Ziya Məmmədovun “qoçuları” yenə cəzasız qalacaq

Sürücülər bu işin arxasınca getməyəcəklər, sabah başqa oxşar hadisə yaşanacaq



Nəqliyyat sahəsində özbaşınalıq davam etməkdədir. Artıq cəmiyyətdə özləri barədə bir qoçu dəstəsi imici formalaşdıran Nəqliyyat Nazirliyinin müfəttişləri son illər sözün həqiqi mənasında şəhərdə at oynadır.

Sürücülərə qarşı zor tətbiq etməyi az qala vərdiş edən Nəqliyyat Nazirliyinin müfəttişləri o qədər harınlayıblar ki, artıq işlərinin taksi sürücülərini döymək, təhqir etmək olduğunu zənn edirlər. Elə bu düşüncə ilə də NN müfəttişləri taksi sürücülərini döyə-döyə haqq alırlar. Nəqliyyat müfəttişlərinin budəfəki qurbanı isə dünən 20 yanvar dairəsində üzərinə benzin tökərək özünü yandıran və bunu etməzdən əvvəl də Nəqliyyat Nazirliyinin ünvanına ittihamlar səsləndirən Arzuman Hümbətov olub.

Belə ki, o, Nəqliyyat Departamentinin əməkdaşları ilə mübahisə edib. O, əsəbiləşərək üstünə benzin tökərək özünü yandırıb.

Qeyd edək ki, A.Hümbətov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.

Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub. İlkin ehtimallara görə, A.Hümbətovun nəfəs borusu da xəsarət alıb.

Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov isə mətbuata açıqlamasında deyib ki, özünü yandıran şəxs taksi sürücüsü olmayıb. Sözügedən şəxs Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford” markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib”.

Ekspert Azər Allahverənovun sözlərinə görə, nəqliyyat müfəttişlərinin taksi sürücülərini döymək, maşını doğru yerdə saxlamadığı üçün zor tətbiq etmək səlahiyyəti yoxdur. Müfəttişin öz vəzifələri var və ondan kənara çıxmamalıdır: "Bir kəsin etdiyi qanunsuzluğun qarşısı digər qanunsuz əməllərlə alınmamalıdır. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı mübarizənin qanuni yolunu tapa bilməyən bu struktur başlayır belə əməllərlə onlarla mübarizə aparmağa”.

Ekspert deyib ki, qanun-qaydanı pozan sürücülər var ki, onlara qarşı tədbirlər görülməsi vacibdir. Amma heç kimin vətəndaşa zor tətbiq etməyə haqqı yoxdur: "Hər bir problem qanun müstəvisində öz həllini tapmalıdır. Qanun heç kəsə imkan vermir ki, hansısa məsələni öz istəklərinə uyğun reallaşdırsın. Əgər hansısa sürücü qeyri-qanuni şəkildə sərnişindaşıma ilə məşğul olursa, bu əməlinə görə mütləq məsuliyyətə cəlb olunmalıdır.

İcra qurumunun əməkdaşı ilə taksi sürücüləri arasındakı qarşıdurmalar məhz ondan irəli gəlir ki, hər iki tərəf əksər zamanlarda öz səlahiyyətləri çərçivəsindən kənara çıxırlar. Bir-birinə qarşı haqlı və ya haqsız ittihamlar, təhqiramiz ifadələr, etikadan kənar davranışlar sərgiləyirlər. Bu da son nəticədə fiziki gücün sərf olunmasına gətirib çıxarır ki, bu da qanunsuzluq və özbaşınalıqdır. Ədalət naminə onu da deyim ki, taksi sürücülərinin içərisində də qanunsuz, sənədsiz fəaliyyət göstərmək istəyənləri də az deyil. Təbii ki, onların da vergilərə cəlb olunması zəruridir. Amma qanun çərçivəsində. Daha döyüb-öldürməklə yox. Qanunsuz fəaliyyət göstərən taksi sürücülərini qanuna cəlb etmək üçün nazirlik daha sivil və doğru yol fikirləşməlidir. İnsanların qanını tökməklə, onları intihara vadar etməklə onları qanuna cəlb etmək düzgün iş deyil. Amma çox təəssüf ki, bizdə bu məsələ çərçivədən çıxıb və böyük bir problemə çevrilib”.

A.Allahverənovun sözlərinə görə, sürücülərə qarşı zor tətbiq edən müfəttişlərin cəzasız qalmasında sürücülərin də payı var. "Təəssüfləndirici hal ondan ibarətdir ki, Nəqliyyat Nazirliyi işçilərinin əməllərindən əziyyət çəkən vətəndaşların çoxu həmin hərəkətlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmir və nəticədə belə özbaşınalıq əmələ gəlir. Onlar mətbuatı məlumatlandırmaqla kifayətlənirlər. Amma bu, məsələnin həlli deyil”.

A.Allahverənovun sözlərinə görə, nəqliyyat müfəttişləri ilə sürücülər arasındakı qarşıdurmalara son qoymaq üçün tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər: "Hesab edirəm ki, müvafiq qurumlara psixi cəhətdən hazırlıqlı olan, emosiyalara qapılmayan və qarşısındakı insanlara qarşı kifayət qədər dözümlülük nümayiş etdirən insanlar cəlb olunmalıdır. Hətta insanlarla daimi kontaktda olan insanlar üçün xüsusi hazırlıq kursları təşkil olunmalıdır. Yol hərəkəti qaydalarını pozan sürücü hər nə qədər məsuliyyət daşıyırsa, sürücülərə qarşı fiziki güc göstərən, onları təhqir edən müfəttişlər də bir o qədər günahkardır. Hesab edirəm ki, bu cür hərəkətlərə yol verən nazirlik işçiləri çox sərt şəkildə cəzalandırılmalıdır. Ən azından Nəqliyyat Nazirliyinin imicinə xələl gətirən istənilən qeyri-qanuni əməllərin qarşısı təxirə salınmaz dərəcədə alınmalıdır. İnandırım sizi ki, döyülən, hücuma məruz qalan sürücülər hüquq-mühafizə orqanlarına şikayət edib, öz haqlarını tələb etsələr və sonuna qədər şikayətçi olsalar, həmin müfəttişlər mütləq məsuliyyətə cəlb olunar. Amma sürücülər işin arxasınca getmir. Əgər şikayətlər çox olsa, problemin qarşısını almaq olar”.

Şəymən