Vandalizm hərəkətləri artır: Sahibsiz heyvanlara işgəncə verənlər ağır cəzalandırılmalıdır

"Sahibsiz heyvnalarla bağlı maraqlı videoçarxlar hazırlamaq, onların yayımını təşkil etmək lazımdır"

Gözləri oyulmuş, cinsiyyət orqanı kəsilmiş küçüyün sosial şəbəkədə yayılmış fotosu dəhşət saçır. Sosial şəbəkə istifadəçisi Vüsal Məmmədov fotonu paylaşıb və bunları yazıb:
   
- Azərbaycanda tapıblar bu iti. Insanlara hər zaman sadiq olan, kasıb, varlı fərqi qoymayan bu itin gunahı nədi, belə ediblər?! Gozləri çıxarılıb, səbəb nədi?! Niyə axı?!. Cinsiyyət orqanı kəsilib. Xahiş edirəm, bunu paylaşın. İctimailəşdirin. Səssiz qalmayın buna. Bunu kim edibsə tapılsın. Azərbaycanda yaşayan heyvansevər dostlarım. Xəbər portallarında paylaşın!

Qeyd edək ki, paylaşıma rəy yazanların sayı çoxdur. Paylaşımlar da edilir. Rəylərdə zavallı küçüyə bu işgəncəni yaşadan, əzab verən əclaf lənətlənir. O insan deyil, İblisdir! Özünü insan sayan heç vaxt belə qəddarlıq etməz. Həm də köməksiz, dilsiz-ağızsız küçüyə. 







Sahibsiz heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar bu cür olayları pisləyir, heyvanlarla qəddar davrananların məsuliyyətə cəlb edilməsini istəyirlər. Təəssüf ki, qanunlar heç də həmişə cinayətə adekvat cəzanı nəzərdə tutmur. Bu da qəddar adamların əl-qol açmasına, cəzadan yayınmasına səbəb olur. Bu tip insanlar yüngül cərimə ilə, (hələ o da ələ keçəcəyi təqdirdə –red.) yaxalarını qurtaracaqlarına əmin olduqlarından əclaflıqlarını davam etdirirlər.     

Sahibsiz heyvanların müdafiəsi ilə məşğul olan Leyla Əlizadə sosial şəbəkədə yerləşdirilmiş fotodan dəhşətə gəldiyini söylədi: 

- Küçüyə bu cür işgəncə verilməsi, insanların getdikcə qəddarlaşması baxımından narahatlıq doğurur. Yadınızdadırsa, bir neçə il əvvəl buna bənzər hadisə baş vermişdi. Şənbə-bazar günləri xüsusi yerlərdə heyvan bazarı təşkil olunur. Bizim bir könüllü həmin gün it bazarına gedib və müşahidə edib ki, bir nəfər 20 manata küçük satır. Bir alıcı ona yaxınlaşır və küçüyü almaq istədiyini deyir, amma onu da bildirir ki, küçüyü öldürüb ona verməlidir. Satıcı bu iş üçün başqa adam tapıb. Parka gəliblər və orada küçüyü bıçaqla doğrayıblar. Bizim könüllü onların şəklini çəkmişdi. O vaxt belə xəbərlər yayılmışdı ki, guya it piyindən vərəm əleyhinə vasitə kimi istifadə olunur. Biz əlimizdə olan dəlilləri prokurorluğa təqdim etdik və həmin şəxsə qarşı cinayət işinin açılmasını tələb etdik. Prokurorluq həmin adamları tapdı. Onlar da dedilər ki, etdikləri işdən peşmandırlar. Ancaq bu, bizim xəbər tutduğumuz, təsadüfən şahidi olduğumuz yalnız bir hadisədir. Bəlkə bu cür neçə-neçə hadisələr baş verir, heç kimin də xəbəri olmur. Yaxşı ki, sosial şəbəkələr var, belə məlumatları yerləşdirirlər. Bu qəddarlığı kim edibsə, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb məsuliyyətə cəlb edilməlidir. 

L.Əlizadə qeyd etdi ki, sahibsiz heyvanları öldürməyə görə 25-40 manat məbləğində cərimə tətbiq olunur. Lakin o, bu məbləği az hesab edir: 

- Cərimənin məbləği artırılsa, insanlar belə hərəkətlər etməkdən daha çox çəkinərlər. Cərimələr də artırılmalıdır, cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır. Çünki kimlərsə tərəfindən həyata keçirilən bu cür hərəkətlər cəmiyyətdə də mənfi tendensiya formalaşdırır, vandalizm hərəkətlərinin təbliğinə rəvac vermiş olur.    
Azərbaycan 2007-ci ildə evsiz heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub. Heyvanları öldürmək qadağandır və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yalnız heyvan xəstədirsə, onun məhv edilməsinə icazə verilir. Bu da ona iynə vurulması və «yatızdırılması» yolu ilə olmalıdır. Bizdə isə  sahibsiz heyvanları toplayır, bəzən güllə ilə vururlar, heyvan yerdə qalıb saatlarla can verir. Bəzən balaca itləri tutub başını yerə çırpırlar, qəddarcasına davranırlar. Yarımcan heyvanı sonra da yandırırlar. Biz sadəcə, sahibsiz heyvanlarla humanistcəsinə davranılmasını istəyirik. Çünki onlar da canlıdır. 
Sahibsiz heyvanlarla insancasına davranılmalıdır. Biz heyvan deyilik ki, heyvani davranış sərgiləyək. Sahibsiz heyvnalarla bağlı maraqlı videoçarxlar hazırlamaq, onların yayımını təşkil etmək lazımdır. Bu cür videoçarxlar insanlarda, xüsusilə də kiçik yaşlı uşaqlarda təbiətə, heyvanlara, ümumilikdə bəşəriyyətə mərhəmət hissinin formalaşmasına böyük təsir edə bilər. 

Məlahət Rzayeva