Ölkə başçısına məktub var: “Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoydunuz”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Gəncə şəhərindən Aydın Murovdağlı dövlət rəhbərinə yazır:

 “Möhtərəm cənab Prezident, bəşəriyyətin XXI yüzilliyin birinci yarısında düçar olduğu, heç bir müasir texnologiya və silahla susdurulması mümkün olmayan, inkişaf etmiş, supergücə malik dövlətlər tərəfindən belə ram edilə bilməyən, böyük insanlığı naçar vəziyyətdə qoyan, yeni əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda bir ölkə vətəndaşı, ziyalısı olaraq xalqının taleyini hər şeydən üstün tutan, hamının sevimlisi olan, uzaqgörən, xeyli dərəcədə tədbirli ölkə başçısına üz tuturam. Siz bütün dəyərlərə yiyələnən, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, böyük insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə önəm verən, mükəmməl qətiyyətə və iradəyə malik lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə, inam hissinin gücü ilə nümayiş etdirdiniz ki, insan kapitalı Azərbaycan xalqının timsalında Sizin üçün çox önəmlidir. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən, vurğuladığınız kimi, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoydunuz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Dünyada xalqın sevgisindən, məhəbbətindən böyük mükafat yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz. Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq mən də öz növbəmdə Sizə təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Ulu Tanrı Sizi Qorusun! Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev!”.