Bir tərbiyəsiz ərəbə görə mədəni ərəbi soymaq aşkar qanun pozuntusudur
Otel və restoranlarda konkret qiymətlər olmalıdır
“Ərəb turistlərinə qarpızı 40 manata satmaq, 2 min manat hesab əvəzinə 25 000 manat hesab almaq vicdansızlıqdan başqa bir şey deyil”.
Bunu feysbuk profilində iqtisadçı-ekspert, tanınmış jurnalist Qadir İbrahimli yazıb.
Ölkəmizə gələn xarici ölkə vətəndaşlarından artıq pul alınmasını sərt tənqid edən iqtisadçı vurğulayıb ki, heç bir Avropa ölkəsində belə fantastik qiymətlər oxumurlar:
“Baxmayaraq ki, avropalılar da bizə, elə biz ərəblərə baxdığımız kimi baxırlar. Bəzi restoran məmurlarının ərəblərə 50-100 qat qiymət oxuması ləyaqətsizlikdir. Bəziləri guya ərəblərə nifrət etməsi səbəbindən buna haqq qazandırmağa çalışır.
Özü də haqq qazandıranların çoxu insan hüquqları ilə bağlı nağıl danışanlardır.
Ancaq insan hüquqları heç bir irqi ayrı-seçkiliyə görə istisnalar etmir. Fərq etməz, ingilis, fransız, yəhudi, fars və ya ərəb olsun.
Şəxsən mən ərəb kultunu qəbul etmirəm. Ancaq ərəbdən dələduzluq yolu ilə pul qoparılmasını vicdansızlıq kimi qəbul edirəm.
Ərəb restoranda hamı kimi müştəridir. Müştərinin etnik kimliyi isə heç bir əhəmiyyət daşımır. Necə ki, biz Avropada restorana gedəndə azərbaycanlı olmağımızın restoran sahibinə heç bir dəxli olmadığı kimi. Menyu var, qiymətlər var, kim nə sifariş edibsə, adekvat da ödəniş etməlidir”.
İqtisadçı-jurnalistin narazılığını “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, insan hüquqları hamıya şamil edilməlidir. Onun sözlərinə görə, etnik, dini, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hamıya eyni gözlə baxılmalıdır:
“Mal və xidmətlərin vahid qiymətləri var və bütün müştərilərə aid edilməlidir. Turistlərə qarşı dələduzluq qanun pozuntusu olmaqla yanaşı, həm də ölkəyə ciddi zərər vurmaqdadır.
Araşdırmalara görə, bir turistin təəssüratları azı 20 nəfərin fikrinə təsir göstərir. Bizim turizm obyektləri, otel və restoranlar astronomik qiymətlərlə turistləri soymaqla milyonlarla potensial turistin itirilməsinə səbəb olurlar.
Turizm sektoruna qoyulmuş vəsaitlər batır, turizm bir sahə kimi tənəzzülə uğrayır.
Turistlər Rusiya, Ukrayna və Gürcüstana üz tuturlar. Bu vəziyyətin qarşısını almaq üçün belə hallara qarşı çox sərt cəzalar və cərimələr qoyulmalıdır”.
İqtisadçının sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, əksər kafe və restoranlarda yeməklərin və içkilərin adı, qiyməti yazılmış menyular olmur: “İaşə obyektlərində, bazar və dükanlarda mal və xidmətlərin qiyməti yazılmır. Bu tam biabırçılıq və aşkar qanun pozuntusudur. Bu halda müştəriyə istənilən qiyməti deyir və onu aldadırlar, istər turist olsun, istər yerli vətəndaş. Bu kimi hallar müvafiq dövlət orqanlarının işləmədiyini göstərir və qəsdən belə vəziyyət yaradırlar. Buna görə də onların məsul şəxsləri buna görə ciddi cəzalandırılmalıdır”.
E.Bayramlının sözlərinə görə, bəzi ərəblərin, pakistanlıların və başqalarının tərbiyəsizliyi etnik amillə bağlana bilməz və həmin millətdən olan turistləri soymağa əsas verə bilməz:
“Burada hər şey qanun və qaydalar əsasında tənzimlənməlidir. Dünyada elə bir millət yoxdur ki, hamısı pis olsun, ya da hamısı yaxşı olsun. Hər millətdən yaxşı və pis insanlar var. Bir tərbiyəsiz ərəbə görə mədəni ərəblərə niyə problem yaranmalıdır? Heç kim başqasının hərəkətlərinə cavabdeh deyil və ola da bilməz. Otel və ya istirahət mərkəzinin qaydaları olmalıdır. Bu qaydaları pozanlar üçün qanuna uyğun şəkildə cərimələr açıq yazılıb vurulmalıdır və ya müştərilərə verilməlidir. Bu hallara yol verildikdə onlar sadəcə cərimə olunmalı, vurduqları zərəri ödəməlidirlər”.