Bakıda keyfiyyətsiz içkidən zəhərlənib ölənlərlə bağlı rəsmi açıqlama verildi

Ötən gün iaşə obyektlərində baş verən və ölümlə nəticələnən zəhərlənmə faktı ilə bağlı araşdırma hələ yekunlaşmayıb. Bunu Oxu.Az-a açıqlamasında AQTA-nın sədr müşaviri Elxan Mikayılov deyib. 

O bildirib ki, zəhərlənmə faktı ilə bağlı hadisələrin nisbətən çoxalması təəssüf doğurur:

“Cari il ərzində 694 ümumi zəhərlənmə faktı olub. Alkoqollu içkilərdən zəhərlən halları daha əvvəllər də müşahidə edilirdi, bu gün də müşahidə edilir.

Azərbaycanda zəhərlənmə stastistikasının böyük hissəsini məişət şəraitində zəhərlənmələr təşkil edir. Xüsusilə kustar üsulla qablaşdırılmış turşulardan zəhərlənmələr ümumi zəhərlənmə faktlarının təxminən 90 faizini təşkil edir. 

Bunlar arasında ictimai iaşə obyektlərində alkoqoldan zəhərlənmələr daha azdır. Ancaq narahatedici məqamlar çox olduğundan biz bu istiqamətdə işlər aparırıq”.

Qeyd edək ki, dünən Bakıda iki nəfərin texniki spirtdən hazırlanmış keyfiyyətsiz viskidən zəhərlənərək ölməsi, bir nəfərin isə kor olması barədə məlumat yayılıb.