Fazil Mustafa: “Amma bu təklifi dəstəkləməkdə çətinlik çəkirəm”
Milli Məclisin üzvü Zahid Oruc maraqlı təkliflə çıxış edib. Deputat gələn ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkisinin vaxtını 7 ay önə çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif edib. Zahid Oruc öz təklifini belə əsaslandırıb:
"Referendumda qəbul olunmuş yeni Konstitusiyanın tələblərinə görə, prezident seçilən şəxs 7 il ərzində dövlətimizə rəhbərlik edəcək. Yəni prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. İki fərqli hakimiyyət orqanına, Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasına səbəb ola bilər. Bu baxımdan seçkilərin bir neçə ay irəli çəkilməsi məqsədəuyğun olardı. Konstitusion baxımdan burada heç bir hüquqi norma pozulmur”. Deputatın seçki ilə bağlı təklifi həmkarı Siyavuş Novruzov tərəfindən birmənalı qarşılanmayıb. Millət vəkili bildirib ki, prezident seçkiləri qanuni müddət başa çatdıqdan sonra keçirilməlidir: "Məsləhət görərdim bəzi adamlar gedib konstitusiyanı oxusunlar. Bundan əlavə seçki məcəlləsində də qanunda göstərişlər var. İstənilən seçkinin geriyə, qabağa çəkilməsi, seçilmiş namizədin fəaliyət müddətinin azaldılması hüququ referendum yolu ilə oluna bilər. Əgər gələn il prezident seçkiləri ilidirsə, üstəlik, referendum keçirmək hansı düşüncə tərzindən irəli gəlir, başa düşə bilmirəm”. Deputat bəyan edib ki, Z.Orucun təklifində heç bir əsaslanma yoxdur: "Belə fikirləri ciddi hesab etmirəm və düşünürəm ki, seçkilər vaxtında keçiriləcək”.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa deyib ki, prezidentlik müddəti Konstitusiyada nəzərdə tutulub və qanunvericiliyə görə 5 illik prezidentlik müddəti başa çatmalıdır. Deputatın sözlərinə görə, 5 və 7 illik prezidentlik dövrü müharibə və ya hansısa fövqəladə, hərbi vəziyyət zamanı uzadıla bilər:
"Lakin 5 il müddət tamam olmamış təxirəsalınmaz prezident seçkisinin keçirilməsi çox ciddi səbəblə əsaslandırılmalıdır. Hər halda belə bir təklif varsa, müzakirə olunmalıdır. Maraqlı təklifdir, amma birmənalı bu təklifi dəstəkləməkdə çətinlik çəkirəm. Çünki hansı əsaslandırma ilə bu dəyişikliyin ediləcəyi önəmlidir. Düzdür, 2025-ci ildə parlament və prezident seçkilərinin üst-üstə düşməsi reallığı var.
Ancaq nəzərə almaq lazımdır ki, bu hal bir dəfə baş verəcək, yəni hər dəfə iki seçki üst-üstə düşməyəcək. Məncə, seçkinin bir dəfə üst-üstə düşməsi elə də ciddi problem yaradan amil hesab olunmur. O baxımdan məsələnin daha məntiqli əsaslandırılmasına ehtiyac var. Sadəcə, 2025-ci illə bağlı əsaslandırma müəyyən problemlər yarada bilər. İki seçki müəyyən dövr keçdikdən sonra yenə də üst-üstə düşə bilər. Hər dəfə seçkinin vaxtını dəyişmək olmaz axı. Əgər 20 il ərzində seçkilər bir dəfə eyni aya təsadüf edəcəksə, bunu hansısa formada yola vermək mümkündür”.
İsmayıl