“Kupça”sız evlər problemi: "Səbəb süründürməçilik və rüşvətxorluqdur"


“Təbii ki, bu cür korrupsiya hallarına qarşı mübarizə aparılmalıdır”

Sahib Məmmədov:“Dövlət reystrindən çıxarış vermək adı ilə rüşvət tələb edənlər mütləq cəzalanmalıdırlar"



Paytaxt Bakıda və respublikanın digər şəhərlərində sənədsiz evlər hələ də qalmaqdadır. Bir müddət əvvəl bu cür evlərə ödənişsiz sənədlərin verilməsinə dair sərəncam imzalansa da, problem hələ də qalmaqdadır.

İnsanlar nə vaxta kimi “kupça”sız evlərdə yaşadıqlarına görə narahatlıq keçirməlidirlər? 



Sualımızı cavablandıran hüquq müdafiəçisi Sahib Məmmədov da “Sherg.az”a açıqlamasında ölkədəki mənzillərin təxminən yarısının “kupça”sız olduğunu bildirib:

 “Qanuna əsasən daşınmaz əmlaklar dövlət reyestrinə alınmalı və bu reyestrə uyğun olaraq vətəndaşlara çıxarışlar verilməlidir. Ancaq dövlət reystrinə alınmamış xeyli sayda mənzil var. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Obyektiv səbəblər ondan ibarətdir ki, heç də bütün tikililər dövlət reyestrinə alına bilməz. Məsələn, kommunikasiya xətləri üzərində tikilən və ya mövcud standartlara cavab verməyən tikililər heç bir halda dövlət reystrinə alına bilməz. Subyektiv səbəblər isə daha çox süründürməçiliklə, məmurların rüşvətxorluğu ilə bağlı ola bilər. Ancaq təbii ki, bu cür korrupsiya hallarına qarşı mübarizə aparılmalıdır”. 

S.Məmmədovun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrinə alınması zamanı müəyyən rüsum ödənilməlidir:

“Yəni vətəndaşlar elə başa düşməməlidir ki, bu proses heç bir ödənişsiz həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestrinə alınması zamanı rüsum ödənilir. Bu, tam qanunidir. Heç kim bu rüsumu ödəməkdən azad edilmir. “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq rüsumun ödənilməməsi qanun pozuntusudur.

 Hüquq müdafiəçisi, həmçinin bildirir ki, dövlət reystrindən çıxarış vermək adı ilə rüşvət tələb edənlər mütləq cəzalanmalıdırlar: 

“Müvafiq qununvericiliyə görə belə şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Düzdür, korrupsiya, rüşvətxorluq hallarını sübut etmək asan deyil. Bununla belə, həmin insanlar bilməlidirlər ki, onları cəza gözləyir”.