"Zatulin erməni lobbisinin təsiri ilə seperatçıları dəstəkləməkdə davam edir" - Deputat





"Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və və erməni seperatizmini dəstəklədiyini nümayiş etdirir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Rusiya rəsmisi Konstantin Zatulinin ifadələrinə münasibət bildirən deputat bəyan edib ki, hər şeydən öncə belə mövqe Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir:

"Azərbaycan və Rusiya qədim tarixi kökə malik olan tərəfdaşlardır. Hazırda hər iki ölkə arasındakı münasibətlər strateji müttəfiq səviyyəsindədir. Əgər regionda Azərbaycan və Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən və hər iki ölkənin birgə təhlükəsizliyindən söhbət belə gedə bilməz. Elə bu yaxınlarda MDB dövlət başçıları şurasının Düşənbə şəhərində keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizlyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar mədəni və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə olundu. Rusiya prezidenti Vladimir Putinin bu kimi məsələləri dəstəklədiyi bir vaxtda Zatulinin belə məsiliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan açıqlama kimi dəyərləndirilməılidir. Çünki Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinin həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir. Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan sadəcə erməni lobbisinin təsiri altında seperatçıları dəstəkləməkdə davam edir. Biz bilirik ki, bu, birinci hadisə deyil. Vaxtilə qondarma Dağlıq Qarabağ Respublikası adlandırlan qurumun təşkil etdiyi siyasi şouda da siyasi müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi”.

Millət vəkilinin fikrincə, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı: 

"Onlar necə yaşayırlar və rus dilinə və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavini olmaqdır. Mən əminəm ki, axtarsa belə nə Qarabağda nə də Ermənistanın əksər ərazilərində bir dənə də olsun rus millətinin nümayəndəsini tapa bilməzdi. Rus mədəniyyətinə və rus dilinə münasibətə gəldikdə isə, ermənilərin bu mədəniyyətə və dilə qarşı necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı. Çünki Nijde Qaraginə kimi bir faşistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir. Hazırda Ermənistan öz işğalçılıq siyasətində Rusiyadakı Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa və çalışır.

Yaxşı olardı ki, Zatulin ilk növbədə Rusiyanın həqiqi dostu və müttəfiqinin kim olduğunu nəhayət dərk etsin və öz mövqeyini həqiqətən rus xalqının maraqları ilə uzlaşdıra bilsin .Son dövrlərdə Rusiya-Azərbaycan münasibətləri daha da dərinləşir. Bu yaxınlaşma heç şübhəsiz ki, regionda iqtisadi inteqrasiyanı gücləndirməklə, həm də Dağlıq Qarabağ problemlərinin həll olunması üçün yeni şərtlər formalaşdırır. Görünür, Zatulinin bu cür təxribaçı bəyanatlar verməsinə səbəb də onun ermənipərəst mövqeyidir.

 Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması və problemlərinin həll olunmasını istəmir. Əlbəttə ki, zatulinlər Rusiya Federasiyasının rəsmi siyasətini müəyyən edən şəxslər deyil. Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və regionda ədalətli və qalıcı sülhün bərqərar olması üçün iki ölkə əlindən gələni edəcək”.

İsmayıl