Hər ana elə gözəllik məlakəsidir    


 Qadın necə olmalıdır? Hər zaman gözəl, səliqə ilə daranmış parlaq saçlı, gözəl görünüşlü, zər-ziba içində, hər zaman bəzək-düzəkdə...
Bir də qadın olaraq hər zaman balaca canında dünyanın yükünü daşıya bilən...

Hər kəs bilir ki, qadınların  həyatdakı rolu heç də az deyil. Hər birimizin bu həyatda olmağımızın səbəbi bizi yaradan Allahımız və Analarımızdır. 9 ay bizi ürəyinin altında bəsləyib, qoruyub, canında bir can daşıyan, dünyaya gətirən, böyüdən və bu yolda kipriyi ilə od götürən Analar… 
Dostlar, gəlin bir şeyi unutmayaq,  bir qadının həyatı gözəl ola bilər. Varlı, imkanları yerində, baxımlı. Digərininki isə çətinliklərlə çarpışan, həyatın yükünü zərif şiyinlərinə yükləyərək, irəliləməyə çalışan, balalarının, həyat yoldaşının, digər ailə üzvlərinin qayğıları ilə daim başı qarışıq olan, mətbəxdə əlləşən, evin təmizliyinə baxan, bazar-dükan yolunda əldən düşən, ictimai nəqliyyatlarda saatlarla vaxt itirən, kasıb, baxımsız…
Birincisi gözəl görünür. Bəs ikinci? Cavabını siz də bilirsiniz…

Mən bu düşüncədəyəm: Birincisi, xanım deyəndə onların əyin-başına, pal-paltarına, üz-gözünə baxmayın. İkincisi, onların maddi vəziyyətinə, statusuna baxmayın. Üçüncüsü, kimin həyat yoldaşı, kimin qızı, kimin gəlini və ya kimin “adamı” olduğuna baxmayın.

Sadəcə, bu 2 fərqli həyat tərzinə malik olan, 2 fərqli vəziyyətdə olan iki qadını yan-yana tutun. Onların hər ikisi QADIN-dır, hər ikisi xanımdır. Unudun onların maddi vəziyyətlərini, geyim-kecimlərini, həyat tərzlərini. Hər ikisinə BİR gözlə baxın. Beyninizdə bir günlük həmin xanımların yerlərini dəyişdirin.
(Şərti olaraq onlardan birini “işçi”, digərini isə “baxımlı” xanım adlandıraq) “İşçi xanım” qoy bircə günlük arzuladığı o həyatı yaşasın - Səhər yuxusunu almadan yataqdan qalxmasın. Oyananda, tələsmədən öz yerində “oynasın”, ətrafa baxsın. Sevinsin, rahat nəfəs alsın, “durub nəyi necə edəcəm?”, “nə bişirim, nə edim, necə çatdırım?” fikirlərindən uzaq bir xanım olaraq ayağa dursun, duş alsın, günlərcə daramağa vaxtı olmadığı saçını səliqəyə salsın, özünə baxsın, səhər yeməyi önünə gəlsin. Sonra o da bahalı geyimlərini geyinsin, qır-qızılını taxsın... Olsun gözəl bir - “xanım-xatın”. 

Gəlin indi digər “baxımlı” xanıma nəzər yetirək. Başını əllərinin arasına alıb, bilmir hardan və nədən başlasın. Bir anda nə “baxım” qaldı, nə gözəllik. Əziz oxucu! Elə zənn etməyin ki, mən bu müqayisələrlə hansısa bir kəşf etmək fikrindəyəm. Əsla… Bunlar sadəcə olaraq həyatın real mənzərəsidir. Onların hər ikisi - necə yaşamalarından asılı olmayaraq qadındır. Qadının isə həyatda çox missiyası var. Qadının ən böyük uğuru və gözəlliyi onun ANA olmağındadır. Zənnimcə, hər bir ana elə gözəllik məlakəsinin özüdür. Gözəl olmayan qadın yoxdur. Sadəcə olaraq özünə baxan və özünə, xarici görkəminə baxmağa, vaxtı və imkanı olmayan xanımlar var. Mütləq özünüzə baxın, xanımlar!
Siz həmişə və hər halınızla sevimlisiniz! 

Nərminə İsmayılova, tələbə