“İdmanda terror” mövzusunda dəyirmi masa keçirilib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi yeni çağırışları, beynəlxalq təcrübədən irəli gələn məsələləri, ölkəmizdə idmanın təhlükəsizliyinin təminatını nəzərə alaraq, Gənclər və İdman Nazirliyi və hüquq-mühafizə orqanlarının dəstəyi ilə “İdmanda terror” mövzusunda dəyirmi masa təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman siyasətinin inkişafının, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda təhlükəsizliyin təminatının dünyanın aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O vurğulayıb ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz göstəricisidir. R.Abbasov belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra hüquq-mühafizə orqanlarının eksperti hazırlanmış slaydlar vasitəsilə dəyirmi masa iştirakçılarına müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.

Tədbirdə paytaxt rayonlarının gənclər və idman idarələrinin, federasiyaların rəsmiləri, klub və cəmiyyətlərin məşqçi, hakim və idmançıları iştirak ediblər.

Sonda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar hüquq-mühafizə orqanlarının eksperti tərəfindən cavablandırılıb.