Prezidentə təşəkkür: “Hər an xalqla birlikdəsiniz. Buna görə də xalq Sizi sevir”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Salyan şəhərindən Əliqulu Babayev dövlət rəhbərinə məktubunda bildirir:

“Əziz Prezidentimiz, xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti hamı kimi, biz salyanlılar da yüksək qiymətləndiririk. Siz hər an xalqla birlikdəsiniz. Buna görə də xalq Sizi sevir. Dünyanı bürüyən pandemiyanın qarşısını vaxtında almaq üçün verdiyiniz qərarlar və göstərdiyiniz səylər hesabına bu böyük bəladan üzüağ çıxmaqdayıq. Siz fəaliyyətiniz dövründə abadlıq-quruculuq işlərinə geniş yer vermisiniz. Salyan rayonu da bunun sayəsində xeyli gözəlləşib, inkişaf edib. Rayonun Qızılağac kəndində 1000 şagird yerlik məktəb binasının tikintisinə başlanılması hamımızı sevindirdi. Hazırda tikinti keyfiyyətlə və sürətlə aparılır. Cənab Prezident, xalq üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarıq. Biz həmişə Sizinləyik”.