“Yük maşınlarının minik avtomobillərinin hərəkətinə maneçilik törətməsi amili də var”
"Yol hərəkəti qaydalarına riayət edilməməsi faciələrə səbəb olur”. Bu sözləri "Şərq”ə açıqlamasında "Digesta” Hüquq firmasının rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov srağagün paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsindən danışarkən dedi.
Ə.Hüseynov bildirdi ki, 6 iyul 2017-ci il tarixində Ələt qəsəbəsi ərazisində "SOCAR” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş vermiş ağır yol qəzasının əsas səbəbi yol hərəkəti qaydalarının pozulmasıdır:
- 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası haqqında ziddiyyətli məlumatlar var. Qəzanın "Daewo” markalı avtomobilin yolun kənarında dayanmış qoşqulu yük maşınına arxadan çırpılması nəticəsində baş verdiyi, qəzada "Şhacman” markalı yük avtomobilinin iştirak etmədiyi haqda xəbərlər də var. Bu haqda dəqiq nəsə söyləmək, mülahizə yürütmək düzgün olmaz, bunu istintaq müəyyənləşdirməlidir. Ona görə də bizim indi fikir bildirməyimiz istintaqın işinə mane olar. Amma ümumilikdə onu deyə bilərəm ki, yol qəzaları əksər hallarda sürücülərin yol-hərəkəti qaydalarını kobudcasına pozmaları, lazımsız sürət həddi aşmaları, yol nişanlarına məhəl qoymamaları nəticəsində baş verir. Yük maşınlarının minik avtomobillərinin hərəkətinə maneçilik törətməsi amili də var. Dəfələrlə bildirilib ki, yük avtomobilləri yolun sağ hərəkət zolağı ilə hərəkət etməlidir.
Ümumiyyətlə, yolun sol hərəkət zolağı sürətli hərəkət edən avtomobillər üçündür. Yük avtomobilləri, ağır tonnajlı maşınlar, qaldırıcı kranlı avtomobillər yolun sağ zolağı ilə hərəkət etməlidir. Çox zaman avtomobillərin hərəkət zolaqlarını düzgün seçməməsi sürücülərin narazılığına səbəb olur, hətta yollarda tıxaclar da yaradır. Yük avtomobilləri üçün xüsusi zolaqların ayrılması isə artıq mümkün deyil. Yol infrastrukturu artıq yenidən qurulub, təkrar xüsusi zolaqlar dövrünə qayıtmaq düzgün olmaz. Sadəcə, avtomobil idarə edən hər bir kəs yol hərəkəti qaydalarını bilməlidir və bu qaydalara riayət etməlidir. Sürücünün diqqəti yolda olmalıdır, gərəksiz yerə sürət həddini aşmamalıdır.
Məlahət