Zaman dəyişdi, köşə yazılarının sayı azaldı

Redaksiyalar daha çox xəbərə üstünlük verirlər
Seymur Verdizadə: "Bir köşə yazmaq üçün bəzən bir kitab oxumalı olmuşam"


Elçin Xalidbəyli: "Müasir jurnalistikanın perspektivli kadr potensialı əvvəlki dövrlərə nisbətən ciddi şəkildə aşağı düşüb"

Azər Həsrət: "Köşə yazarlığının qüruba doğru getmədiyini əminliklə deyə bilərəm"

Cəlil Cavanşir: "Çoxlu dəxlisiz adamlar öz cızma-qaralarını köşə yazısı kimi cəmiyyətə sırımağa çalışırlar"

(...əvvəli ötən sayda)

Köşə yazıları müasir jurnalistikanın cəlbedici və mühüm sahələrindən biridir. Qəzet və saytların künc sütunlarında dərc olunan, siyasi, iqtisadi, ədəbi, sosial və digər ictimai problemlərlə bağlı müəllifin şəxsi fikirlərini ifadə edən yazılar "köşə” sayılır. Köşələr adətən günü və ya həftəni əks etdirir. Minlərlə insan köşə yazılarının əsasında özlərində siyasi və ictimai fikir formalaşdırırdılar. Məhz bu baxımdan, dünya mediasında köşə yazarları yüksək qiymətləndirilir.

Müəyyən sahədə ixtisaslaşan və ekspertə çevrilən köşə yazarları 2-4 min işarəlik yazılarında bəzən bütöv bir kitabda deyildiyindən daha çox fikir deyə bilərlər. Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, bizdə "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var.

Amma köşə yazılarının sayı əvvəlki qədər çox deyil. Bu silsilədən olan yazılar azalıb. Bəs, köşə yazılarının sayının azalmasının səbəbi nədir?

"Yeni Müsavat” qəzetinin əməkdaşı, tanınmış köşə yazarı Kənan Rövşənoğlunun fikrincə, köşə yazılarının sayının azalmasının əsas səbəbi böyük ölçüdə qəzetlərin, medianın maddi durumu ilə bağlıdır: 

"Üstəlik, artıq yeni media dövründə redaksiyalar daha çox xəbərə üstünlük verirlər. Publisistika, müəllif yazıları o qədər də diqqət cəlb etmir. Digər tərəfdən də onlayn media, sosial şəbəkələr informasiya məkanını ələ keçirdiyi üçün müəllif yazılarına oxucu tələbatı da azalıb. Bu səbəbdən də son illərdə müəllif yazılarının azalması tendensiyası var. Bu da qeyd etdiyim kimi, iki səbəbdən həm obyektiv, yəni dünyada baş verən yeni media hadisələri, həm də sırf Azərbaycandakı medianın maddi imkanları ilə izah oluna bilər”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə bildirib ki, köşə yazılarına maraq həmişə böyük olub: "Əgər bu gün mətbuatda köşə yazıları az gözə dəyirsə, bunun günahı müəlliflərdə deyil. Baş redaktorlar köşə yazarlarına az qonorar ödəyirlər. Köşə yazarı daim öz üzərində işləməli, mütaliə etməli, regionda və dünyada baş verən yeniliklərdən xəbərdar olmalıdır. Bəlkə də sizə qəribə gələcək, bir köşə yazmaq üçün bəzən bir kitab oxumalı olmuşam. Qonşu ölkələrdə köşə yazarları jurnalist həmkarlarından beş dəfə yaxşı yaşayırlar. Azərbaycanda isə köşə yazarları digər həmkarları ilə müqayisədə iki-üç dəfə çox işləyirlər. Müəllif tanıyıram ki, səhər Fəzail Ağamalının, günorta isə Elza Seyidcahanın mətbuat konfransına gedir. Axşam əldən düşəndə isə kompüterin qarşısında əyləşib köşə qaralamaq məcburiyyətində qalır. Amma Türkiyədə aparıcı köşə yazarlarının hamısının köməkçisi var. Bizdə isə köşə yazarı özü kiminsə yanında köməkçi işləyir ki, ayın axırında evinə beş manat pul aparsın.
Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, Azərbaycanda ən yüksək qonorar alan üç-dörd köşə yazarından biri mənəm. Amma aldığım qonorar ailəmin dolanışığına bir həftə bəs eləmir. Buna görə də köşə yazmaqla yanaşı, QHT sektorunda fəaliyyət göstərir, kitab redaktəsi ilə məşğul oluram. Köşə yazarı da var ki, məişət problemlərini həll etmək üçün ağır fiziki işlə məşğul olur. Hansı ki, köşə yazarı daş daşımamalı, palçıq qarışdırmamalı, suvaq vurmamalıdır. Köşə yazarının əlindəki yeganə alət qələm olmalıdır”.
S.Verdizadənin sözlərinə görə, köşə yazarlığını dəbə çevirmək olmaz: "Yalnız müəyyən həyat təcrübəsi, analiz qabiliyyəti, intellekti olan adam köşə yaza bilir. Köşə yazarı mövzunu həyatın içindən tapmağı bacarmalıdır. Ulduzlara baxıb köşə yazan adam uğur qazana bilməz. Köşə yazarı həm də cəsarətli olmalıdır. Lazım gəlsə, axına qarşı üzməyi bacarmalıdır. Kütlənin xoşuna gəlməyə çalışan adam köşə yazarı deyil, ancaq bayağı müğənni ola bilər”.

Tanınmış jurnalist Elçin Xalidbəyli bildirib ki, köşə yazılarının azalmasının bir çox səbəbləri var. Onun sözlərinə görə, şübhəsiz ki, maddiyat da bu səbəblərin sırasında xüsusi yerlərdən birini tutur: 

"Amma fikrimcə, bu məsələdə diqqət yetirilməli olan önəmli səbəblərdən biri məhz müasir jurnalistikanın mövcud durumuna bağlıdır. Belə ki, müasir jurnalistikanın perspektivli kadr potensialı əvvəlki dövrlərə nisbətən ciddi şəkildə aşağı düşüb. Yəni son dövrlərdə jurnalistika sahəsində fitri istedada malik kadrlar çox az yetişir. Köşə yazarlığı da xüsusi fitri istedad tələb edən janrlardan biridir. Çünki köşə yazarı gündəmi öz düşüncə süzgəcindən keçirib, oxucuya, çəmiyyətə maksimum doğru məzmunlu izah və təhlillərlə xitab etməyi bacarmalıdır. Üstəlik, köşə yazarı cəmiyyətə demək istədiklərini mümkün olduğu qədər qısa məzmunlu mətnlə çatdırmaq qabiliyyətində olmalıdır. Müasir jurnalistikamızda belə yetişkin yazarlar artıq elə də çox yetişmir. Əvvəlki dövrlərdə yetişmiş istedadlı, təcrübəli köşə yazarları isə yaşlanaraq, tədricən jurnalistikadan uzaqlaşmağa başlayıblar. Burada da maddiyyat məsələsi önəmli şəkildə ortaya çıxmağa başlayır. Ən azından ona görə ki, yeni köşə yazarlarının yetişməsi üçün onların öz yazdıqları köşələrlə əldə etdikləri qazanc hesabına yaşaya bilmələri lazımdır. Müasir jurnalistikamızın təmsilçiləri olan media qurumlarının əhəmiyyətli hissəsinin köşə yazarları üçün belə maddiyyat standartlarını təmin etmək imkanları məhduddur. Ona görə də həm yeniləri yetişmədiyi üçün köşə yazarlarının sırası seyrəlir, həm də buna paralel olaraq, köşə yazılarının sayı tədricən azalır”.

Müxtəlif media orqanlarında köşə yazıları ilə çıxış edən gənc yazar Qan Turalı da gördüyü və eşitdiyi hadisələrdən yazır: 

"Köşə mövzusu tapmaq mənim üçün elə də problem deyil. Bununla belə həmişə mövzu ilə fərqlənmək istəmişəm. Məncə, köşə yazarı üçün mövzu seçimi uğurun yarısı, bəzən də hamısıdır. Hamının bildiyi məsələ haqqında yazmağın adı yoxdur. Bu həm seçilən mövzuya, həm də mövzuya münasibətə aiddir. Bir də görürsən ki, beş köşə yazarı eyni mövzuya eyni cür münasibət bildirib. Bəzən türk mətbuatında görürəm ki, Ərdoğanın bir açıqlamasına eyni qəzetin 9-10 köşəsində cavab veriblər. Bu, normal haldır. Köşə yazarı gündəmi tutmalı, ondan yazmalıdır. Amma düzünü deyim ki, mən gündəmi tutmuram. Çünki özümü köşə yazarı saymıram, amma köşə yazıram”.

Əməkdar jurnalist Azər Həsrət bildirib ki, jurnalistikanın ən hörmətli sahələrindən biri də köşə yazarlığıdır:

 "Xüsusən də dünyanın aparıcı ölkələrində və media qurumlarında yazarların konkret öz köşəsi var və həmin köşə mütləq şəkildə hər bir oxucu tərəfindən izlənilir. Bir çox ölkələrdə oxucu qəzeti məhz ona görə alır ki, həmin qəzetdə hansısa yazarın köşəsi var və o köşəni oxumalıdır. Hətta Türkiyə mətbuatında belə bir praktika da var ki, tanınmış köşə yazarları bu və ya digər səbəblərdən növbəti nömrəyə təqdim etməyəndə onun köşəsinə heç kimin yazısı qoyulmur. Sadəcə olaraq yazılır ki, bu gün oxucular üçün köşə materialı təqdim edilməyəcək. Çünki hamı bilir ki, oxucuların çoxu məhz həmin köşə yazısını gözləyir”.

A.Həsrətin sözlərinə görə, köşə yazısı həm dəyərləndirmə, həm şərh, həm də ümumi-ictimai rəyin ifadəsidir: 

"Köşə yazısı eyni zamanda aftoritetik söz deməkdir. Yəni köşə yazısı sanbalı, çəkisi olan bir söz deməkdir. Bu sözü də demək üçün jurnalistin kifayət qədər yüksək səviyyədə hazırlığı olmalıdır. Köşəni hər kəsin yazması düzgün deyil. Düzdür, bəzi gənclər bəlli təcrübə toplamadan köşə yazarlığına başlayıblar. Amma bu yanlışdır. Qərb və Türkiyə mətbuatında köşə yazarlığını edən insanların yaşı 50-dən çoxdur. Çünki bu adamlar yazarlıq, jurnalistika sahəsində olduqca yüksək təcrübə toplayıblar, ictimai-siyasi prosesləri yaxından izləyiblər, mövcud proseslərdən çox məlumtalıdırlar. Onların yazdığı hər cümlə oxucunun qəlbində əks-səda verir. İnsanlar deyir ki, bu sözü filan köşə yazarı yazıb. Ona görə də həmin sözün çəkisi, dəyəri var”.

Əməkdar jurnalistin fikrincə, ölkəmizdə köşə yazılarının sayının azalması səbəbsiz deyil:

 "Çünki həqiqətən də köşə yazarlığı bir tərəfdən yüksək hazırlıq tələb edirsə, digər tərəfdən də köşə yazarlığının medianın özünə gətirəcəyi gündəm məsələsi var. Əlbəttə ki, köşə yazılarının oxucusu, gözləyəni var. Amma istənilən xəbər köşə yazarından daha çox oxucunu mətbuata cəlb edə bilir. Ona görə də xüsusən çevik, operativ xəbərlərə üstünlük verilir. Həmçinin biz internet əsrində yaşadığımıza görə, insanların uzun-uzadı yazıları oxumağa o qədər də meyl etmədiklərini nəzərə alsaq, köşə yazarları bir qədər küncə sıxışdırılmış kimi görünə bilər. Lakin əminliklə deyirəm ki, bu, sadəcə olaraq belə görünür. Məsələn, dəfələrlə mənim haqqımda da xəbərlər gedir, yaxud hansısa xəbər tipli yazılarım olur. Bütün bunlarla bağlı mənə reaksiya gəlsə də, o qədər çox deyil. Amma hansısa köşə yazısı yazanda görürəm ki, belə yazılara göstərilən reaksiya olduqca yüksək səviyyədədir. Həmçinin yetərincə hörmətli, sözün qədrini, dəyərini bilən, jurnalistikanın gücünü anlayan adamlar tərəfindən reaksiyalar olur. Yəni, məni tanıyan və tanımayan, sözün dəyərini anlayan insanlar öz fikirlərini bildirirlər. Bu baxımdan köşə yazarlığının qüruba doğru getmədiyini əminliklə deyə bilərəm. İnsan cəmiyyəti var olduqca sözün dəyəri və bu dəyəri anlayacaq sərrastlar olacaq”.

Yazar Cəlil Cavanşir Azərbaycanda köşə yazarlarının vəziyyətinin qənaətbəxş olmadığını düşünür: 

"Çoxlu dəxlisiz adamlar öz cızma-qaralarını köşə yazısı kimi cəmiyyətə sırımağa çalışırlar. Köşə bütün dünyada sərbəst, yazar tərəfindən seçilən mövzularda yazılır. Yəni azaddır. Köşə yazarı mövzunu sərbəst olaraq seçir və mövzu ətrafında öz şərhlərini yazır. Dünya mediasındakı köşə yazarlarının vəziyyəti bizdən daha fərqlidir. Hesab edirəm ki, bizdə köşə yazarları kifayət qədər azad deyil. Eyni zamanda maliyyə məsələsində də bizim durumumuz çox aşağıdır. Köşə yazarlarından keyfiyyət gözləmək üçün iki vacib şərt müzakirə mütləq olunmalıdır: - köşə yazarına verilən qonorar və sərbəstlik”.

Yeganə Bayramova