaycana marağı artıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib ki, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti Azərbaycan Prezidentinin ABŞ-dakı görüşləri üçün şərait yaradan vasitə kimi xarakterizə oluna bilər: "Azərbaycan Prezidenti çoxdandır ki, ABŞ-a səfər etmirdi. Bu səfər çərçivəsində mövcud olan problemlərin demək olar ki, hamısının həlli istiqamətində uğur əldə olundu. Sözügedən səfər ABŞ-ın Azərbaycana olan marağını ortaya qoydu. ABŞ Azərbaycan Prezidentinin beynəlxalq nüvə sammitinə dəvət olunduğu andan ölkəmizə qarşı tamam fərqli siyasət yürütməyə başladı. ABŞ Azərbaycana nümayəndə heyətini göndərdi, ölkəmizin daxili işlərinə qarışmadı, Dağlıq Qarabağ məsələsi ilə bağlı daha aydın mövqe ortaya qoymağa başladı. Hətta ABŞ-ın Azərbaycandakı səfiri işğal olunmuş ərazilər terminini işlətdi”.

Yeni mərhələ başlayıb

Azərbaycan Prezidentinin ABŞ-da mühüm görüşlər keçirdiyini dilə gətirən politoloq söyləyib ki, iki ölkə arasında formalaşan isti münasibətlər uzun müddət davam edəcək: "Azərbaycan Prezidenti ABŞ-da dövlət katibi Con Kerri ilə yanaşı, bir qrup əhəmiyyətli görüşlər keçirdi və görüşlər zamanı Azərbaycanın rolu müzakirə olundu. ABŞ rəsmiləri Azərbaycanın rolunu dərk etdikcə, Dağlıq Qarabağ məsələsində ölkəmizə dəstək verməyə başladılar. Ən nəhayət, ölkə başçısı ABŞ-ın vitse-prezdenti Co Baydenlə görüşdü. Sirr deyil ki, Co Baydenin dünya, eləcə də Amerika siyasətində apardığı rol əvvəlki vitse-prezidentlərdən daha fərqlidir. Dünyanın ayrı-ayrı istiqamətlərində bir çox məsələlər, məhz onun nəzarətindədir. Co Bayden Azərbaycan Prezidenti ilə görüşdə bildirdi ki, ABŞ ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini qətiyyətlə dəstəkləyir. Bu zamana qədər ABŞ-Azərbaycan arasında soyuq münasibətlər çox olub. Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan heç zaman ABŞ-la münasibətləri soyutmağa cəhd etməyib. ABŞ müəyyən qüvvələrin, eləcə də erməni lobbisinin təsiri altında zaman-zaman ölkəmizlə münasibətlərini soyudub. Lakin bu səfər Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə olduğunu göstərir. Baş verənlər deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətləri normal, hətta mən deyərdim isti axına qədəm qoydu. Bu, formalaşan yeni münasibətlər sistemi uzun müddət davam edəcək”.

Bu səfər amerikalıların gözünü açıb

Azərbaycanın antiterror əməliyyatlarında hər zaman ABŞ-ın yanında olduğunu dilə gətirən M.Əhmədoğlu söyləyib ki, ölkəmiz Əfqanıstan kampaniyasında beş parametr üzrə iştirak edir: "Ermənistan isə cəmi bir parametr üzrə işləyir. Lakin erməni lobbisi onların bir parametr üzrə iştirakını bizimkindən daha üstün təqdim edirdi. Artıq ABŞ-da başa düşdülər ki, ermənilər yalan danışır və onların bir dövlət olaraq mövcudluğunun əsas funksiyası Azərbaycana və Türkiyəyə qarşı mübarizə aparmaq, bu ölkələri ləkələməkdən ibarətdir. Ermənistan dövlətçiliyini möhkəmləndirən, xalqının vəziyyətini yaxşılaşdıran və sosial-iqtisadi uğurlar əldə edən ölkə deyil. Onun həyatı məqsədi Azərbaycanı və Türkiyəni pisləməkdən ibarətdir. Bu baxımdan, Prezident İlham Əliyevin səfəri amerikalıların gözünü açdı. Düşünürəm ki, bundan sonra Əfqanıstan kampaniyasında oynadığımız rol ABŞ-da düzgün qiymətləndiriləcək. Hazırda Azərbaycan bu kampaniyadan da üstün işlə məşğuldur. Avropanın enerji təhlükəsizliyinin ən vacib rıçaklarından biri Azərbaycanın əlindədir. Lakin ölkəmiz bundan heç zaman siyasi məqsədlər üçün istifadə etməyib”.

Tarixi görüşlər baş tutub

Politoloq bəyan edib ki, Azərbaycan Prezidentinin ABŞ-a səfərinin praktiki əhəmiyyətindən biri Havay ştatının qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımaqla bağlı qəbul etdiyi qətnamədən imtina etməsidir: "Artıq mətbuatda onların Azərbaycandan üzr istədikləri ilə bağlı yazılar yazılıb. Bildirilib ki, qətnamə prosedur qaydalarından keçmədən qəbul olunub. Əgər sənəd belə qəbul olunubsa, bu o deməkdir ki, onlar qətnaməni ləğv edəcəklər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu səfəri bütün parametrlər üzrə tarixi səfərdir və bundan sonra erməni lobbisinin ABŞ-da fəaliyyəti üçün çox ciddi maneə yarandı”.

Görüşlər ölkəmiz üçün əla fürsətdir

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa səfərin ABŞ-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ olduğunu deyib. O bildirib ki, bu səfər ikitərəfli münasibətlərin bir daha gözdən keçirilməsinə imkan yaradacaq: "Xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan Prezidentinin prinsipial mövqeyinin orada səslənməsi müəyyən məsələlərə öz təsirini göstərəcək. ABŞ rəsmiləri də açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildiriblər. Ancaq biz daha qəti mövqe gözləyirik. Çünki ABŞ-ın beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi dünyada sülhün bərqərar olmasında əsas rol oynayır. Ona görə də hesab edirəm ki, bu görüşlər Azərbaycanın faydasınadır və bütövlükdə Azərbaycanın problemlərinin diqqət mərkəzinə gətirilməsi üçün bir fürsətdir. Ümid edirəm ki, görüşlərin nəticəsi ABŞ-Azərbaycan münasibətlərinin inkişafına şərait yaradacaq”.

F.Mustafa qeyd edib ki, ABŞ və Azərbaycan arasında ən mühüm məsələlərdən biri təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıqdır: "Bu məsələlərdə də mövqelərin müəyyən dərəcədə uzlaşdırılması hər iki dövlətin ən azı, iqtisadi baxımdan xeyrinədir. "Cənub Qaz Dəhlizi” və başqa layihələrin bir daha müzakirə olunması və gündəmə gətirilməsi, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra yaranmış yeni situasiyaya uyğun qərarların qəbul olunması, hər halda, iki ölkənin iqtisadi maraqlarına uyğundur. Ümid edirik ki, bu istiqamətdə də hər iki tərəfi qane edən qərarların qəbuluna və ya anlaşmanın əldə edilməsinə imkan yaranacaq”.

Ayyət Əhməd