“Zəif bənd”lər ötənilki məzunlardır
Ekspertlər Təhsil Nazirliyini suçlamağı doğru saymır
Mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb. Nəticələr heç də ürəkaçan hesab olunmur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 8 nəfəri 600 baldan yüksək nəticə göstərib. 75.58 faizi isə 0-199 bal toplayıb.
TQDK-nın açıqladığı bu nəticələr cəmiyyətdə təhsilin fiaskoya uğraması kimi dəyərləndirilib. Mikayıl Cabbarovun nazir təyinatından sonra bu istiqamətdə müsbətə doğru dəyişikliklərin olacağına ümid edənlərin də gözləntiləri özünü doğrultmayıb. Amma təhsil ekspertləri ictimaiyyət üzvləri, sosial şəbəkə istifadəçiləri ilə eyni fikirdə deyil. Onlar hesab edir ki, məlum nəticələr əvvəlki illərin məzunlarının göstəriciləri olduğu üçün aşağı olması təbiidir və onlardan yüksək nəticələr gözləmək onların bilik səviyyəsi ilə adekvat deyil.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev sözügedən nəticələrin aşağı, yetərsiz kimi qiymətləndirilməsini düzgün hesab etmədiyini vurğulayıb: "Bu uşaqların hər biri ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilmədikləri üçün kənarda qalan abituriyentlərdir. Onlar istədikləri yer üzrə keçid balını yığa bilmədikləri üçün qəbul olunmayıb. Başa düşə bilmirəm, nəticələr niyə zəif kimi qəbul olunur. Axı, bu uşaqların heç biri 2016-cı ilin məzunları deyil. Onların məktəbi bitirməsinin üzərindən 1 il keçib, hətta 3-4 il keçənlər də var. Adətən abituriyentlər orta məktəbi bitirən kimi "isti-isti” imtahan verirlər və yüksək nəticələr əldə edirlər. Bunlarda vəziyyət tamam fərqlidir. Artıq bu uşaqların yaddaşları zəifləyib, bilikləri köhnəlib. Hələ onların test imtahanı verməsini də nəzərə alsaq, vəziyyət qənaətbəxşdir. Bilirsiniz, məzun olan ili qəbul imtahanlarını testlə verəndə imtahanda yüksək nəticələr toplamaq asan olur. Amma məzuniyyətin üstündən 2-3 il keçəndən sonra artıq test imtahanı abituriyentlərə sərf eləmir, çətinləşir. Mənə elə gəlir ki, əvvəlki məzunlar qəbul imtahanını yazılı və ya şifahi şəkildə versələr, daha da yüksək nəticələr əldə edə bilərlər. Çünki artıq onların bu ilin məzunları ilə müqayisədə həyat təcrübəsi artmış olur. Dünya görüşləri sinif otaqları çərçivəsində məhdudlaşmır. Həyata daha geniş pəncərədən baxmağa başlayırlar. Özlərinə güvəni artır və bir çox yetənəkləri ortaya çıxır. Beləliklə də, orta məktəbdə öyrəndikləri bilgilər zəifləyir”.
Builki nəticələri heç də təəccüblü, araşdırılması vacib bir hadisə kimi görmədiyini vurğulayan professor deyib ki, hər halda bunlar ötən illərin "zəif bənd”ləri olduğu üçün builki göstəricilər arasında maksimum balın əldə edilməməsi də normaldır: "Sizi inandırım ki, məzun olduğu il 650-700 bal arası nəticə göstərən tələbələr yenidən qəbul imtahanlarına cəlb edilib, imtahan edilsə, heç biri 400-ü keçə bilməz”.
Təhsil eksperti Nabatəli Qulamoğlu da mövcud fiaskonu eyni səbəblərlə izah edib: "Mayın 15 -i və 22-si imtahan verən məzunlar kifayət qədər biliyi olmayan abituriyentlər olduğu üçün onların aşağı nəticələr göstərməsi qəbulolunan və başadüşüləndir”.
Bu il istisna olmaqla əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının suallarının cari ilin məzunları üçün keçirilən imtahan suallarından asan olduğunu vurğulayan ekspert deyib ki, ola bilsin, nəticələrin aşağı olması sualların bu dəfə xeyli sərtləşdirilməsi ilə də bağlı olsun:
"Ötən il may və iyul ayında keçirilən qəbul imtahanlarında Azərbaycan fənni üzrə qəbul imtahanına düşən sualları araşdırdım. Əvvəlki illərin məzunlarının iştirak etdiyi qəbul imtahanlarına düşən suallarla məktəbi qurtardığı il imtahan verən abituriyentlərə düşən suallar arasında çox ciddi fərqlər var. May ayında keçirilən qəbul imtahanlarında Azərbaycan dili fənnindən düşən suallar çox asan idi. Hətta biz bu fərqə görə, TQDK-nı tənqid də etdik. Hesab edirəm ki, biliyinin az və ya çox olmasından asılı olmayaraq bütün tələbələr bərabər hüquqludur. Birinə asan sual, digərinə mürəkkəb sual verib, sonrakı mərhələdə isə onlar arasında seçim etmək ədalətli deyil. Bu cür ayrı seçkilik etmək doğru yanaşma deyildi. Amma bu il TDQK tənqidlərdən nəticə çıxarıb, budəfəki imtahan suallarını xeyli sərtləşdirib. 76 faiz abituriyentin 0-199 bal toplamasının bir səbəbi də bu göstərici ola bilər. Ümid edirəm ki, iyul ayında imtahan verən məzunlara verilən suallar da mahiyyət etibarı ilə bu suallardan fərqlənməyəcək”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı nəticələrə əsaslanıb bütövlükdə təhsil sistemini qiymətləndirməyin əleyhinə olduğunu vurğulayan N.Qulamoğlunun sözlərinə görə, bu nəticələr yekun qiymətləndirmənin aparılmasından asılıdır. Monitorinqlərin əsas göstəricisi test suallarıdır. Suallar çətin olduqda müvəffəqqiyyət qazanan abitruyentlərin sayı da çox az olur. Testlər asan olduqda isə nəticələr yüksək olur: "Hər şeydən əvvəl bu standartlar düzəldilməli və sonra təhsilin səviyyəsi həmin meyarlarla qiymətləndirilməlidir. Təbii ki, təhsilimizin ümumi səviyyəsi məni qane etmir və aparılan islahatların heç bir nəticəsi görünmür. Azərbaycan təhsili sabiq nazir Misir Mərdanovun dövründə hansı səviyyədə idisə, elə ordada da qalıb. Düzdür, Mikayıl Cabbarov təhsil sahəsinin inkişafına nail olmaq üçün müəyyən cəhdlər edib, amma bu inkişaf onun imkanları xaricində olduğu üçün atılan addımlar heç bir effekt verməyib. Çünki bu məsələ nazirlə yox, ictimai quruluş, dövlətin və vətəndaşların təhsilə münasibəti ilə bağlıdır. Ortaya kompleks yanaşma qoyulmadığı təqdirdə nazirin həyata keçirdiyi islahatların da nəticəsiz qalması başadüşüləndir. Valideynlər uşaqlarının biliyinin olmamasına görə naziri qınayır, müəllimləri söyürlər. Halbuki, heç onlar özləri də üzərlərinə düşən məsuliyyəti yerinə yetirmirlər. Eləsi var pulunu repititorlara tökür, amma bir dəfə maraqlanmır ki, görən bu uşaq nəsə oxuyur, yoxsa yalandan gedib gəlir. Eləsi var oxuyan uşağın kürəyindən çantasını çəkib alır, əlinə də çomaq verir ki, get qoyunları otar. Acından ölməyək. Oxuyanların əli bala batıb, səninki də yağa batacaq?!
Bütün bu problemlər uşaqların qəbul imtahanlarında aşağı nəticələr göstərməsi üçün təyinedici faktor olmasa da, mənfi təsirləri çox böyükdür”.
Şəymən