2-ci sinif şagirdindən liderə: “Böyüyəndə Sizin kimi insanları sevəcəyəm və xeyirxah olacağam”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Goranboy şəhərindən 2-ci sinif şagirdi Mələk Mollayeva ölkə liderinə məktubunda deyir:

 “Hörmətli cənab Prezident, Siz, xalqımızla birlikdə məni, qoca nənəmi, anamı qorudunuz, bizi xəstələnməyə qoymadınız. Mən ailə üzvlərimlə birgə hər gün televiziyada xəbərləri izləyirəm. Görürəm ki, dünyanın bir çox ölkələrində hər gün çoxlu sayda insan koronavirus səbəbindən həyatını itirir. Ölkəmizdə isə vəziyyətin yaxşı olduğunun şahidiyəm.

Mən bu dünyada 5 nəfəri ən çox istəyirəm: Sizi, Mehriban xanımı, anamı, nənəmi və dayımı. Mən də böyüyəndə Sizin kimi insanları sevəcəyəm və xeyirxah olacağam. Bizi qoruduğunuz üçün Uca Tanrı da Sizi qorusun!”.