Müəllimlər də bezib, valideynlər də, deyəsən məktəblərdə mürəkkəb qiymətləndirmə sistemi ləğv ediləcək
“Müəllim özü şagirdin səviyyəsini müəyyənləşdirib qiymət yaza bilər, bu qiymətlə də buraxılış imtahanı qiymətini birləşdirib attestat vermək olar”
Orta məktəblərdə summativ qiymətləndirməyə "əl gəzdiriləcək”. Tam ləğv olunmur, sadəcə, müəyyən dəyişikliklər edilməsi gözlənilir. Bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Hazırda layihə sənədi müzakirə mərhələsindədir.
Təklif edilir ki, birinci siniflərdə summativ qiymətləndirmə, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmə ləğv olunsun, yalnız kiçik summativlər saxlanılsın.
5-9-cu siniflərdə isə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlər aparılsın.
Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur.
Hələlik bunlar təklif şəklində müzakirədədir. Təsdiq olunacağı halda 2018-2019-cu tədris ilində tətbiq ediləcək.
Qeyd edək ki, summativ qiymətləndirmələr neçə ildir ki, şagirdləri də, müəllimləri də, valideynləri də bezdirib. Mənası, məqsədi, məramı düz-əməlli bilinməyən summativ qiymətləndirmələrin müəllimlərin işini daha da çətinləşdirdiyi deyilir. Görəsən, birdən-birə kimin ağlına gəlib ki, summativlər ləğv edilsin?
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında yeni qiymətləndirmə sisteminə əvvəldən bəzi iradları olduğunu dedi:
- Köhnə təhsil sistemində yarımillik və illik qiymətləndirmə sistemi vardı. Köhnə sistemdəki yarımillik qiymətləndirmə indi kiçik summativ, yekun qiymətləndirmə isə böyük summativ qiymətləndirmə adlanır. Hansı tərəfdən baxsan, fərq adlandırmadadı. Dünya praktikasında belədir ki, 1-ci siniflərdə ümumiyyətlə, qiymətləndirmə aparılmır. Şagirdin dərsi qavrama dərəcəsi sözlərlə yazılır; afərin, yaxşı, zəif... və s. Mən lap əvvəldən bu fikrin üzərində dayanmışam ki, qiymətləndirmə ümumiyyətlə, nisbidir. Dahi kimyaçı Mendeleyev məktəbdə oxuyarkən kimya fənnindən "3” alıb. Amma sonra kimya üzrə əvəzsiz alim olub. Şagirdin təhsildə nailiyyəti özünü dərklə bağlıdır. Hansı şagird ki, özünü dərk edə bilir, tədris prosesində də müvəffəqiyyət qazanır. Bu qiymətləndirmələrsə sadəcə, şagirdləri biri-birindən fərqləndirmək üçündür.
Yəni, bu şagird yaxşı oxuyandır, bu, pis oxuyan. Halbuki, müəllim özü hansı şagirdin dərslərinə çalışqan olduğunu, tədris proqramını mənimsədiyini qiymətləndirmə aparmadan da bilməlidir.
Mən əvvəldən bu cür yeni qiymətləndirmə sisteminə qarşı olmuşam. İndi görünür, dərk edirlər ki, belə mürəkkəb qiymətləndirmə sistemi lazımsızdır və istəyirlər sadələşdirsinlər. Lap yaxşı, sadələşdirmələri yaxşıdır. Praktika da göstərir ki, hazırkı qiymətləndirmə sistemi hamıya ziyanlıdır - müəllimə də, şagirdə də, valideynə də. Nə qədər kağız sərf olunur, cədvəldən istifadə edilir, buna xeyli vaxt gedir. Qiymətləndirməni mürəkkəbləşdirmək yox, sadələşdirmək lazımdır. Müəllim özü şagirdin səviyyəsini müəyyənləşdirib qiymət yaza bilər, bu qiymətlə də buraxılış imtahanı qiymətini birləşdirib attestat vermək olar. Bizim təhsildə vahid qiymətləndirmə sistemi hələ müəyyənləşməyib. Məktəblərin bəzisində 5 ballıq sistem, bəzisində 100 ballıq sistemdir. Vahid qiymətləndirmə yoxdur.
Məlahət Rzayeva