Ekspert istisna etmir:“Ət və ət məhsullarında virusun olması...”

“Ola bilər ət və ət məhsulları açıqda saxlanıldığı üçün istifadəyə yararsız olub”



Son günlər istehlakçılar tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə çoxlu sayda müraciətlər daxil olub. Müəyyən edilib ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol veriblər.
Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib. Onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb. Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kiloqram ət, süd, un və qənnadı məmulatları, konservlər, eləcə də 435,02 litr spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.

Qida təhlükəsizliyi üzrə ekspert Vahid Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, agentliyin keçirdiyi reydlər təqdirəlayiqdir:

“Koronavirus dövründə 2 ay karantin elan olundu. Anbarlarda elə məhsullar var ki, onlar 2 ay dövriyəyə buraxılmadı, yaxud pis realizasiya olundu. Ona görə də QTA-nın keçirdiyi reydlər yerinə düşüb. Son zamanlar ət və ət məhsullarında virusun olması haqqında məlumatlar mətbuatda qeyd olunur. Ola bilər ət və ət məhsulları açıqda saxlanıldığı üçün istifadəyə yararsız olub”.