Bu, tibb sahəsi üçün böyük məbləğdir

Şahvələd Məmmədov:“10 milyon manatla kifayət qədər ciddi işlər görmək olar” 


Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncam “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb. Qeyd edək ki, Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.

 Sərəncamla bağlı “Sherg.az”a danışan həkim Şahvələd Məmmədov qeyd edib ki, bu, kifayət qədər böyük məbləğdir:

“Əlbəttə, 10 milyon manat heç də az məbləğ deyil. Qonşu Gürcüstanda bu vəsait daha azdır. Düşünürəm ki, 10 milyon manatla kifayət qədər ciddi işlər görmək olar”. 
 
Ekspetin sözlərinə görə, müəyyən edilmiş vəsait TƏBİB-in hesabına köçürülməlidir:

“TƏBİB və Səhiyyə Nazirliyi bu işdə paralel işləyirlər. Müalicə və müayinə işlərinə Səhiyyə Nazirliyi baxır. Ancaq maliyyə məsələləri ilə TƏBİB məşğul olur”.