Şəhid anasından Ali Baş Komandana: “Şəhid ailələrinə xüsusi qayğı var və biz bununla təsəlli tapırıq”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Sumqayıt şəhərindən şəhid anası Gülüzar Piriyevanın məktubunda deyilir: 
“Möhtərəm cənab Prezident, mən torpaqlarımızın bütövlüyün uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. “El bir olsa, dağ oynadar yerindən” deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq. Sizə bir daha təşəkkür edirəm”.