“Yoxlama”

Xeyrəddin QOCA



Azərbaycanda xidmət səviyyəsi sıfır dərəcəsindədir. Xidmət mədəniyyəti isə xidmət edənlərin mədəniyyətindən çox asıldıdır. Hara gedirsən kobudluq görürsən, sənə boz sifət göstərirlər, çəkidə və qiymətdə aldadırlar, keyfiyyətsiz məhsul satırlar.

Təki, pul çıxsın! Qaz vurub qazan doldursunlar! Çünki heç kimdən çəkinmirlər, qorxmurlar. Niyə? Bunu hamı bilir və görür. Məsələn, bir mağazada qiymətin özbaşına gündən-günə artırılması haqqında yuxarı təşkilata zəng vurursan, belə cavab eşidirsən: "Biz onsuz da o mağazanı tanıyırıq də. Hər ay ora baş çəkirik”. Adamdan soruşarlar: "Əvvəla, hər ay mağazaya niyə baş çəkirsiniz və orada nə işiniz var? Özünüzün irişə-irişə dediyiniz kimi "aylıq haqq” alırsınız hə?”

Bakıda türklərin bir paltar mağazası var. İşçiləri deyirlər ki, ayda bir dəfə gəlib, alıb gedirlər. Hələ utanmaz-utanmaz (guya biz görmürük) kassir qıza telefon nömrəsi verirlər ki, görüş təyin etsinlər. Belə abırsızlıq olar? Onlar deyirlər ki, Türkiyədə belə şeylər görməmişik. İldə bir dəfə dövlətə vergi ödəyirik, vəssalam!

Bir-iki ilin söhbətidir. Gördüm ayaqqabı mağazasında 1300 (min üç yüz) manata İtaliya istehsalı ayaqqabı satırlar. Elə bildim rəqəm səhv yazılıb. Satıcıdan soruşdum, dedi "rəqəm doğrudur, on üç min manata satırıq”. Bir neçə gündən sonra İstanbula getməli oldum və həmin ayaqqabıdan 185 manata alıb gətirdim, mağazada ayaqqabıları qoydum yan-yana. Etiketləri tam eyni idi. Satıcı da təsdiq etdi. "Bəs niyə 185 manatlıq ayaqqabını min üç yüz manata satırsınız?” - deyə maraqlandım. Nə cavab versə yaxşıdır? "Əşşi, o qədər pullu adam var ki! Verib alırlar...”

Bakıda bir kostyuma verilən pulla Türkiyəyə gedib bir-iki gün oteldə qalıb, yeyib-içib, həmin kostyumdan da alıb gəlirsən, yenə ucuz düşür.

O gün görürəm ki, adi kişi əl çantasını mağazada 20000 (iyirmi min) dollara satırlar!!! Bu nə qudurğanlıqdır? Belə çantaları alanlar kimlərdir, görəsən?

Geyim mağazasında adam əyninə geyinməyə utandığı bir pencəyi 16000 (on altı min!) dollara satırdılar. Soruşdum, bu pencəyin qiyməti niyə belə bahadır? Dedilər "ipəkdəndir, ona görə”. İnanırsınız, kəsik-kəsik ipək parçaların bitişməsindən tikilmiş həmin pencəyə mən heç 50 manat da verməzdim... Belə pencəyi adam heç əyninə geyməz!

Restoranlara, yeməkxanalara gedirsən, qarşınıza çıxan, sizə "xoş gəlmisiniz” deyən tapılmır. Keçib bir masanın arxasında oturursan, handan-hana xidmətçilərdən biri salam-kəlamsız yaxınlaşıb deyir ki, "başqa masaya keçin, bu masa "zanitdir”.

Uzağa getməyək, xarici ölkələrdə yeməkxanaların, restoranların qapısı qarşısında dayanan xüsusi işçilər "buyurun”, "bizim yeməkxanaya xoş gəlmisiniz” deyərək müştərini istədiyi masaya oturdub sifariş qəbul etməyənə qədər rahat olmurlar. Qonaqpərvərlikdən çox dəm vururuq.

Bakıdakı marketlərdə piştaxtaya qoyulan ərzağın üstündə bir qiymət yazılır, kassalar başqa qiymət vurur. Elə bilirlər bu fırıldaqlardan heç kimin başı çıxmır! Apteklərdə bütün dərmanlar (bəli, bütün dərmanlar) qiymətindən baha satılır. Guya qiyməti kassaya vurub, müştəriyə qəbz verirlər. Həmin qəbzləri oxusanız görərsiniz ki, onların heç birində satılan malın adı yazılmır, yalnız qiymət göstərilir. Bu nə deməkdir? Şair belə yerdə deyib: "Kimi aldadırsan, ay zalım oğlu! (zalım qızı!)”.

Pulu olan da, olmayan da istirahət üçün xaricə getmək istəyir. Bilirsinizmi niyə? Orada yüksək xidmətlə rastlaşırlar. Bir də arvadınla, qızınla, nişanlınla istirahət edəndə kişiciklərin gözləri dörd olur. Rahatlıq tapmaq mümkün deyil. Ya da tarakanı kotletlə birlikdə qızardıb verirlər müştəriyə! Qutabların içindən qadın tükü çıxır. Adamın ürəyi ağzına gələr də!

Ümumiyyətlə, insanlara söz demək mümkün olmur, hamı aqressivləşib. Gülər üzlər görmürük. Xaricdə isə 90 yaşlı qadın və ya kişi ilə üzbəüz gələndə gülümsəyir. Bu gülümsəməklə demək istəyir ki, sizə nə köməyim dəyə bilər? Bəlkə ünvanı göstərim?

Tələsirsən, peşman olursan, yolda birinin maşınını keçirsən, güzgüdən baxanda görürsən, sağına-soluna keçib mütləq səni ötmək istəyir! Pa atonnan! Nə kişilər, nə də qadınlar düzünə sürmürlər. Bu özbaşınalıq ancaq bizdədir! Evə usta sifariş verirsən, ünvanı söyləyirsən, saatlarla geçikməyi bir yana, 30 dəfə zəng vurub soruşur ki, "hansı binaya yaxınsınız, hansı küçədən gələk və s. Axırda da gəlib ev sahibini "soyub” gedirlər, qəbz fılan da vermirlər.

Böyük-böyük idarələrdə adicə blanka görə 20 qəpik alırlar. Adam xəcalət çəkir! Ölkə başdan-başa bu gündədir! Mən mində birini yazmıram...

Bəs mətbuat, televiziya bütün bunları yazmamalı, göstərməməlidirmi? Yoxsa yüz illik eyiblərimiz olduğu kimi qalmalıdır?

Bu günlərdə ATV telekanalının "Yoxlama” verilişinin əməkdaşlarının Şamaxıda "Şamaxı” yeməkxanasının qoluzorluları tərəfindən döyülməsi, onlara məxsus video-kameranın səs qurğusunun və digər avadanlıqlarının sındırılması onu göstərir ki, bu rayonun rəhbərliyi qara işlərlə məşğul olan həmin adamlara təsir göstərmir. Onlara qonaqları necə qarşılamaq haqqında "təlim-tərbiyə” vermirlər. Həyasızlığa, abırsızlığa baxın, televiziya əməkdaşlarına, jurnalistlərə əl qaldırırlar! Bu da onların qonaqpərvərliyi! Niyə qoymursunuz televiziya işçiləri, jurnalisitlər öz vəzifələrini yerinə yetirsinlər? Çünki qorxursunuz, restoranda min-bir fırıldaqdan çıxırsınız, müştəriləri soyursunuz! Guya sizin kimilərinin necə fəaliyyət göstərdiyini bilmirik? İndi nə edək, jurnalistləri obyektlərə silahla göndərək? Bəlkə jurnalistlər sizdən əskik kişidirlər? Qoy hamı bilsin, jurnalistlər hər cür hörmətə-izzətə layiqdirlər. Onlar fövqəladə vəziyyətlərdə, ağır şərtlərlə, zəka, ağıl, bilik sərf edərək işlərini görürlər. Sizlər onlara mane olmamalısınız və sizlərə bu haqqı heç kim verməyib! Yəqin cəzanızı çəkəndə ayılacaqsınız! Qaldı televiziyanın "Yoxlama” verilişinə, buna bənzər verilişlər bütün televiziyalarda yaradılmalı, qəzetlər xidmət mədəniyyəti (mədəniyyətsizliyi!) haqqında tənqidi yazılar göstərməli və dərc etməlidirlər. Görünür, başqa təsir imkanları yoxdur. Restoranlarda, yeməkxanalarda bir tikə çörəyi boğazımızdan keçməyə qoymayanlar layiqli cəzalarını almalıdırlar!