Sosial xidmət layihələrində çalışanların sayı bilindi

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda 200-ə yaxın mərkəzdə günərzi qayğı, reabilitasiya, psixoloji yardım, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım, surdoloji, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlərə dəstək və digər istiqamətlərdə 10 minədək şəxsə xidmətlər göstərilir.

Eyni zamanda, nazirliyin sifarişi və maliyyə dəstəyi ilə QHT-lərin icra etdiyi sosial xidmət layihələri ölkədə yeni iş yerlərinin açılmasına, məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verib.

Hazırda həmin layihələrin icrası işlərində hər biri ilə əmək müqaviləsi bağlanılmaqla 1586 nəfər çalışır.

Onların sırasına layihə menecerləri, sosial işçilər, psixoloqlar, uşaq inkişafı mütəxəssisləri, tərbiyəçilər, pedaqoqlar, loqopedlər, aileye destek terapevtləri, müxtəlif dərnəklərin rəhbərləri, nevropotoloq, fizioterapevtlər, mühasiblər, aşbazlar, xadimələr və digərləri daxildir.