Deputat:“Yoluxma sayında artım olsa, qaydalar sərtləşə bilər”

 “Vətəndaşlar karantin qaydalarına əməl etməli və daha məsuliyyətli davranmalıdırlar” 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. 

Deputat bildirib ki, vətəndaşlar arasında hələ də bu virusun təhlükəsini anlamayanlar var: 

“Hazırda ölkəmizdə pandemiya sonrası dövrə hazırlıq gedir və karantin rejimində yumşalmalar müşahidə olunur. Aprelin 27-də bununla bağlı ilkin addımlar atılıb. Bunun da əsas səbəbi sağalanların sayının yoluxanların sayını üstələməsidir. Ölkə rəhbərliyi bunu nəzərə alaraq, karantin prosesini yumşaltmağa qərar verib. Hətta Operativ Qərargah qadağaların tədricən yumşalacağını açıqlayıb. Əfsuslar olsun ki, bəzi vətəndaşlarımız karantin prosesinin yumşalmasını əsas gətirərək çölə çıxırlar. Vətəndaşlar ilk növbədə anlamalıdırlar ki, karantindən tez bir zamanda çıxmağın tək yolu mövcud qaydalara əməl etməkdir. Yəni yoluxma sayında yenidən kəskin artım müşahidə olunsa, qaydalar daha da sərtləşə bilər”.

Parlament üzvü bəyan edib ki, bəzi insanlar zəruri ehtiyaclarını ödəmək üçün verilən üç saatlıq icazədən sui-istifadə edirlər: 

“Bu hallar yoluxmanın artmasına və karantin qaydalarının yenidən sərtləşməsinə gətirib çıxara bilər. Koronavirusa qarşı mübarizə prosesində Azərbaycanın qazandığı uğurlar beynəlxalq səviyyədə müsbət qarşılanır. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin virusla effektiv mübarizəsini müsbət qiymətləndirir. Cənab Prezidentin pandemiya ilə mübarizədə əsas hədəfi minimum itki ilə bu ağır vəziyyətdən çıxmaqdır. Təbii ki, bu istiqamətdə vətəndaşlarımızın da üzərinə böyük yük düşür. Çünki görülən tədbirlər vətəndaşların məsuliyyətli davrandığı zaman effektli olur”.