Qaxda “Könüllü qonaq” Nüyvər nənənin evinə baş çəkib


Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax rayonunun gəncləri də böyük həvəslə qoşulublar. Layihə çərçivəsində Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri rayon sakini Nüyvər nənənin evinə baş çəkib, ona qayğı göstəriblər.




Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, belə layihələrin həyata keçirilməsində əsas məqsəd qayğıya xüsusi ehtiyacı olan insanlara dayaq olmaq, yeniyetmə və gənclərdə yaşlı nəslə hörmət və məhəbbət hissi aşılamaqdır.
“Könüllü qonaq”lar Nüyvər nənəni 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onun əhvalı ilə maraqlanıb, evində təmizlik işləri aparıb, həyət və bağçada səliqə-səhman yaradıblar.




Direktor qeyd edib ki, belə tədbirlər davamlı xarakter daşıyacaq. Növbəti günlərdə “Peşəkarlarla yan-yana”, “Sərhədsiz gəncliyimiz”, “Gənc istedad”, “Kəndimizin ritmi” və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.