“Hər halda, onlar müayinə olunub, lazımi analizləri versələr yaxşıdır”
Azərbaycanlı zəvvarlardan bəzisinin səhhətində problemlər yaranmasına dair məlumatlar verilir. Azərbaycanın Həcc missiyasından APA-ya bildirilib ki, bu, Ərəbistan yarımadasına xas keçici virusdur, lakin insan həyatı üçün təhlükə törətmir. Səhhətində problem yaranmış zəvvarlara ambulator yardım göstərilib və onlar Həcc əməllərini yerinə yetirməyə davam ediblər.
Zəvvarların yoluxduğu hansı virusdur, bu haqda isə məlumat verilmir.
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla zəvvarların Həcc ziyarətində sanitar-gigiyenik qaydalarına riayət etməsini vacib sayır:
- Həcc ziyarətində zəvvarların xəstələnməsi xarakterik hal hesab edilir. Səbəblərdən biri zəvvarların uzaq məsafələr qət etməsi, bir qitədən digərinə səyahət, iqlim dəyişikliyidir. Çox zaman məhz kəskin iqlim dəyişikliyi zəvvarların səhhətində problemlər yaradır. Bəzən turistlərdə bu problemlər yaşanır. Hətta bir ölkə daxilində bir yerdən digərinə səyahət edən insanlarda da bəzən sağlıq problemləri üzə çıxır. İnsan daim içində olduğu mühitə adaptasiya vəziyyətdədir. Ondan kənara çıxdıqda, sağlıq durumunda problemlərin baş qaldırması gözləniləndir.
Həcc ziyarəti isə ağır bir mərhələdir. Səudiyyə Ərəbistanının iqlim şəraiti fərqlidir. Zəvvarlar da bəzən səhhətlərinə fikir vermir. İsti havada soyuq su içirlər, havalandırma sistemi güclü olan məkanlarda əyləşir, sərinləmək istəyirlər. İsti havadan dərhal soyuq mühitə keçid orqanizmdə problemlər yaradır. Hər zaman zəvvarlara məsləhət görülür ki, ziyarətdə ikən tibbi maskalardan istifadə etsinlər. Şəxsi gigiyenaya diqqət etsinlər. Şübhəli ərzaqlar qəbul etməsinlər. Yaşlı, səhhətində problemlər olan, xroniki xəstəlikləri olanlar ziyarəti çətin keçirə bilir. Çünki şərtlər ağırdır. Zəvvarlarda sadə soyuqdəymə də ola bilər. Lakin qayıdışda təkrar iqlim dəyişikliyinə məruz qalacaqlarından adi soyuqdəymə də çətin sağala bilir. Bütün hallarda zəvvarlarımız sağlamlıqlarına diqqət etməlidirlər.
Virusa gəlincə, onun adı açıqlanmayıb. Ona görə də nəsə demək mümkün deyil. Hər halda, zəvvarlarımız müayinə olunub, lazımi analizləri versələr yaxşıdır.
Qeyd edək ki, ötən illərdə Səudiyyə Ərəbistanında korona - virus (dəvə virusu), MERS virusu yayılmışdı. Hazırkı virusun nə olduğu isə hələ bilinmir.
Məlahət Rzayeva