Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb
"Azərspace 2” peykinin orbitə çıxarılması ölkəmizin kosmik məkanda öz mövqeyini möhkəmləndirməsi baxımından böyük töhfədir. İndiyə kimi orbitə çıxarılan hər 3 peyk vasitəsilə Azərbaycan bütün dünyada telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Hər bir ölkə bu imkanlara malik deyil. Orbitdə peyk saxlamaq yalnız güclü dövlətlərə xas olan xüsusiyyətdir.
Ölkəmizin orbitə peyk buraxması onun iqtisadi gücünün növbəti göstəricisidir. Vurğulamaq lazımdır ki, Azərbaycanın orbitə buraxdığı 2 peyk artıq kommersiya baxımından özünü doğruldub. Peyklərimiz onlara qoyulan vəsaiti artıqlaması ilə çıxararaq, ölkəyə gəlir verməyə başlayıblar. Üçüncü peykimizin imkanlarının 50 faizə qədəri də orbitə buraxılmamışdan əvvəl satılıb.
Bu baxımdan deyə bilərik ki, orbitə buraxılan peyklər kommersiya baxımından Azərbaycana böyük gəlir gətirmək əzmindədir. Orbitə buraxılan peyklərin informasiya təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etməsi dövlətlərin marağındadır. Müasir dövrdə informasiya təhlükəsizliyi çox ciddi faktora çevrilib. Dövlətlər özlərinin milli təhlükəsizliyini qorumaq üçün ilk növbədə informasiya təhlükəsizliyinin təmininə üstünlük verirlər. Bu baxımdan, Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Peyklər müşahidələrin aparılması baxımında da ölkəyə üstünlük verir, dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müharibə şəraitində olan bir ölkə olduğunu nəzərə alsaq, orbitdə peykimizin olması bizə əlavə üstünlüklər verir. Ümumilikdə götürsək, Azərbaycanın növbəti peykinin orbitə buraxılması təqdirdirəlayiq addımdır. Ekspertlərin fikrincə, peyklərin orbitə çıxarılması qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinin icrasına stimul verəcək və bu sahə ilə əlaqədar kadrların hazırlanmasına ciddi təsir göstərək.
"Azərspace 2” peykinin orbitə çıxarılmasını "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, son 5 ildə 3-cü peykimizin orbitə buraxılması mühüm amildir. Bu həm də mövcud iqtisadi gücün və təhlükəsizliyin göstəricisi, siyasi nüfuz deməkdir:
"Peyk özünü təqdimetmə imkanı verməklə yanaşı, digər ölkələrə informasiya təqdimatı və məlumat mübadiləsi sahəsində xidmət deməkdir. Məlumat mübadiləsi maddi təminatsız həyata keçirilmir. Başqa sözlə, bu, valyuta gəliri üzrə mənbə deməkdir. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev də çıxışında bildirdi ki, bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Ümumiyyətlə, Azərbaycanın kosmik sənayesinin inkişafı, peykləri idarə edən kadrların yetişdirilməsi olduqca mühümdür. Həm də məşğulluğun artmasına töhfədir”.
P.Heydərovun fikrincə, peyklərin olması iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün təkandır:
"Dövlət başçısının qeyd etdiyi peyklərin orbitə buraxılması infrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün böyük əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafında, ekoloji vəziyyətə nəzarətdə, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi kimi işlərdə "Azərsky” müşahidə peyki mühüm rol oynamaqdadır. Növbəti peykin buraxılması ölkəmizin qeyri-neft sektoruna da bir töhfədir”.
İsmayıl