Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.

Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.