Z.Məmmədli :"Siyavuş Novruzovun fikirlərində haqlı məqamlar var"



"Kriminal hadisələr baş verən zaman xəbər saytları məlumatları dərc etmək üçün rəqabətə girir. Lakin bu cür xəbərləri tələsik şəkildə necə gəldi yaymaq düzgün deyil”.

Bunu Sherg.az-a millət vəkili Siyavuş Novruzovun kriminal xəbərlərin dərc olunmasına dair etirazına münasibət bildirərkən tanınmış media eksperti Zeynal Məmmədli deyib. 

O həmin xəbərlərin yayılması ilə bağlı deputatın fikirlərinə haqq qazandırıb:

"Siyavuş Novruzovun fikirlərində haqlı məqamlar var ki, kriminal xəbərlərin araşdırılmadan ictimaiyyətə çatdırılması kimi qeyri-peşəkar hallar baş verir. Burada ictimai rəyin formalaşdırılması kimi məqamları nəzərə almaq lazımdır. Lakin bunu qadağan etməklə də nəyə isə nail ola bilmərik. İnformasiyanı elə şəkildə çatdırmaq lazımdır ki, bu, yaxşı bir virus kimi yayılıb, başqalarına da xəbəri həmin tərzdə yayımlamağa şərait yaratsın. Kriminal xəbərlərin yayılmasını ictimai önəmi, səbəbləri də var. Hadisəni xəbərləmək yox, maksimum çalışmaq lazımdır ki, bu səbəblərlə bağlı araşdırmalar, onların aradan qaldırılması üçün metodlar təklif olunsun, polemikalar aparılsın. 

Yoxsa, sadəcə filankəs filankəsi öldürdü kimi xəbərlər yazıb, yaymaq düzgün deyil. Hətta öldürməyin vasitələrini, texnologiyalarını belə dərc edirlər. Orada da insan digərini nə ilə və necə öldürdüyü aydınca görünür. Mediada xüsusilə, ictimai kanallarda önəmli olan bir nümunənin yayılması vacibdir. Dövlət tərəfindən maliyyələşdirilən kanallar bu məsələdə özəllərə nümunə olmalıdır. Təəssüf ki, özəl televiziyalar məzmunca ictimailəşib, ictimai kanallar isə bir növ özəlləşib”.

Qeyd edək ki, Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov kriminal xəbərlərə etiraz edib. Deputat qeyd edib ki, informasiya təhlükəsizliyi baxımından qanun layihəsi bir qədər də sərtləşdirilməlidir.

Ayyət Əhməd