Metroda 9 dəqiqə qatar gözləmək olar?
Sınıq-salxaq avtobusların intervalı metrodan azdır, 3 dəqiqədən bir avtobus gəlir
Metropolitenin yay qrafikinə keçməsi şəhər nəqliyyatının ən sürətli hesab olunan növünü sərnişin qatarları ilə bərabər edib. Metroda qatarlararası interval çoxaldığından bəzən platformada 9 dəqiqəyədək gözləməli olursan.
Metropoliten rəhbərliyi artıq bir neçə ildir ki, yay mövsümündə sərnişin sıxlığının azaldığını əsas gətirərək yay qrafikinə keçir. Yəni, qatarlararası intervalı böyüdür. Normal halda 2-2.5 - 3-3.5 dəqiqə olan interval 6 dəqiqəyə çatdırılır. Özü də yayın bu cırhacırında. Metropoliten sərnişin axınının azaldığını iddia edir, amma 5 dəqiqə platformada dayanmaq kifayətdir ki, sərnişin sıxlığı yarandığına şahid olasan. Qısası, yayın bu isti günlərində, köhnə vaqonların hələ də reyslər üzərində şütüdüyü və demək ki, vaqon daxilində nəfəs almaq getdikcə çətinləşdiyi, hava darlığı yarandığı bir vaxtda sərnişinlər zülm çəkir. Xüsusilə də Dərnəgül-Həzi Aslanov xəttində. Qatarlararası interval artırıldığından basabas yaranır, vaqonda nəfəs almaq qeyri-mümkünləşir. İş o yer çatıb ki, yerin üstündəki sınıq-salxaq avtobusların intervalı metrodan azdır. 3 dəqiqədən bir avtobus gəlir. Metro isə gecikmə olmadıqda 6 dəqiqəyə. Gecikmə olanda 9 (!) dəqiqəyə. Daha bunun harası "ən sürətli və rahat nəqliyyat” oldu? Olmaz ki, qatarların qrafiki həmişə eyni saxlansın, sərnişinlər də sıxlığın azalmasını hiss edib rahat gedib-gəlsinlər?
Məsələyə münasibət bildirən Metropolitenin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, yay qrafikinə keçidə aparılan monitorinqlər əsasında qərar verilir:
- Məhz aparılan monitorinqlər nəticəsində bu qənaətə gəlinib ki, yay aylarında sərnişin axını azalır. Əgər payız-qış aylarında 700 min sərnişin metrodan istifadə edirsə, yay aylarında bu göstərici 400-450 minə enir. Belə göstərici olduğu halda qatarlararası intervalı olduğu kimi saxlamaq iqtisadi baxımdan da sərfəli deyil. Bundan əlavə yay mövsümündə qatarlar təmir olunur, texniki baxışdan keçirilir. Adi vaxtlarda saatda 30 qatar xəttə buraxılırsa, yay mövsümündə qatarların sayı 24-ə endirilir. Kimsə kefinə görə, qatarların sayını azaltmır. Sərnişin axını əsas götürülərək intervalın böyüdülməsi, qatarların azaldılması qərarı verilir.
N.Paşayev bildirdi ki, hazırda qatarlararası interval "28 May” - Dərnəgül” və "28 May - "İçərişəhər” xətlərində 5 və 6 dəqiqədir.
"Dərnəgül-Həzi Aslanov” xəttində qatarlararası intervalın hansısa gündə 9 dəqiqəyə çatmasına gəlincə isə, N.Paşayev bunun texniki səbəblərlə bağlı olduğunu dedi: "Ola bilsin həmin vaxt əvvəlki qatarda nasazlıq olub, o qatarın xətdən kənarlaşdırılması vaxt aparıb. Ona görə də interval böyüyüb. Metropoliten rəhbərliyi belə gözlənilməz hallarda qatarların hərəkətini nizamlamağa çalışır ki, uzun zamanlı gecikmələr olmasın”.
Məlahət Rzayeva