Zəmanə onları dəyişir

30-35 yaşdan yuxarı xanımlar alkoqolizmdən əziyyət çəkirsə, deməli bu, araşdırılması gərəkən bir məqamdır
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədovanın sözlərinə görə, alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə 21 909 nəfər xəstə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır.
O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: "Alkoqolizmdən xüsusən 30 - 35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadın olub”.
Bəs, 30-35-dən yuxarı yaş dövründə olan qadınların alkoqolizmdən əziyyət çəkməsini hansı amillərlə əsaslandırmaq olar? Bu yaşda olan və hələ ailə həyatı qurmayan, ya da uğursuz evlilik yaşayan qadınları bu kateqoriyaya aid etmək mümkündürmü?
Məsələ ilə bağlı "Şərq”ə danışan psixoloq Orxan Orucun sözlərinə görə, həqiqətən də 30-35 yaşdan yuxarı xanımlar alkoqolizmdən əziyyət çəkirsə, deməli bu, araşdırılması gərəkən bir məqamdır. Psixoloq bildirib ki, adətən qadınların bu dönəmi bir qədər krizis dönəmi hesab olunur:
"Xüsusilə ailə həyatı qura bilməyən xanımlar üçün sanki həyat geridə qalıb düşüncəsi olur. "Daha mən heç kimə lazım olmayacam”, "heç kimlə ailə həyatı qura bilməyəcəm” kimi düşüncələr onları tərk etmir. Bu cür yanaşma onlarda içkiyə meyil yarada bilər. Sözsüz ki, buna cəmiyyətin də təsirləri var. Digər tərəfdən o yaş dönəmində uğursuz ailə quran insanlar da var ki, ailələri uğursuz olduğu üçün özlərini bir qədər daha rahat, daha sərbəst aparmağa meyilli olurlar.
Məsələni dəqiq araşdırmadan nəyisə demək düzgün deyil, sadəcə olaraq belə bir fərziyyələr var ki, bu yaş dövründə qadınların alkoloqizmdən əziyyət çəkməsinin müxtəlif səbəbləri bilər. Ümumiyyətlə, son dövrlərdə cəmiyyətimizdə qadınlar açıq formada və rahat şəkildə alkoqol içkilərdən və siqaretdən istifadə edirlər. Bəzən bunu heç kimdən gizlətmirlər. İstənilən restoranlarda alkoqol içki qəbul edən xanımlar görə bilərik. Bunun yaxşı və ya pis olduğunu söyləmək isə doğru deyil. Yəni, cəmiyyətin hər dövrü üçün müəyyən tələbləri var. Bu tələblər formalaşır. 
Deyək ki, "qadınların içki içməsi pis bir şeydi, gəlin həmin xanımları cəmiyyətdən təcrid eləyək”- belə bir yanaşma da doğru deyil. Sadəcə olaraq hər cəmiyyətdə hər dövrdə özünəməxsus dəyərlər, vərdişlər formalaşır. Yəqin ki, indiki dönəmdə o vərdişlərin formalaşmasının vaxtıdır ki, xanımlar rahat şəkildə içki və ya siqaretdən istifadə edə bilirlər. 
Bu, bir tərəfdən xanımlara cəmiyyətimizdə verilən sərbəstliyi və qadın hüquqlarının qorunması görüntüsü yaradır. Digər tərəfdən isə sözsüz ki, qadın və ya kişi olmasından asılı olmayaraq istənilən halda alkoqol içkilərdən istifadə eləmək, pis vərdişlərə qurşanmaq heç də yaxşı bir şey deyil. Bunu genderə bölüb deyə bilmərik ki, "kişilərin belə etməsi yaxşıdı, amma qadınların bu cür vərdişlərə yiyələnməsi düzgün deyil”. Yəqin ki, bütün bunlar dövr və zamanın tələbidir”.
Yeganə Bayramova